Arxaika - Wikipedia
Arxaika (yun. άρχαικός – qədim) – qədim yunan incəsənətinin inkişafında erkən mərhələ (e.ə. 7–5 əsrin əvvəlləri). Erkən arxaik (e.ə. 570 ilədək), yetkin arxaik (e.ə. 570–530), son arxaik (e.ə.530– 480) dövrlərə bölünür. Arxaika mərhələsində klassik üslubun təşəkkül tapması üçün ilkin şərtlər formalaşmışdır: ağac-çiy kərpiç memarlığından daş memarlığına keçid nəticəsində dorik və ionik memarlıq orderlərinin yaranması (e.ə. 6 əsrin əv vəli) və onların yeni materialın tələblərinə uyğunlaşdırılması; heykəltəraşlıq da əvvəlcə daşdan (e.ə. 7 əsrin ortaları), sonra isə tuncdan (təqr. e.ə. 520-ci illər) böyük heykəl plastikasının meydana gəlməsi, qəhrəmani çılpaqlıq (bax Kuros) ənənəsinin qəti mövqe qazanması və artıq e.ə. 5 əsrin əvvəllərində kontrapostun, klassik tipajın, monumental relyefin yaranması; vaza rəngkarlığında qırmızıfiqurlu üslubun (təqr. e.ə. 530) yer tutması; rəsmkarlıqd tərəqqinin bütövlükdə təsviri sənət sahəsində, ilk növbədə insan bədəninin ədəb çərçivəsində anatomik təsvirində təzahür etməsi. Arxaika dövründə müstəqil bədii əhəmiyyət kəsb edən bir sıra orijinal üslubi hadisələr (məs., vaza rəngkarlığında qarafiqurlu və qırmızıfiqurlu üslublar) yaranmışdır. Arxaik sənət üçün güclü bədii-dinamik inkişaf səciyyəvi idi: təqribən iki əsrlik zaman müddətində həndəsi üslubun bəsit formalarından klassik üslubun başlanğıcınadək nəhəng bir mərhələ keçilmişdir.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 22. ISBN 978-9952-441-05-5.