Adil Geray Kalqay - Wikipedia
Adil Gəray (krımtat. Adil Geray)(v. 25 iyul 1579, Qəzvin, Səfəvilər) — Krım xanı I Dövlət Gərayın oğlu, Krım kalqayı.[1][2]
Adil Gəray | |
---|---|
25 iyun 1577 – 28 noyabr 1578 | |
Əvvəlki | Mehmed Gəray |
Sonrakı | Səadət Gəray |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 25 iyul 1579 |
Vəfat yeri | |
Atası | I Dövlət Gəray |
Uşağı | Bəxt Gəray |
Ailəsi | Gəraylar |
Hərbi xidmət | |
Döyüşlər |
Həyatı
redaktəDoğum tarixi bilinmir. Krım xanı I Dövlət Gərayın oğludur. Atasının səltənətində böyük qardaşı kalqay Mehmed Gərayla birlikdə Moskva knyazlığı və Lehistan üzərinə tərtiblənən səfərlərdə iştirak etdi. Atasının vəfatının ardından 1577-ci ildə böyük qardaşı II Mehmed Gəray taxta çıxdı və Adil Gəray kalqay elan olundu.
Ertəsi il Osmanlı sultanı III Muradın Səfəvilər üzərinə səfərə çıxmasıyla Krım tatarları da cəbhəyə çağırıldı. Ancaq səhhətinin pis olmasını bəhanə edən qardaşı səfərə getməyərək tatar birliklərini Adil Gərayın rəhbərliyində Şirvana göndərdi. Qardaşları Şaqay Mübarək və Qazi Gərayın da daxil olduğu 20 min nəfərlik tatar birlikləriylə Şirvana gələn Adil Gəray Səfəvilərin Şirvan bəylərbəyi Araz xan Rumlunun mühasirəyə aldığı Şamaxı qalasına yardıma yollandı. 20 noyabr 1578-ci ildə qala önündə baş verən döyüşdə Səfəvi ordusu məğlub edildi. Krım tatarlarının gəlişiylə əldə olunan zəfərin ardından 3 gün boyunca Şamaxı qalasında ziyafət verildi və hər bir Krım xanzadəsinə dəyərli hədiyyələr təqdim olundu.
Ardından Muğan düzü boyunca hərəkət edən tatar birlikləri bölgədə yaşayan Rumlu tayfasına hücum etdi və xeyli qənimət və əsirlə birlikdə Şirvana qayıtdı. O əsnada Qarabağda olan vəzir Mirzə Salman bu məğlubiyyətlərin ardından 80 min nəfərlik orduyla Şamaxıya doğru yola çıxdı və 26 noyabrda Şamaxıdakı türk qarnizonunu mühasirəyə aldı. O əsnada Qarabağda olan Şah Məhəmməd Xudabəndənin 11 yaşlı oğlu Həmzə Mirzə və anası Məhdi Ülya da orduyla birlikdə Şamaxıya gələn ordunun tərkibində idi. 28 noyabr 1578-ci ildə Ağsu çayı sahilindəki Pirhəsənli kəndi yaxınlığında baş verən və tarixə Mollahəsənli döyüşü olaraq keçən döyüşün nəticəsində tatar birlikləri darmadağın edildi. Adil Gəray əsir alınaraq paytaxt Qəzvinə göndərildi.
Qəzvində mərasimlə qarşılanan Adil Gərayla isti münasibət saxlayan Səfəvi şahı Məhəmməd Xudabəndə bu yolla Krım xanlığının müharibədə tərəf dəyişməsinə ümid edirdi. Hətta siyasi bir evliliklə Gəraylar sülaləsini özünə yaxınlaşdırmaq niyyətində idi. Ancaq çox keçmədən yayılan şaiyələr bütün bu planları alt-üst etdi. Mollahəsənli döyüşündə əsir alındığı və Qəzvinə gətirildiyi ərəfədə ordugahda olan Məhdi Ülyayla eşq münasibətinin olduğu, Qəzvinə gəldikdən sonra isə keçirilən saray məclislərində olduqca yaxın münasbət saxladığı öyrənildi. Bir çoxlarına görə bu şaiyələr, Məhdi Ülyanın hakimiyyət iddiasından narazı olanlar tərəfindən yayılmışdı. Nəticədə Adil Gəray 25 iyul 1579-cu ildə Qəzvin zindanlarında qətlə yetirildi. Məhdi Ülya isə ertəsi gün tərtiblənən saray basqını nəticəsində ələ keçirildi və kəməndlə boğularaq edam olundu.
Bəxt Gəray (ö. 1597) adlı oğlu əmisi II Qazi Gərayın səltənətinə nurəddin, digər əmisi I Fateh Gərayın qısa səltənətində kalqay elan edildi.
İstinadlar
redaktəMənbə
redaktə- Kırım Hanlığı’nda Kalgaylık ve Nureddinlik Üzerine Bir İnceleme. Furkan Cem Tosun. Yüksek Lisans Tezi. İzmir 2022
- Von Hammer Purgstall, Kırım Hanlığı Tarihi, İnsan Yayınlar, 3. Baskı, 2020