Aktinoid - Wikipedia
Sıra nömrəsi | Elementi adı | İşarəsi |
---|---|---|
89 | aktinium | Ac |
90 | torium | Th |
91 | protaktinium | Pa |
92 | uran | U |
93 | neptunium | Np |
94 | plutonium | Pu |
95 | amerisium | Am |
96 | kürium | Cm |
97 | berklium | Bk |
98 | kalifornium | Cf |
99 | eynşteynium | Es |
100 | fermium | Fm |
101 | mendelevium | Md |
102 | nobelium | No |
103 | lourensium | Lr |
Aktinoidlər – dövri sistemin 7-ci dövründə yerləşmiş, sıra nömrəsi 89–103 arasında olan 14 elementin ümumi adıdır. Adının mənası yunan dilindən tərcümədə "aktis" "şüa", "eidos" "oxşar" deməkdir. Bunlar aktinium, torium, protaktinium, uran, neptunium, plutonium, amerisium, kürium, berklium, kalifornium, eynşteynium, fermium, mendelevium, nobelium, lourensiumdur. Onlardan heç birinin stabil izotopu yoxdur. Torium, protaktinium və uran təbii radioaktiv elementlər olduğu halda, digər aktinoidlər nüvə reaksiyalarında süni yolla sintez edilmişdir.[1]
İlkin təsəvvürlər
redaktəAktinoidlər ailəsi haqqında təsəvvürləri ilk dəfə 1944-cü ildə Amerika alimi Q. Siborq vermişdir. Özünün aktinoidlər ailəsi nəzəriyyəsinə uyğun olaraq o söyləmişdir ki, toriumdan başlayaraq bu elementlərin atomlarında lantanoidlərdə 4f yarımsəviyyələri dolduğu kimi, 5f yarımsəviyyəsi də dolmağa başlayır. Ona görə də bütün 14 aktinoidləri dövri sistemdə aktiniumla birlikdə bir qəfəsdə yerləşdirirlər. Onlar dövri sistemdə lantanoidlər sırasının altında yerləşdirilir. Aktinoidlərin bu cür yerləşdirilməsi geniş yayılmışdır. Transuran elementlərinin öyrənilməsi məlum olmuşdur ki, aktinoidlərin lantanoidlərlə oxşarlığı bir çox cəhətdən formal xarakter daşıyır.[1]
Müasir təsəvvürlər
redaktəMüasir işlər göstərir ki, 5f ilə 4f elementlərinin müqayisəsi zamanı ağır aktinoidlərlə yüngül lantanoidlər arasında daha çox oxşarlıq vardır. Eləcə də aktinoidlər ailəsinin 1-ci yarımsıra elementləri ilə əvvəlki dövrlərin keçid d-elementləri arasında kimyəvi cəhətdən oxşarlıq vardır. Buradan görünür ki, 7-ci dövri dəyişməsində özünəməxsusluq vardır. Bu da sıra nömrəsi (Z) böyük olan elementlər sahəsində dövrilik hadisəsinin qiymətləndirilməsində yeni yanaşmanı tələb edir.[1]
Kimyəvi xassələri
redaktəAktinoidlər üçün +1-dən +7-dək oksidləşmə dərəcəsinin daha çox mövcud olması müəyyən edilmişdir. Neptunium, plutonium və amerisiumun +6 və +7 oksidləşmə dərəcəsi göstərən birləşmələri, eləcə də küriumun altıvalentli birləşmələri alınmışdır. Aktinoidlər sırasının 2-ci yarımsıra elementləri – eynşteynium, fermium, mendelevium və nobelium üçün gözlənilmədən daha davamlı birləşmələri +2 oksidləşmə dərəcəsi göstərdiyi birləşmələr olmuşdur (mendeleviumda isə hətta +1).[1]
Aktinoidlərin kimyəvi xassələrinin xüsusiliyi iki cür izah edilir. Birincisi, aktinoidlərin atomlarında (Z=90–96) 5f və 6d elektronları enerjinin qiymətinə görə yaxındır, ona görə də onları kimyəvi qarşılıqlı təsir zamanı asanlıqla istifadə edirlər. İkincisi, ağır aktinoidlərdə sıra nömrəsi artdıqca atomlarda elektronların qarşılıqlı təsir xarakteri çətinləşir, bu da həmin elementlərin xassələrinin xüsusiliyini göstərir.[1]