Abbas Haciyev - Wikipedia
Hacıyev Abbas Məhəmməd oğlu (1 yanvar 1933, Borçalı – 21 yanvar 2011, Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1970), professor (1973).
Abbas Hacıyev | |
---|---|
Abbas Məhəmməd oğlu Hacıyev | |
Doğum tarixi | 1 yanvar 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 21 yanvar 2011 (78 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Elm sahəsi | filologiya |
Elmi dərəcələri | |
Elmi adı | |
Təhsili | |
Mükafatları |
Gürcüstan SSR Ali Sovetinin Fəxri Fərmanı |
Həyatı
redaktəAbbas Hacıyev 1933-cü il yanvarın 1-də Gürcüstanın Borçalı bölgəsinin Marneuli rayonunun Sarvan kəndində Nayvəlilər ocağında anadan olmuşdur. Qarapapaq türküdür. Borçalının öndər şəxsiyyəti Nayvəlinin nəticəsi, filosof alim Cümşüd Hacıyevin, filoloq Vəkil Hacılının, pedaqoq və ictimai xadim Tofiq Hacıyevin qardaşı, filoloq Asif Hacılının atasıdır.
Abbas Hacıyev 1948-ci ildə Sarvanda 1 saylı Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, həmin ildən təhsilini öz dövrünün nüfuzlu təhsil ocağı olan Borçalı Türk Pedaqoji Texnikumunda davam etdirmişdir. Borçalı Pedaqoji Texnikumunu 1952-ci ildə müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. 1952–1957-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Tələbəlik dövründə Nizami Gəncəvi adına fəxri təqaüd almış, Universiteti Fərqlənmə Diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1957-ci ildən Marneulidə müəllimlikdən başlamışdır. Bir neçə aydan sonra onu Gürcüstan KP Marneuli rayon komitəsınə təlimatçı vəzifəsinə keçirmişlər. 1959–1961-ci illərdə Marneuli rayon komsomol komitəsinin birinci katibi olmuşdur. Həmin dövrdə Borçalı türklərinin hüquqlarının qorunması, burada Azərbaycan mədəniyyəti və təhsilinin inkişafı üçün prinsipiallıq və fədakarlıqla çalışmışdır.
1961-ci ildən Bakıdan nüfuzlu alimlərin dəvəti ilə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda dövlət xadimi, yazıçı-alim Şıxəli Qurbanovun başçılq etdiyi ədəbi əlaqələr şöbəsində aspiranturada təhsilini davam etdirmiş,1964-cü ildə müvəffəqiyyətlə bitirmişdir.
Görkəmli alim, yazıçı və pedaqoq professor Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə 1965-ci ildə "Tiflis ədəbi mühiti (1905–1917-ci illər)., Bakı, 1965, 263 səh." mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi rəhbəri professor Mir Cəlal Paşayev, rəsmi opponentləri, alimlər akademik Həmid Araslı, professor Əziz Mirəhmədov, elmi ictimaiyyət dissertasiya işinə yüksək qiymət vermişdir.
1970-ci ildə alimlər Kamal Talıbzadənin elmi məsləhətçiliyi, Məmməd Cəfərin, Bəxtiyar Vahabzadənin, Qulu Xəlilovun opponentliyi ilə "Mirzə İbrahimovun yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 37 yaşında filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
1964–1974-cü illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, professor olmuşdur, 1974–1979-cu illərdə əvvəlcə ədəbiyyat kafedrasının, sonra isə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir.
Özünün istəyi ilə 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə köçürülmüşdür. O, burada əvvəlcə professor, sonra isə kafedra müdiri seçilmiş, uzun illər Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik etmiş, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığın əsasları, ədəbi tənqid və digər fənlərdən dərs demişdir. Müəllim və kafedra müdiri kimi yeni ədəbiyyatşünaslar nəslinin formalaşmasında böyük rol oynamışdır, bir çox dissertasiya işlərinin elmi rəhbəri, məsləhətçisi, opponenti, rəyçisi olmuşdur.
1961-ci ildə Gürcüstan SSR Marneuli rayon Sovetinə deputat seçilmişdir. Gürcüstan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə (1961), Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə (2006) təltif olunmuşdur.
Elmi fəaliyyəti
redaktəAbbas Hacıyev 1970-ci ildən filologiya elmləri doktoru, 1973-cü ildən professor olmuşdur. 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. Bir sıra monoqrafiya və dərsliklərin, elmi və ədəbi-tənqidi məqalənin müəllifidir.
Onun "Tiflis ədəbi mühiti", "Tiflis Azərbaycan Teatrı", "Tiflis Azərbaycan və Adıgün türk teatrı", "Mirzə İbrahimov", "Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq", "Ədəbiyyat nəzəriyyəsi", "Ədəbiyyatşünaslığın əsasları", "Sənətkarın yaradıcılıq fərdiliyi", "Bədii əsərin strukturu", "Ədəbi növlər və janrlar", "Ədəbi meyllər və cərəyanlar" adlı monoqrafiya və dərslikləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş və oxucular arasında geniş yayılmışdır.
Onun yaradıcılığında ədəbiyyat nəzəriyyəsi, ədəbi-bədii mətnin poetikası, Tiflis, Borçalı, Axısqa ədəbi mühiti, XX əsr Azərbaycan ədəbiyyatı, teatr tarixi və teatrşünaslıq, mətbuat tarixi mühüm yer tutur.
Keçən əsrin əvvəlləri Tiflis Azərbaycan ədəbi mühitinə, Tiflis Azərbaycan Teatrına, Adıgün türk teatrına dair Gürcüstan, Rusiya və Azərbaycan arxivlərində olan bir çox sənəd və mənbələri ilk dəfə məhz Abbas Hacıyev aşkarlayaraq tədqiq və dərc etmişdir. Bu mühitdə fəaliyyət göstərmiş bir sıra sənət xadimlərinin, ədib, rejissor, aktyor və mətbuat xadimlərinin yaradıcılığı haqqında materialları aşkarlayıb bu haqda ilk elmi söz deyən də Abbas Hacıyev olmuşdur.
O, Tiflis Azərbaycan ədəbi mühitinin, ictimai-mədəni həyatının, Tiflis, Borçalı və Axısqada fəaliyyət göstərmiş teatrların, mətbuat orqanlarının tarixini, mədəniyyət və sənət xadimlərinin həyatını, Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin naməlum səhifələrini geniş şəkildə və tarixi sənədlər əsasında işıqlandırmışdır.
Axısqanın mədəni-ədəbi mühitinə, Adıgün türk teatrının tarixinə dair əsərləri Azərbaycan mətbuatı ilə yanaşı, Türkiyə alimləri tərəfindən də bu sahədə ilk tədqiqat kimi yüksək qiymətləndirilmişdir.[1]
Arxiv materialları, real faktlarla Tiflis, Borçalı, Axısqa ərazisindəki türk mədəniyyətinin ümummilli dəyərini, əhəmiyyətini, avtoxton xarakterini təsbitləmiş, bu sahədə gələcək araşdırmalar üçün sanballı zəmin yaratmışdır.
Abbas Hacıyev 1960-cı illərdən başlayraq çağdaş ədəbi prosesə dair dəyərli məqalələrin müəllifi olan ədəbiyyatşünas-tənqidçi kimi də tanınır. Mirzə İbrahimov, Mir Cəlal, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri,Mirvarid Dilbazi, Elçin, Əhməd Cəmil, Əliağa Kürçaylı, Eyvaz Borçalı, Cabir Novruz, Nəriman Həsənzadə, Vidadi Babanlı, Əfqan, Əlirza Xələfli və bir çox digər ədiblərin yaradıcılığı, müasir ədəbi prosesin inkişaf meylləri haqqında monoqrafiya və məqalələr yazmışdır.
Bütün yaradıcılığı boyu müasir ədəbi prosesi izləyən Abbas Hacıyevin müxtəlif janrlı ədəbiyyat nümunələrinə, müasir poeziyaya, folklorun toplanması və dərci məsələlərinə dair bir sıra analitik-tənqidi, prinsipial elmi mövqeyə əsaslanan əsərləri var.
Ali məktəblərin filologiya fakültələri üçün bir çox proqram və dərsliklərin, o cümlədən ali təhsil müəssisələri üçün Azərbaycanda ilk sanballı "Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin müəllifidir. Ədəbiyyatşünaslığın nəzəri məsələlərinə, mətn poetikasına, ədəbi üslub və cərəyanlar, ədəbi prosesin inkişaf qanunauyğunluqlarına dair araşdırmalar aparmışdır.
BDU Filologiya fakültəsində filologiya elmləri doktoru alimlik dərəcəsi verən ixtisaslaşmış elmi şuranın (1979–1988), Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya elmləri namizədi alimlik dərəcəsi adı verən ixtisaslaşmış elmi şurasının (1980-ci ildən), Nizami adına Dil və Ədəbiyyat İnstitutu nəzdində Müdafiə şurasının, Təhsil Problemləri İnstitutu nəzdində Müdafiə Şurasının, Təhsil Nazirliyi elmi-metodik şurasının və digər qurumların üzvü olmuşdur.
Əsərləri haqqında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin mətbuatında nüfuzlu alimlərin rəyləri dərc olunmuşdur.
Onun rəhbərliyi ilə bir çox ədəbiyyatşünaslar nəsli yetişmiş, xüsusən, Tiflis və Borçalı ədəbi mühitinə, Azərbaycan mətbuat və teatr tarixinə, Tiflis Azərbaycan Teatrına, Axısqa türklərinin mədəniyyətinə dair əsərləri bu sahədə sonrakı araşdırmalara yol açmış və dəyərli məxəz olmuşdur.
Əsərləri
redaktə- Tiflis ədəbi mühiti. Bakı: Yazıçı, 1980
- Mirzə İbrahimov. Bakı: Yazıçı, 1982
- Tiflis Azərbaycan Teatrı. Bakı: İşıq, 1984
- Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq. Bakı: Yazıçı, 1986
- Ədəbiyyatşünaslığın əsasları. Bakı: APİ nəşri, 1988
- Sənətkarın yaradıcılıq fərdiliyi. Bakı: APİ nəşri, 1990
- Bədii əsərin strukturu. Bakı: ADPİ nəşri, 1992
- Ədəbi növlər və janrlar. Bakı: ADPİ nəşri, 1994
- Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 1996
- Ədəbiyyatşünaslığın əsasları. Bakı: Zaman, 1999
- Ədəbiyyatşünaslığm əsasları. (dərslik, yeni nəşr). Bakı, 2005
- Tiflis Azərbaycan və Adıgün türk teatrı. Bakı, 2006
- Həyat və ədəbi tale (ədəbi-tənqidi məqalələr). Bakı, 2008
- Ədəbiyyatşünaslığm əsasları (dərslik). Bakı, 2010
- Ədəbi meyllər və cərəyanlar. Bakı, 2010
- Sənətin işığında. Bakı, 2010 Arxivləşdirilib 2015-02-22 at the Wayback Machine
- Prof. Dr. Abbas Hacıyev. Adigön Türk Tiyatrosu
- Abbas Hacıyev. Seçilmiş əsərləri. 5 cilddə