Araqonit - Wikipedia
Araqonit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Kalsitlə dimorfdur.
Araqonit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
CaCO₃ |
Strunz təsnifatı | Vb/A.04[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d][2] |
Zolaq rəngi | ağ |
Sıxlıq | 2,93 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
redaktəBariumlu, qurğuşunlu, stronsiumlu ( ~6% SrO), sinkli (~10% ZnO) araqonitlər.
Xassələri
redaktəRəng – rəngsiz, qar kimi ağ, nisbətən az – sarımtıl, çəhrayı, yaşılımtıl, göyümtül, açıq-boz, bənövşəyi, qırmızı, nadir hallarda – qara; Mineralın cizgisinin rəngi – ağ; sarımtıl; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, işıqkeçirən, bəzən tutqun; Sıxlıq – 2,95; Sərtlik – 3,5-4; Ayrılma – {010} üzrə orta, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – yarımqabıqvarı; Lüminessensiya – açıq-bənövşəyi rəngli zəif, katod şüalarında bəzən narıncı Lüminessensiya; Morfologiya – kristallar: qısaprizmatikdən uzunprizmatikədək, iynəvari-piramidal, baltayaoxşar, nizəşəkilli; İkiləşmə: tək kristallara nisbətən tez-tez rast gəlir, {110} üzrə; hərdənbir psevdoheksaqonal görünüşlü qarşılıqlı nüfuzetmə üçləşmələri, altılaşmalar; bəzən polisintetik İkiləşmə; Mineral aqreqatları: böyrək- və dərzşəkilli, radial-şüalı, çubuqvari, mərcanabənzər– «dəmir çiçəkləri», paralel-lifli kütlələr, kristallik qabıqlar, stalaktitlər, stalaqmitlər, oolitlər, «noxud (kürü) daşları», konkresiyalar; əksər mollüskaların qabıqlarının daxili səthində sədəfi təbəqəciklər; bir sıra mollüskaların qabıqlarının içərisində əmələ gələn mirvari dənələri.
Mənşəyi və yayılması
redaktəƏsasən ekzogen şəraitdə biogen və xemogen-çökmə proseslər nəticəsində əmələ gəlir. Evaporitlərdə, gillərdə, çökmə dəmir filizlərində, kükürd yataqlarında, bəzən sulfid yataqlarının oksidləşmə zonalarında və hiperbazitlərin aşınma qabıqlarında rast gəlir. Hidrotermal proseslərdə də əmələ gəlir. Effuziv süxurların badamcıqlarında və çatlarında müşahidə olunur. Termal bulaqların çöküntülərində qeyd edilir. Çox vaxt metamorfik mənşəli karbonat süxurlarında (mərmər və b.) müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: dolomit, gips, selestin, stronsianit, siderit, kalsit, halit, anhidrit, sərbəst kükürd, gil mineralları, seolitlər və b. Mineralın tapıldığı yerlər: Molina (İspaniya); Karlovı-Varı (Çexiya); Bolqarıstan; Rumıniya; Nuqsuak (Qrenlandiya); Siciliya (İtaliya); Xaydarkan (Orta Asiya) və b. Azərbaycanda Naxçıvan MR ərazisində araqonit oniksinin Sirab yatağı və Badamlı təzahürü yerləşir. Adətən kalsit və araqonit oniksi ilə təmsil olunmuş bir sıra təzahürlər Kəlbəcər və Laçın rayonlarında cəmləşmişdir. Araqonit Lerik rayonunda da (Kəlvəz yatağı) qeyd olunur. Onun Daşkəsən dəmir, Göydərə xromit yataqlarındakı və başqa obyektlərdəki tapıntıları mineraloji cəhətdən maraq doğurur. Araqonitin bitki qalıqları üzrə psevdomorfozaları Darrıdağ (Culfa) mərgümüş və Ağqaya civə yataqlarında qeyd edilmişdir.
Tətbiqi
redaktəAraqonit oniksi yaxşı dekorativ daşdır.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.