Aletitileme - Wikipedia
Alətitiləmə kəsici alətin (kəski, frez) tilinə lazımi həndəsi formanı vermək üçün tətbiq olunan pardaqlama üsuludur. Burada kəsici alət universal və ya xüsusi alətitiləyən dəzgahda itilənir. Universal alətitiləyən dəzgah adətən dönəbilən iki başlığa malik olur. Bunun köməyi ilə alətlərin malik olduqları spiral formalı profillər pardaqlana bilir. Alətin və istehsalın ölçüsündən asılı olmayaraq alətlərin itilənməsi həmişə xüsusi dəzgahlarda yerinə yetirilir. Dəzgahlarda alətlərin itilənməsi zamanı həm itilənən alət, həm də pardaq dairəsi mürəkkəb hərəkətlər yerinə yetirlər. Qeyd olunan hərəkətlər zamanı yol verilən xətalar bir başa alətin profilinə köçürülür. Ona görə də, dəzgahın işçi şpindelləri yüksək dəqiqliklə hazırlanır. Yüksək hərəkət dəqiqliyini təmin etmək üçün çox hallarda →NC-idarə olunan dəzgahlardan istifadə edilir. Alətitiləmə üçün lazım olan pardaq alətinin seçilməsi böyük əhəmiyyət kəsb edir. Tezkəsən alət poladının emalı üçün kubik bor nitrid və almaz dənəcikli dairələrdən istifadə edilir. İtiləmə zamanı alətin istilik yüklənməsi mümkün qədər aşağı olmalıdır ki, onun daxilində struktur dəyişilməsi və bununla davamlığın aşağı düşməsi baş verməsin. Bu baxımdan CBN dairələrlə emal zamanı əlverişli istilik balansı yaranır. Verilmiş texnoloji tapşırıqdan asılı olaraq itiləmə quru və ya soyuducu-yağlayıcı mayenin tətbiqi ilə aparılır.
Istinad
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.