Asiq Pasa - Wikipedia
Aşıq Paşa (1272 – 1333) — Anadolu aşığı.
Aşıq Paşa | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Kırşəhər, Anadolu |
Vəfat tarixi | |
Vəfat yeri | Kırşəhər, Anadolu |
Dəfn yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAşıq Paşa Anadoluda Kırşəhərdə doğulmuş və orada da vəfat etmişdir. Əsərlərini türk dilində yazmışdır. Təsəvvüf fəlsəfəsini yaymaq, dərvişliyi öyrətmək məqsədilə yazdığı "Qəribnamə"si on iki min beytdən ibarətdir. Əruzla yazılmış bu əsər didaktik mahiyyətdədir. Əsərində türk dilinin əhəmiyyətini xüsusi olaraq vurğulayır. Aşıq Paşa Yunus İmrənin təsiri ilə bəzən heca, bəzən də əruzla ilahilər və qəzəllər yazmışdır.
Aşıq Paşa türk dilinin inkişafında və yayılmasında böyük xidmətləri olan və türkcə şeirlər yazan ilk şairlərdəndir. 1272-ci ildə Kırşəhərdə dünyaya gələn Aşıq Paşa tanınmış mütəsəvvüf Baba İlyasın nəvəsidir. Baba İlyas XIII əsrin əvvəllərində Orta Asiyadakı Xorasan bölgəsindən Anadoluya köçmüş, Kırşəhər və ətrafındakı türkmən oymaqlarının şeyxi olmuş, onlarla birlikdə Səlcuqlu sultanı II Keyxosrova qarşı təşkil olunan Babayi üsyanında iştirak etmişdir. Oğlu Mühlis Paşa Osman Qazinin güvəndiyi adamlardan olmuşdur. Kırşəhərdə yaşayan Mühlis Paşanın üç oğlundan ən böyüyü Əlaəddin Əli idi. Buna görə də Əlaəddin Əli Baş ağa, yəni ən böyük qardaş olaraq tanınmışdır. Baş ağa adı zamanla Beşə, sonra da Paşa olaraq söylənmiş, şeirlərində də Paşa təxəllüsündən istifadə etdiyi üçün əsl adı unudularaq Aşıq Paşa kimi tanınmışdır.
Aşıq Paşa din və təsəvvüfü kırşəhərli Şeyx Süleymandan öyrənmişdir. Osmanlı dövləti yeni qurulduğu illərdə atası ilə birlikdə Osman Qazinin yanında xidmət etmişdir. Sultan Orxan Osmanlı bəyliyində hakimiyyətdə olduğu illərdə Kırşəhərə geri qayıdaraq ata-baba yurdunda yaşamışdır. Aşıq Paşa Kırşəhərdə Əxilik təriqətinin "mürşid"i olmuş, ətrafına toplanan Oğuz boylarına dostluq və qardaşlıq hisslərini aşılamış, onlarla türk dilində ünsiyyət qurmuş, şeirlərini birmənalı olaraq türkcə yazmışdır. Aşıq Paşa ətafındakılarla türkcə danışmaq, əsərlərini türkcə yazmaqla kifayətlənməmiş, eyni zamanda o vaxt dəbdə olan ərəb və fars dilləri qarşında türk dilinin qızğın müdafiəçisi olmuşdur.
Anadolu Səlçuqlu sultanları türk olsalar da, türk Oğuz boylarıyla Anadoluda ilk türk dövlətini qursalar da İslamın təsiriylə ərəb, İran mədəniyyətinin təsiri ilə fars dilinə rəsmi dil kimi yanaşmışlar. Buna qarşı ilk etiraz Anadolu Oğuz boylarından gəlmiş, hatta 1277-ci ilin may ayında Karamanoğlu Mehmet Bəy, Səlcuqlunun paytaxtı Konyanı alaraq türk dilini dövlət dili elan etmiş və bununla bağlı fərman çıxarmışdır. Bu fərmandan sonra türkcə yazan şairlərin sayı artmış, Mövlanənin oğlu Sultan Vələd, Şəyyad Həmzə, Yunus İmrə kimi şairlər türk dilinin ən gözəl şeir nümunələrini yaratmışlar.
Aşıq Paşa da bu şairlərdən biri olmuşdur. Hətta öz "Qəribnamə"sində türk dilinə lazımi qədər əhəmiyyət vermədikləri üçün o dövrün ziyalılarından gileylənmişdir. Aşıq Paşa şeirlərində türkün tanrı və yurd sevgisini, sülhpərvər dünyagörüşünü, dostluq və qardaşlıq hisslərini təbliğ etmişdir.
Aşıq Paşanın ən məşhur əsəri türkcə yazdığı 12 000 beytlik "Qəribnamə"dir. Məsnəvi olaraq yazılan on fəsilli bu əsər dini nəsihətlərlə zəngin əxlaq kitabıdır. İllər sonra Süleyman Çələbi bu əsəri oxumuş və ondan təsirlənmişdir. Aşıq Paşanın əruz və heca vəznində yazılmış şeirləri, qəzəlləri, ilahiləri də vardır.
Aşıq Paşa 3 noyabr 1333-cü ildə Kırşəhərdə vəfat etmiş, məzarı üzərində naxışlarla bəzədilmiş, ağappaq mərmər döşənmiş türbə ucaldılmışdır.