525 Ci Qezet - Wikipedia
525-ci qəzet — 1992-ci ildən etibarən Azərbaycan Respublikasında nəşr edilən qəzet.[1]"525-ci qəzet" Bakı Mətbuat Klubunun həmtəsisçisi, Azərbaycan Mətbuat Şurasının üzvüdür.
525-ci qəzet | |
---|---|
| |
Növ | Gündəlik ictimai-siyasi qəzet |
Format | A3 |
Təsisçi | "525" şirkəti |
Baş redaktor | Rəşad Məcid |
Baş redaktor müavini |
Yusif Rzayev Seyfəddin Hüseynli |
Redaktor | Aydın Bağırov |
Yaranma tarixi | 17 noyabr 1992 ) |
Dil | azərbaycanca |
Qiymət | 40 qəpik |
Səhifə |
16 (çərşənbə axşamı, cümə axşamı və cümə günləri) 24 (çərşənbə və şənbə günləri, rəngli) |
Ünvan | AZ1033. Bakı şəhəri, Əhməd Cəmil küçəsi 64/66 |
Şəhər | Bakı |
Ölkə | Azərbaycan |
Tiraj | 3500 |
525.az |
Tarixi
redaktə"525-ci qəzet"in ilk sayı 1992-ci il noyabrın 17-də — Milli Dirçəliş Günü nəşr olunub. Nəşrə həftəlik qəzet kimi başlayan "525-ci qəzet" 1996-cı ildən həftədə iki dəfə, 1999-cu ildən gündəlik mətbu orqan kimi fəaliyyət göstərir. Qəzet həftədə 5 dəfə — çərşənbə axşamı, cümə axşamı və cümə günləri A3 formatında 16, çərşənbə və şənbə günləri isə A3 formatında 24 səhifə işıq üzü görür. Qəzetin səhifələrində əsasən ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələrlə bağlı xəbərlər, idman, ədəbi-bədii mövzularda yazılar, şərh və analitik materiallar, müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şair və yazıçılarının, ədəbiyyat və elm adamlarının əsərlərindən nümunələr dərc olunur. Azərbaycan ziyalıları, ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Xalq yazıçıları — Anar, Elçin, Kamal Abdulla, Afaq Məsud, Elmira Axundova, Xalq şairləri — Fikrət Qoca, Nəriman Həsənzadə, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, tanınmış şair və yazıçılar — Vaqif Bayatlı Odər, Vaqif Bəhmənli, Seyran Səxavət, Aqil Abbas, Əli Əmirli, akademiklər — İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, AMEA-nın müxbir üzvləri — Misir Mərdanov, Könül Bünyadzadə, Tehran Əlişanoğlu, elmlər doktorları — Vilayət Quliyev, Solmaz Rüstəmova-Tohidi, Aida Qasımova, Cahangir Məmmədli, Qəzənfər Paşayev, Nəsir Əhmədli, Qulu Məhərrəmli müntəzəm olaraq qəzetin səhifələrində öz yazıları, bədii əsərləri və məqalələri ilə çıxış edirlər. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, alim, mərhum professor Şirməmməd Hüseynov təxminən 20 il ərzində Azərbaycan tarixi üçün əhəmiyətə malik araşdırma yazılarını müntəzəm olaraq məhz "525-ci qəzet"də dərc etdirirdi. Müxtəlif illərdə onun təşəbbüsü ilə qəzetin səhifələrində Azərbaycan mətbuatının klassik nümunələrindən — "İrşad", "Həyat", "Azərbaycan" qəzetlərindən seçmələr də yer alırdı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində "Azərbaycan" qəzetinin Cümhuriyyətin yaranmasının bir illiyinə həsr olunmuş sayı da bu nümunələrdən biri kimi "525-ci qəzet"in içərisində ayrıca qəzet kimi çap edilmişdi.
Kollektivi
redaktəYarandığı gündən yaradıcı, istedadlı gənclər üçün meydan olacağını vəd edən "525-ci qəzet" fəaliyyət göstərdiyi dövr ərzində bu vədinə sadiq qalaraq həmişə istedadlı qələm adamlarının yetişmələri, ilk qələm təcrübələrini qəzet səhifələrində dərc etdirmələri üçün maksimum imkan yaratmağa çalışıb. Təsadüfi deyil ki, bu illər ərzində "525-ci qəzet"də təcrübə qazanan onlarla gənc artıq peşəkar jurnalist kimi Azərbaycanda və xaricdə fəaliyyət göstərən ən müxtəlif media orqanlarında — qəzet, televiziya və informasiya agentliklərində rəhbər vəzifələrdə çalışırlar. Onların arasında bu gün tanınmış, müxtəlif dövlət mükafatları ilə təltif olunmuş, fəxri adlara layiq görülmüş neçə-neçə jurnalist də var. Hətta həmin gənclərin bir neçə nəfəri bu gün ayrı-ayrı hökumət və dövlət strukturlarında məsul vəzifələrdə fəaliyyət göstərirlər.
Bu gün "525-ci qəzet"də əsasən gənc jurnalistlər çalışır. Eyni zamanda, qəzetdə tanınmış qələm adamları da fəaliyyət göstərirlər. Qəzetin baş redaktoru Rəşad Məcid Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibidir. Qəzetin baş redaktorunun müavinləri tanınmış jurnalistlər — Əməkdar jurnalist Yusif Rzayev və Seyfəddin Hüseynli, redaktoru Əməkdar jurnalist Aydın Bağırovdur.
Yubiley tədbirləri
redaktə2017-ci ilin noyabr ayında — "525-ci qəzet"in 25 illik yubileyi münasibətilə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədlinin müəllifi olduğu ""525" — Zamanın sınağında" adlı irihəcmli kitab nəşr edilib. Kitabda "525-ci qəzet"in 25 illik fəaliyyəti geniş və hərtərəfli təhlil olunub, tanınmış media nümayəndələrinin, elm, ədəbiyyat, mədəniyyət xadimlərinin qəzetlə bağlı fikir və düşüncələri yer alıb.
Həmin il qəzetin 25 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetində və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda yubiley tədbirləri keçirilib. Azərbaycanın nüfuzlu pedaqoqları və elm adamları çıxışlar edərək qəzetin 25 illik fəaliyyəti ilə bağlı öz fikirlərini bildiriblər.
Akademik İsa Həbibbəyli qəzetin 25 illik yubileyi ərəfəsində qələmə aldığı ""525-ci qəzet" məktəbi" adlı yazısında qeyd edir:
Azərbaycan mətbuatı tarixində böyük məktəb yaratmış məşhur "Molla Nəsrəddin" jurnalından və "Füyuzat" məcmuəsindən sonra "525-ci qəzet" də xüsusi jurnalistika məktəbi səviyyəsinə çata bilmişdir... Müstəqillik dövrü Azərbaycan mətbuatının "525-ci qəzet" mərhələsi mövcuddur. "525-ci qəzet"in 25 illiyi müstəqil mətbuatımızın keçdiyi məsuliyyətli yolun həm şərəfli salnaməsi, həm də etibarlı bələdçisidir... "525-ci qəzet" — müasir dövrün qəzetçilik məktəbidir. "525-ci qəzet" universal mətbuat formatının universitetidir. "525-ci qəzet"in — gündəlik hər sayı müasir jurnalistikanın dərsləridir.[2] |
İstinadlar
redaktə- ↑ ""525-ci qəzet"in 25 illik yubileyi qeyd edild. 525.az". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.
- ↑ "İsa Həbibbəyli. "525-ci qəzet" məktəbi". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-12.
Ədəbiyyat
redaktə- Cahangir Məmmədli. "525" — Zamanın sınağında. Bakı: "Zərdabi LTD", 2017.