Asagi Govher Aga Mescidi - Wikipedia
Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məscididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.
Aşağı Gövhər ağa məscidi | |
---|---|
39°45′42″ şm. e. 46°45′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa rayonu |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Kərbəlayi Səfixan Qarabaği |
Sifarişçi | Gövhər ağa |
Tikilmə tarixi | 1874-1875 |
Üslubu | Arran memarlıq məktəbi |
Minarələri | 2 |
Vəziyyəti | yenidən qurma işləri aparılır |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 345 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir.[1] Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır.
İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır. Yuxarı məsciddən fərqli olaraq Aşağı məscidin minarələri əsas fasadı yox, cənubda yerləşən və kiçik Qapan meydanına açılan ikinci fasadı əhatə edir.
Tarixi
redaktəMəscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır.[2] Birinci ad onun Yuxarı Gövhər ağa məscidi ilə müqayisədə coğrafi yerləşməsini, ikinci ad isə onun Cümə məscidi ilə müqayisədə ölçülərini bildirir.[2] E. Avalov bildirir ki, 1855 -ci ilin baş planına əsasən Aşağı məscidin ölçüəri həqiqətən də Yuxarı məscidin ölçülərindən kiçik olmuşdur.[2]
Aşağı məscidin əsas girişi şimal-qərb istiqamətdə yerləşir və onun oxu üzbəüz yerləşən mədrəsə binasının girişinin oxu ilə üst-üstə düşür. Bu baxımdan Aşağı məscid kompleksinin həlli Yuxarı məscid kompleksinin kiçildilmiş formasını xatırladır.[2] Lakin, əsas fasadı qarşısında yaxşı planlaşdırılmış Meydan olan Yuxarı məsciddən fərqli olaraq, Aşağı məscidin əsas fasadı küçənin genişləndirilməsi nəticəsində meydana çıxan və planlaşdırılmamış sahə vardır.[2]
1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır.[3]
Dağıdılması və restavrasiyası
redaktə1992-ci ildə Şuşanın işğalı zamanı məscidin əsas binası və minarələri erməni silahlı qüvvələrinin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.[4]
2020-ci ildə Şuşanın azad edilməsindən sonra Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən Aşağı Gövhər ağa məscidində qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib.[5] Bərpa işləri zamanı divarda müxtəlif yazılar, o cümlədən divara həkk olunmuş xaç işarəsi aşkarlanıb.[6]
Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq həyata keçirilib.[6] Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələrinin mikroinyeksiya üsulu ilə bərkidilməsi həyata keçirilib.v Məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib. Bərpa işləri, eyni zamanda, mədrəsə bölməsini də əhatə edib.[6]
Aşağı Gövhər ağa məscidi və Aşağı məscid mədrəsəində bərpa işləri Paşa Holdinqin maliyyə dəstəyi ilə, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.[7]
Memarlıq xüsusiyyətləri
redaktəŞuşanın eyni memarlıq-planlaşdırma prinsipi əsasında inşa edilmiş hər iki cümə məscidi hazırda demək olar ki, eyni ölçülərə malikdir: Yuxarı məscid planda 26.5x21.5 metr, Aşağı məscid isə 22.2x23.7 metr ölçüyə malikdir.[8]
İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.[8] Kərbəlayi Səfixan Qarabaği inşa etdiyi binaların bir çoxunun əsas fasadında əksər hallarda Şahbulaq məscidində olduğu kimi yarımdairəvi tağlı daş arkadalardan istifadə etmişdir.[8]
Məscidin üç nefli iki otaqlı ibadət zalı planda kvadrat formasına malik olmaqla 19.62x17.74 metr ölçüyə malikdir. İbadət zalı çatmatağ tavan və beş gümbəzlə örtülmüşdür. Tavanın kompozisiya mərkəzi dörd oxvari tağ üzərində dayanan 5 metr diametrə malik oxvari günbəzlə vurğulanmışdır.[8]
Şimaldan cənuba uzanan əsas ox yarımsferik oxvari apsida ilə tamamlanır. Apsidanın mərkəzində stalaktitlərlə bəzədilmiş mehrab yerləşir.[8] Məscidin ikinci mərtəbəsində uzunu boyunca yanlarda qadınlar üçün nəzərdə tutulmuş eyvanlar uzanır. Pəncərə yerləri şuavari tağ formasında həll edilmişdir.[8]
Yuxarı məsciddən fərqli olaraq Aşağı məscidin minarələri əsas fasadı yox, cənubda yerləşən və kiçik Qapan meydanına açılan ikinci fasadı əhatə edir. Belə memarlıq-planlaşdırma həllinin seçilməsi təsadüfi olmayıb, cənubda meydanın olması ilə əlaqəlidir. Əsas fasadın yerləşdiyi şimal tərəfdə isə geniş meydan və ya baxış nöqtəsi yoxdur.[8]
Aşağı məscidin dairəvi minarələri kərpicdən inşa edilməklə hörülmüşdür. Yuxarı məsciddən fərqli olaraq burada minarələrin bəzədilməsi zamanı müxtəlif həndəsi naxışlara yer verilməmişdir, yalnız həndəsi formada yazılmış “Allah” ifadəsi burulan lent kimi kərarlanır.[1] Oxşar ornament həlli Azərbaycan memarlığında geniş yayılmaqla Bərdə imamzadəsi, Şeyx Səfi türbəsi, Naxçıvan imamzadəsi və Gəncə imamzadəsinin minarələrində də rast gəlinir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Авалов, 1977. səh. 62
- ↑ 1 2 3 4 5 Авалов, 1977. səh. 60
- ↑ Xəzani, Mir Mehdi. Kitab-tarixi-Qarabağ. Bakı: Azərbaycan Elmlər Akademiyası nəşriyyatı. 1950. 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-24.
- ↑ "İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2024.
- ↑ "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Aşağı Gövhər Ağa məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olublar » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2024.
- ↑ 1 2 3 "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2024.
- ↑ "İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2024.
- ↑ 1 2 3 4 5 6 7 Авалов, 1977. səh. 61
Ədəbiyyat
redaktə- Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
- Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
- Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.
Xarici keçidlər
redaktə- "Нагорный Карабах глазами москвичей. Мечеть Ашагы или Нижняя Говхар-аги" ( (az.)). wild-hedgehogs.livejournal.com. 2009-07-20. 2015-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-19.
- Aşağı Gövhərağa Məscidi Azərbaycan Ordusu tərəfindən azad edildi