Argentinanin Dovlet Qurulusu - Wikipedia
Argentinanın dövlət quruluşu - 1853-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Dövlət quruluşu
redaktəMəhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik Respublikadır. Milli bayram günü olan Müstəqillik Günü 1816-cı il 11 noyabr tarixindən qeyd olunur. Ölkə Konstitusiyası 1853-cü ildən (1860, 1898, 1957, 1994-cü illərdə edilmiş düzəlişlərlə) qüvvədədir.
İnzibati ərazi bölgüsü
redaktə23 əyalətə (Korrientes, Santa-Krus, Mendosa, Kordova, Santa-Fe, Katamarka, Rio-Neqro, Sanxuan, Salta və s.) və 1 muxtar paytaxt dairəyə (Buenos-Ayres) bölünür.
Dövlət başçısı
redaktəÖlkə Prezidenti dövlət və hökumət başçısıdır və təyin etdiyi Nazirlər Kabinetinə rəhbərlik edir (Kabinetin başçısı 10 dekabr 2011-ci ildən Xuan Manuel Abal Medinadır). Prezident ümumxalq səsverməsi yolu ilə iki dəfədən çox olmamaq şərti ilə 4 il müddətinə seçilir. Senatın (Parlamentin Yuxarı Palatası) sədri ölkənin vitse-prezidenti sayılır.
Hökumət üzvlərinin və Ali Məhkəmənin hakimlərinin təyin və yaxud azad edilməsi, qanunların imzalanması və dərc edilməsi, beynəlxalq müqavilə və sazişlərin imzalanması, silahlı qüvvələrin ali baş komandanı olaraq fövqəladə və müharibə vəziyyətinin tətbiqi, amnistiya verilməsi və s. mühüm məsələlər dövlət başçısının səlahiyyətlərinə aiddir.
Hazırkı, 55-ci ölkə Prezidenti 10 dekabr 2007-ci ildən etibarən Qələbə Uğrunda Cəbhənin lideri Kristina Fernandes de Kirşnerdir (23 oktyabr 2011-ci ildə keçirilmiş son prezident seçkilərində xanım Kirşner 54.11 % səs toplayaraq yenidən dövlət başçısı seçilmişdir).
Ali qanunverici hakimiyyət
redaktəİki palatalı orqan olan Milli Konqresdir. Konqres 2 palatadan - 72 yerlik Senatdan (Yuxarı Palatanın sədri Amodo Boudoudur, o, eyni zamanda 10 dekabr 2011-ci ildən ölkənin sayca 35-ci vitse-prezidentidir) və birbaşa ümumxalq səsverməsi yolu ilə 4 il müddətinə seçilən 257 yerlik Deputatlar Palatasından (tərkibinin 1/2 hissəsi hər iki ildən bir yenilənən Aşağı Palatanın sədri 06 dekabr 2011-ci ildən Julian Dominqesdir) ibarətdir.
Mövcud konstitusiyaya əsasən, Parlament və İcra hakimiyyəti bir-birindən tam müstəqil, qarşılıqlı məsuliyyəti və öhdəliyi olmadan fəaliyyət göstərirlər.
Qanunvericilik fəaliyyəti ilə yanaşı, Konqres dövlət büdcəsinin təsdiqi, vergilərin müəyyən edilməsi, beynəlxalq müqavilələrin ratifikasiyası və s. məsələlər üzrə səlahiyyətlidir.
2011-ci ilin oktyabrında hər iki palataya keçirilmiş son seçkilərin nəticəsində Milli Konqresdə yer almış ölkənin əsas siyasi partiyaları:
- Qələbə Uğrunda Cəbhə - Xustisialist Partiyası (31 senator, 115 deputat liderləri Kristina Fernandes de Kirşner və Daniel Skioli),
- Radikal Vətəndaş İttifaqı (17 senator, 42 deputat, sədr Mario Barletta),
- Peronist Cəbhə (21 deputat, sədr Ramon Puerta),
- Sosialist partiyası (1 senator, 6 deputat, sədr Ruben Custiniani),
- Santyaqo Uğrunda Vətəndaş Cəbhəsi (7 deputat),
- PRO (11 deputat, sədr Maurisio Masri),
- Xalq İttifaqı (5 deputat, sədr Luis Fernandes),
- Vətəndaş Koalisiyası (5 deputat, sədr Elisa Karrio) və s.
Məhkəmə hakimiyyəti
redaktəMagistratura Şurasının təqdimatı və Senatın razılığı ilə Prezident tərəfindən təyin edilən 9 hakimin yer aldığı Ali Məhkəmə tərəfindən həyata keçirilir.
Ölkədə federal məhkəmələrlə yanaşı, ixtisaslaşmış və əyalət məhkəmələri də fəaliyyət göstərir.
Mənbə
redaktə- Аргентинская конфедерация, или Аргентинская республика // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Xarici keçidlər
redaktə- http://standart-3166-2.ru/3166_2/argentina-ar.htm Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine
- http://standart-3166-2.ru/geo/geo-argentina-ar.htm Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine