Alemin Yatdigi Vaxt - Wikipedia
Aləmin yatdığı vaxt və ya İlin təhvil olunması anı[1] — Azərbaycan xalq inanclarında qışın qurtardığı, yazın başladığı mistik vaxt. Bu vaxt təbiətin təzələnməsini simvolizə edir.
Təsviri
redaktəAləmin yatdığı vaxt Novruz bayramına açılacaq gecə gündüzə çeviriləndə, bulaqlar, dərələr, çaylar, yəni bütün axan sular bir anlığına dayanıb, təkrar axanda baş verir. Bu zaman canlı və cansız aləmdə olan hər şey bir anlıq yatır və sonra oyanır. Bunun mənası ölüb-dirilmədir. Həmin vaxtda kim nə arzu diləsə, yerinə yetər.[2] Zəngəzur azərbaycanlılarının inanclarında bu an belə qeyd edilir: "Gecə, deyillər, su dayanır. Su dayanan vaxtı görsən ki, su dayanır, niyyətin tutur, görməsən, tutmur".[3] Ağdaş azərbaycanlıları təzə suyu zəm-zəm suyu, dirilik suyu və ya Cənnətdən gələn su hesab edirdilər.[4]
Hər şey təzələndiyi üçün gecə evdəki köhnə su atılmalı, bütün qablar təzə su ilə yuyulmalıdır. İnsanlar çeşmə başına gedib, əl-üzünü yuyar, su üstündən atılıb, evə yeni su gətirərlər.[5] Xalq inancına görə, biri sudan götürüb, xəmir yoğursa, sudakı balaca daşlardan evə gətirib, yağ küpünə, çörək qabına və ya evin bir bucağına qoysa, o evdə çörək bol olar.[2] Naxçıvanda təzə su güllərin dibinə tökülər, qalanı isə saxlanılardı.[4]
Heyvanlar qəribə hərəkətlər edərək bu anı insanlara xəbər verirlər. Digər təbiət cisimləri də qeyri-adi hala düşür. Məsələn, ağaclar başlarını əyib torpağa toxunur.[1]
Aləmin yatdığı vaxt deyilən zaman perioduna yaradılışdan bəri keçmiş bütün zamanlar daxildir. Mənası yaradılışın təzələnərək yenidən canlanmasını simvolizə etməsidir. Bu vaxt hər gələndə dünya yenidən təzələnir və buna görə də aləmin yatdığı vaxt yaradılış anını simvolizə edir. Aləmin yatdığı vaxt deyilən period dünyanın başlanğıcının bir anını özündə saxlamışdır və buna görə də təbiətin sonsuz ölüb-dirilmələr dövranında əbədi yaşayışı canlandıran bir rəmzdir. Yəni aləmin yatdığı vaxtda köhnə nə varsa, yuxuya gedər, oyanması, başqa bir deyişlə ölüb-dirilməsi ilə hamısının adı simvolik olaraq "dəftərdən silinər". Bu anlayış təbiət və yaradılışın davamlılığına dair köhnə düşüncədən gəlir. Aləmin yatdığı vaxt inancındakı ölüb-dirilmə motivi türk tanrıçılıq inanclarının izlərini daşıyır.[2]
Həmçinin bax
redaktə- İlqayax — türk və altay xalq mədəniyyətində yeni ilin başlanğıcı.
İstinadlar
redaktə- ↑ 1 2 Qasımova, 2018. səh. 116
- ↑ 1 2 3 Beydili, 2003. səh. 42
- ↑ Qasımova, 2018. səh. 129
- ↑ 1 2 Qasımova, 2018. səh. 130
- ↑ Beydili, 2003. səh. 431
Mənbə
redaktə- Sevinc Qasımova. Azərbaycanda Novruz ənənə və inancları. Bakı, "Elm və təhsil", 2018, 188 səh.
- Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).