Apollon Proqrami - Wikipedia
Apollon proqramı (ing. Apollo program) və ya Apollon layihəsi — NASA tərəfindən reallaşdırılmış Ay uçuş layihəsidir. Gemini layihəsindən sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdur. Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan Apollondan almışdır.
Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə olunan Orbiter, Ranger və Surveyor gəmilərini göndərmişdi. Bunların köməyi ilə Ayın səthində Apollonun enişi üçün uyğun yer müəyyənləşdirilmişdi.
Ay səthinə enmək məqsədilə 4 ayrı plan düşünülmüşdü:
- Birbaşa qalxma: Bu plana görə kosmik gəmi birbaşa Aya uçmalı və Aya enib qalxmalı idi. Bu əməliyyat üçün həmin dövrün ən güclü raketi olan Nova raketindən daha güclü bir vasitəyə ehtiyac vardı.
- Yerin orbitində görüşmə: Bu plan biri kosmik gəmini, o biri isə yanacağı daşıyan 2 Saturn V raketinin kosmosa qalxmasını nəzərdə tuturdu. Kosmik gəmi Yerin orbitinə yerləşməli və lazımi qədər yanacaq doldurulduqdan sonra Aya gedib qayıtmalı idi. Yenə də kosmik gəmi tam halda Ay səthinə oturmalı idi.
- Ay səthində görüşmə: Bu plan biri yanacaq daşıyan və Aya enməli olan insansız kosmik vasitənin və bir müddət sonra onu izləməli olan insanlı kosmik gəminin yaradılmasına əsaslanırdı. Yanacaq insanlı vasitə Yerə qayıtmazdan əvvəl insansız vasitədən insanlı vasitəyə köçürülməli idi.
- Ay orbitində görüşmə: Bu plana görə kosmik vasitə İdarəetmə modulu, Xidmət modulu və Ay modulundan ibarət olmalı idi. İdarəetmə modulu və Xidmət modulu 3 astronavtın 5 günlük Ay səfəri üçün lazımlı həyat sistemlərini və kosmik gəmi Yer atmosferinə geri qayıdarkən lazım olacaq istilik qalxanını daşıyırdı. Ay modulu Ay orbitində əsas gəmidən ayrılacaq və iki astronavtı Ay səthinə eniş üçün daşıyacaqdı. Ən sonda İdarəetmə modulu ilə Xidmət modulu geri dönəcəkdi. Atmosferə girərkən Xidmət modulu da buraxılacaq və beləliklə Yerə geri qayıdan tək hissə İdarəetmə modulu olacaqdı. Sonda məhz bu plan seçilmiş və icra edilmişdir.
Bütün planlar arasında Ay orbitində görüşmə planı kosmik vasitənin yalnız kiçik bir hissəsi Aya endiyi üçün geri qayıtma vasitələrinə lazım olan kütləni ən aza endirirdi. Geri qayıdacaq kütlə eniş mühərriki və eniş vasitələrinin də Ay səthində qalması ilə daha da azalır.
Layihənin icrası zamanı əldə edilən bir çox müvəffəqiyyətlərə qarşı 2 böyük uğursuzluq yaşanmışdır. Birincisi Apollon-1-in uçuş sınaqları zamanı 3 astronavtın (Vircil Qrissom, Edvard Higgins Vayt və Rocer Çaffi) ölümü, ikincisi isə Apollon 13-ün kosmosda partlaması idi. Bu fəlakət layihə mühəndislərinin, uçuş nəzarətçilərinin və ekipaj üzvlərinin səyləri sayəsində avtronavtlara heç bir zərər dəymədən sovuşduruldu.
İlk əhəmiyyətli addım 21 dekabr 1968-ci ildə göndərilən Apollon-8-in Ayın orbitinə yerləşdirilməsi və Ay ətrafında 10 dəfə fırlanması ilə atıldı (həmin kosmik gəmi Yerə qayıdıb Sakit okeana enmişdir (27.12.1968)). 3 mart 1969-cu ildə Apollon-9 vasitəsilə Aya enmə zamanı istifadə ediləcək Ay modulu sınandı. Apollonun əsas gövdəsindən kiçik bir tunellə Ay moduluna keçilərək ilk dəfə kosmik gəminin xaricinə çıxmadan bir kosmik vasitədən digərinə keçid edildi.
Apollon Layihəsinin ən böyük müvəffəqiyyətini Apollon-11 reallaşdırdı. 16 iyul 1969-cu il tarixində Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in içindəki astronavtlardan Neyl Armstronq və Edvin Oldrin iyulun 20-də Eagle adlı Ay moduluna keçdilər və iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün böyük bir sıçrayışdır".
14 noyabr 1969-cu ildə göndərilən Apollon-12 sayəsində noyabrın 19-da Aya ikinci dəfə insan endirmək mümkün oldu. Apollon-13 Aya uçarkən oksigen balonlarından biri partladı və gəminin böyük hissəsi parçalandı. Astronavtlar çətinliklə Yerə geri qayıda bildilər. Apollon-15-in astronavtları kosmik vasitə ilə birlikdə aparılan nəqliyyat vasitəsinin köməyi ilə Ay səthində gəzərək çox sayda nümunə topladılar. Apollon-16 özü ilə təxminən 100 kq ağırlığında Ay daşı gətirdi. Apollon-17 isə 1972-ci ilin dekabrında Apollon Layihəsi çərçivəsində həyata keçirilən son Ay səfərini reallaşdırdı.
Təxirə salınma səbəbləri
redaktəApollon proqramının dayandırılması müxtəlif səbəblərdən və müxtəlif vaxt kəsiyində meydana gəlmişdi. İlk dəfə olaraq Apollon missiyaları 1960-cı illərin əvvəlində Apollon 1 gəmisində baş vermiş və heyətin tələfatı ilə nəticələnmiş qəzanın baş verməsinə görə dayandırılmalı idi. Ancaq daha sonra NASAnın Apollon misiyalarının uğurla həyata keçirməyə başlaması və 20 iyul 1969-cu il tarixində Apollon 11 missiyasının Aya uğurla enməsi nəticəsində bundan imtina edildi. Apollon 11 missiyasından sonra Aya daha 9 missiya planlaşdırılırdı, amma 1972-ci ildə Apollon 17nin Aya son uçuşu oldu və müəyyən səbəblərdən sonra Apollon 18, 19 və 20 missiyaları təxirə salındı.
Skylab proqramı
redaktəAya uçuş misiyalarının təxirə salınmsaı səbəblərinin biri Amerika Birləşmiş Ştatlarının yeni "Skylab" kosmik stansiya proqramını həyata keçirməsi oldu. Bu proqramın mahiyyəti SSRİ ilə birlikdə kosmik stansiyaların yaradılmasına başlamaq idi.
Ayın tam öyrənilməsi
redaktəABŞ prezidenti Riçard Nikson daha Ayın heç bir maraq kəsb etmədiyini və onun tam öyrənildiyi fikrinə gəldiyini bəyan etmişdi. Bu da Apollon missiyalarının dayandırılmasında öz sözünün dedi.
Maliyyə çatışmazlığı
redaktəABŞ hökuməti Apollon misiyasının fəaliyyəti üçün 1969-cu il mənbələrinə görə 25.4 milyard $, 2007-ci il mənbəlinə görə isə 145 milyard $ həcmində vəsait sərf edib. Bəzi qeyri-rəsmi mənbələrə görə ABŞ Vyetnam müharibəsinə çəkilən xərcləri tənzimləmək üçün Apollon missiyasını və onu maliyyələşdirməyi dayandırıb.
"Nəzəriyyə"lər
redaktə"Aya uçuşun yalan nəzəriyyəsi" tərəfdarları bu məsələyə müxtəlif prizmalardan yanaşırlar. Bəzi elmi-fantastik nəzəriyyəçilər insanın Aya enməsini inkar edirdilər və bildirirdilər ki Aya eniş əslində Hollivud poliqonlarında çəkilmiş filmdən başqa heç nə deyil. Onların fikirlərinə görə ABŞ hökuməti artıq Ay uçuşunun saxtalaşdırılması üçün maliyyə vəsaitlərinin sərfini dayandırıb və beləcə "film" çəkilişlərinə son verilib. Digər nəzəriyyəçilərə görə astronavtlar Ayda Yerdən kənar həyatın nümayəndələri ilə qarşılaşıblar və bu hadisə onların Aya bir daha geri dönməyəcəyinə zəmin yaradıb. Ancaq bu hadisənin heç bir rəsmi açıqlaması yoxdur.
Xarici keçidlər
redaktə- Apollo 18, 19, 20, Skylab B and Skylab 5 at the Encyclopedia Astronautica
- CM-115 on display at Johnson Space Center. From A Field Guide to American Spacecraft.