Asif Cahangirov - Wikipedia
Asif Baxış oğlu Cahangirov (5 iyun 1948, Stepanakert) — Azərbaycan Respublikasının Əməkdar müəllimi (2000)
Asif Cahangirov | |
---|---|
Doğum tarixi | 5 iyun 1948 (76 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | müəllim |
Həyatı
redaktəAsif Cahangirov 5 iyun 1948-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Əslən qarabağlıdır. Bəy silkindəndir. Cahangirbəyovlar şəcərəsinin məlum olan tarixi təxminən XVIII əsrin 20–30-cu illərindən başlayır.
Atası, Cahangirov Baxış İsmayıl bəy oğlu (1913–1989) Dağlıq Qarabağ Muxtar Vilayətinin (kecmiş Yelizavetpol quberniyası Şuşa mahalının) Tuğ kənində anadan olmuşdur. Uzun illər Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, təhsil sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayətinin maarif şöbəsi müdirinin müavini olmuşdur. Fin və Böyük Vətən müharibələrinin iştirakçısı, II dərəcəli müharibə əlili idi.
Anası, Cahangirova (Əfəndiyeva) Rəna İdris qızı (1922–1994), Füzuli (keçmiş Karyagin) rayonunun Saracıq kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsi dövründə hərbi hospitalda tibb baçısı işləmiş, ailə qurduqdan sonra evdar qadın olmuşdur.
Təhsili
redaktə1955-ci ildə Xankəndi şəhərində birinci sinfə daxil olmuşdur. 1965-ci ildə ailəsi Sumqayıt şəhərinə köçdüyündən təhsilini 13 №-li orta məktəbdə davam etdirmiş və 1966-cı ildə oranı qızıl medalla bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) kimya fakültəsinə daxil olmuş, 1971-ci ildə ali təhsilini bitirərək kimyaçı, kimya müəllimi ixtisaslarına yiyələnmişdir.
Fəaliyyəti
redaktə1971-ci ildə Xaçmaz rayonunun Yergüc kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamış, 1972–1975-ci illərdə Sumqayıt şəhərinin 18 və 22 №-li məktəblərində müəllim, 1975–1976-cı illərdə 17 №-li məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1976–1980-ci illərdə isə Sumqayıt Şəhər Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1980-ci ildən Azərbaycan Respublikasının Maarif Nazirliyində əvvəl Əmək təlimi və peşəyönümü şöbəsinin müdiri, sonra isə Nazirliyin Baş Məktəblər İdarəsinin rəisi (1983–1985-ci illərdə) vəzifələrində çalışmışdır.
1985–2005-ci illərdə Bakı Şəhər Baş Təhsil İdarəsinin (BŞBTİ) rəisi olmuş, eyni zamanda 2001–2005-ci illərdə Azərbaycan Hökuməti və Dünya Bankı arasında imzalanmış kredit sazişi əsasında Təhsil İslahatı Layihəsi üzrə Layihənin İdarəetmə (Koordinasiya) qrupunun direktoru vəzifəsini daşımışdır. 2005–2010-cu illərdə Azərbaycan Beynəlxalq Bankının İnsan resursları departamenti direktorunun müavini, 2010–2015-ci illərdə isə Azərbaycan Respublikası Mərkəzi Bankının İnkişaf departamentinin direktoru vəzifələrində çalışmışdır.
Hazırda Avropa Azərbaycan Cəmiyyətilə əməkdaşlıq edir, təhsil məsələləri üzrə müşavirdir və 2019-cu ilin noyabr ayından Avropa Azərbayan Məktəbinin (EAS) direktoru vəzifəsində çalışır.
Müəllim fəaliyyəti
redaktəA. Cahangirovun o dövr üçün qeyri-ənənəvi tədris metodikası "Azərbaycan müəllimi" qəzetində (1976, 6 fevral) dərc olunmuşdur. "Prosveşşeniye" (Moskva) nəşriyatında 1975-ci ildə çapdan çıxmış "Преподавание неорганической химии в средней школе" ("Qeyri-üzvi kimyanın orta məktəbdə tədrisi") və 1980-ci ildə nəşr edilmiş "Преподавание неорганической химии в 7–8 классах" ("Qeyri-üzvi kimyanın 7–8-ci siniflərdə tədrisi") metodik vəsaitlərində A. Cahangirovun təcrübəsinə istinadlar olunmuşdur. Vəsaitlərin müəllifi tanınmış alim-pedaqoq, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, SSRİ məktəblərində uzun illər istfadə olunan "Qeyri-üzvi kimya" dərsliyinin əsas müəllifi professor Y. V. Xodakov idi.
Aşağıdakı dövlət əhəmiyyətli sənədlərin hazırlanmasında fəal iştirak etmişdir:
- Müstəqil Azərbaycanın ilk "Təhsil haqqında" qanununun layihəsi (1990–1991);
- Azərbaycanda təhsil siyasətinin müxtəlif aktual məsələləri üzrə normativ-hüquqi aktları (1992–2005);
- Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən təhsil islahatı layihələri və onları müşayiət edən sənəd və materialları (1998–2005);
- Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının layihəsi (2011–2013).
Sumqayıt və Bakı şəhərlərində, habelə Maarif nazirliyində rəhbər vəzifələrdə çalışdığı dövrlərdə A. Cahangirov bir sıra pedaqoji innovasiyaların yaradıcısı olmuş, ümumi təhsil sahəsində idarəetmə forma və metodlarının təkmilləşdirilməsi, qabaqcıl tədris-təlim müəssisələri və müəllimlərin müsbət təşəbbüslərinin dəstəklənməsinə səy göstərmişdir. Onlardan bəziləri aşağıdakılardan ibarətdir.
- Müəllimlərin müsabiqə yolu ilə işə qəbul olunması. Ötən əsr 50-ci illərin ortalarından respublikanın şəhər və rayon mərkəzlərində kəskin şəkildə ali və orta təhsilli müəllim kadrlarının ilbəil artan sıxlığı yaranmışdı. Həmin gərginliyi azaltmaq məqsədilə yuxarı rəhbər orqanların şifahi göstərişi əsasında şəhər və rayon təhsil şöbələrində ixtisası üzrə işləməyən müəllimlərin uçotu qurulmuşdu. A. Cahangirov bu məsələ barəsində təkliflər hazırlamışdır. Təkliflər qəbul olunmuş, 1987-ci ildə Bakıda işsiz müəllimlərin uçotu sistemi ləğv edilmiş və keçmiş SSRİ-də ilk dəfə olaraq, müəllimlərin müsabiqə yolu ilə işə qəbuluna başlanılmışdır.
- Məktəb psixoloji xidməti. Tabeliyində olan Bakı Pedaqoji Kadrların İxtisasartırması İnstitutunun təşəbbüsünü dəstəkləyərək A. Cahangirovun rəhbərliyi altında 1987–1991-ci illərdə Bakıda təhsil prosesinin psixoloji təminatı üzrə xüsusi sistem yaradılmışdır. Respublikada ilk məktəb psixoloqları 1990–1991-ci tədris ilində həmin İnstitutda hazırlanmış və kecmiş SSRİ-də birincilər sırasında olaraq, 1991-ci ilin sentyabrından Bakının 20-dən çox məktəbində psixoloji xidmət fəaliyyətə başlamışdır.
- Şagirdlərin seçim hüququ. 1989-cu ildən A. Cahangirovun təklifi ilə Bakının bir sıra məktəblərində bilavasitə şagirdlər tərəfindən fənn müəllimi və sinif rəhbərlərinin seçiminə başlanılmışdır. Bu proses çox müsbət nəticələr vermiş, şagird və valideynlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
- "Ekologiya" tədris kursu. Novator-müəllim E. Əmirbəyovun təşəbbüsü və A. Cahangirovun yaxından dəstəyi ilə 1989-cu ildə Bakının 178 №-li məktəbində Təbiət elmləri fakültəsi (TEF) yaradılmışdır. Bir qrup mütəxəssisin hazırladığı "Ekologiya" fənni üzrə tədris proqramı təsdiq üçün Təhsil nazirliyinə təqdim olunmuş, lakin nazirlik proqramı qəbul etməmişdir. Proqramın əhəmiyyətliliyini, onun müasir yanaşmalara cavab verdiyini nəzərə alaraq, A. Cahangirov məsuliyyəti öz üzərinə götürərək onu təsdiq etmiş və "Ekologiya" kursunun tədrisinə icazə vermişdir. Növbəti tədris ilində isə bu proqram artıq Təhsil nazirliyi tərəfindən təsdiq olunmuşdur.
- Yaradıcı fəaliyyətə dəstək və Yaradıcı Müəllimlər İttifaqı. A. Cahangirovun tətbiq etdiyi idarəetmə modelində qabaqcıl təcrübənin öyrənilməsi və yayılmasına, müəllim və rəhbər təhsil işçilərinin yaradıcı fəaliyyətinin dəstəklənməsinə böyük diqqət yetirilirdi. Bakıya tanınmış alim-pedaqoqların, novator müəllimlərin, xarici təhsil ekspertlərinin dəvət olunması, onlarla keçirilən görüşlər, təşkil edilən mühazirələr, tematik kurslar, interaktiv mühitdə qarşılıqlı təcrübə mübadiləsi və s. Bakı təhsilinin təkmilləşdirilməsinə müsbət təsir göstərirdi. A. Cahangirovun təşəbbüsü ilə 1987-ci ildə tanınmış alim-pedaqoq, humanist pedaqogikanın müəllifi akademik Şalva Amonaşvili Bakıda olmuş, paytaxt müəllimləri ilə seminarlar keçirmiş, nümunəvi dərslər vermişdir 1989-cu ildə Bakı Yaradıcı Müəllimlər İttifaqı təsis olunmuş, onun çərçivəsində bir sıra uğurlu layihələr həyata keçirilmişdir. Bu sıradan SSRİ-də məşhur olan novator müəllimlər – Sofya Lısenkova, habelə Aleksandr Adamskiy (Moskva, Rusiya) ilə görüşlər, onlar tərəfindən aparılan tematik kursların əhəmiyyəti böyük olmuşdur. Bundan başqa 90-cı illərin sonunda А. Cahangirov İsrail və Fransanın təhsil sistemlərinə dair treninqlər təşkil etmiş, habelə rəhbərlik etdiyi Azərbaycan-İsrail "Salam-Şalom" kubunun xəttilə Bakının iki qrup təhsil işçilərini İsrailə bir aylıq təlim səfərlərinə ezam olunmasını təmin etmişdir.
- Tematik "İl"lər və yaradıcı fəaliyyət. Ötən əsr 90-cı illərin ortalarında ölkənin təhsil sistemini bürümüş ciddi informasiya böhranını nəzərə alaraq, BŞBTİ üzdə olan müəllimlərin fərdi pedaqoji təcrübəsinə istinad etmiş, tanınmış və geniş pedaqoji ictimaiyyətə az tanış olan müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilib yayılmasını əsas fəaliyyət xətti kimi qəbul etmişdir. Belə müəllimlərin novatorluğunun mənəvi stimullaşdırılması, yaradıcı təhsil işçiləri və ümumtəhsil müəssisələrinə maddi dəstəyin verilməsini A. Cahangirov başlıca prioritetlərə çevirmişdi. Hər bir tədris ilinin hansısa aktual pedaqoji mövzuya həsr olunması strategiyasının tətbiqinə qərar vermişdir.
Məsələn,
- Təhsilin humanistləşdirilməsi ili — 1995–1996-cı tədris ili;
- Təhsildə yeni pedaqoji təfəkkürün inkişafı ili – 1996–1997-ci tədris ili;
- Təhsilin humanistləşdirilməsi və uşaq hüquqları ili — 1997–1998-ci tədris ili;
- Təhsilin differensiallaşdırılması və fərdiləşdirilməsi ili — 1998–1999-cu tədris ili.
Mövzuya uyğun olaraq hər bir dərs ili ərzində xeyli sayda təlim seminarı, elmi-təcrübi konfranslar, açıq dərslər, intensiv təcrübə mübadiləsi və sair keçirilir, müsabiqələlərin final mərhələsi və qaliblərin mükafatlandırılmas təşkil edilirdi.
- Dünya Bankı. Azərbaycan Hökuməti və Dünya Bankı arasında imzalanmış kredit sazişi əsasında Təhsil İslahatı Layihəsi üzrə Layihənin İdarəetmə qrupunun (PIU – Project Implementation Unit) idarə olunmasını 2001-ci ilin yanvarında üzərinə götürən A. Cahangirov qısa zamanda Dünya Bankının əlaqədar departamentləri ilə səmərəli əlaqələr qurmuş, ölkə daxilində bütün maraqlı strukturların, pilot məktəblərinin, beynəlxalq və milli məsləhətçilərin dinamik fəaliyyətini təmin etmiş, onların səylərini Layihədə nəzərdə tutulmuş islahat tədbirlərinin böyük sürətlə həyata keçirilməsinə yönəldə bilmişdir. A. Cahangirovun PİU direktoru vəzifəsində fəaliyyətinin nəticələri Dünya Bankının audit qrupu tərəfindən hazırlanmış (həmin audit dünyada tanınmış fin pedaqoqu, tədqiqatçı və təhsil məsələləri üzrə siyasi məsləhətçi Pasi Salberq tərəfindən aparılmışdır) "Layihənin həyata keçirilməsinin başa çatdırılması barədə hesabat"ında ("İmplementation Completion Report") öz əksini tapmışdır.
Aşağıda Dünya Bankının rəhbərliyi tərəfindən təsdiq edilmiş "Azərbaycanda Təhsil İslahatı Layihəsinin həyata keçirilməsinin başa çatdırılması barədə hesabat"ın Azərbaycan dilinə tərcüməsindən bəzi çıxarışlar verilmişdir:
" 3. … Layihənin idarəolunması. … layihənin başlanğıcında (1999–2001-ci illər) çox az irəliləyiş əldə olunmuş və nəticə çox qeyri-qənaətbəxş olmuşdur. Yalnız PİU rəhbərliyi dəyişdirildikdən sonra (2001-ci ilin yanvarında) … layihə güclü PİU direktoru tərəfindən idarə olunmuşdur…
5.1. …layihənin çox mürəkkəb dövründə vəzifəyə gəlmiş yeni PIU direktorunun rəhbərlik bacarıqları yüksək qiymətləndirilməlidir. Həmin vaxtadək layihə, demək olar ki, durğun vəziyyətdə idi…
Əlavə 6. …İcraçı agentliyin fəaliyyətinin reytinqi layihənin iki müxtəlif müddəti üzrə fərqlənir. Birinci müddət (1999–2001-ci illər) qeyri-qənaətbəxş hesab edilmiş, ikinci müddət isə (2001–2004-cü illər) çox qənaətbəxş qiymətləndirilmişdir".
"Çox qənaətbəxş" ("Highly satisfactory") – Dünya Bankının qiymələndirmə şkalasında bu, ən yüksək qiymətdir.
Təmsilçilik
redaktə- Sumqayıt Gənc Müəllimlər Şurasının təsisçisi və sədri (1972–1977);
- Bakı Yaradıcı Müəllimlər İttifaqının təsisçisi və sədri (1989–2000);
- Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının üzvü (1995–2005);
- "Salam-Şalom" Azərbaycan-İsrail Klubunun həmtəsisçisi və sədri (1998–2004);
- Avropa Ölkələri Paytaxtlarının Beynəlxalq Pedaqoji Klubunun həmtəsisçisi (1999);
- Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin Koordinasiya Şürasının üzvü (mart 2018);
- Humanist pedaqogikanı tətbiq edən təhsil qurumlarının beynalxalq asossiasiyasının prezidenti (avqust 2018)
Təltifləri
redaktə- 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
- 2017-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Dövlət təltiflərindən əlavə "Azərbaycan Respublikasının maarif əlaçısı", "SSRİ maarif əlaçısı" döş nişanları ilə təltif olunmuş, "Humanist pedaqogikanın cəngavəri" adına layiq görülmüşdür.
Nəşrlər
redaktəTəhsilin müxtəlif problemlərinə aid A. Cahangirovun 150-dən artıq məqalə və müsahibələri dərc edilmişdir. Bunların sırasında:
- "На путях обновления", журнал "Русский язык и литература в азербайджанской школе", № 7, 1988
- "C болью в сердце говорю… Окрытое письмо землякам в Нагорном Карабахе", "Бакинский рабочий" qəzeti, 27 avqust 1989
- "Yenidənqurma yollarında", "Bakı" qəzeti, 12 oktyabr 1989
- "Да здравствует культ личности! Каждого отдельно взятого ученика", "Панорама Азербайджана" qəzeyi, 31 oktyabr – 6 noyabr 1991
- "Təhsil qanunu işləmir", "Azərbaycan" qəzeti, 17 sentyabr 1993
- "Orta təhsilə münasibət dəyişilməlidir", "Xalq" qəzeti, 23 may 1997
- "Школа – общество – школа", "Вышка" qəzeti, 3 oktyabr 1997
- "Yeni pedaqoji təfəkkür", "Azərbaycan müəllimi" qəzeti, 14–20 sentyabr 2000
- "İslahatın tələbi: müasir dərs", Azərbaycan müəllimi" qəzeti, 21–27 sentyabr 2000
- "Müasir dərs və onun tələbi", "Azərbaycan müəllimi" qəzeti, 28 sentyabr-4 oktyabr 2000
- "Polşanın islahat təcrübəsi", "Azərbaycan müəllimi" qəzeti, 16–22 noyabr 2000
- "До глобальных перемен в школьном образовании еще далеко", "Наш век" qəzeti, 19 yanvar 2001
- "Директоров школ надо избирать", "Вышка" qəzeti, 14 sentyabr 2001
- "Интегративные предметы в школе: новая напасть или панацея?", Зеркало" qəzeti, 24 fevral 2001
- "Təhsildə avtoritar metodla idarəçilik özünü doğrultmur", "Bizim əsr" qəzeti, 14 avqust 2002
- "Təhsildə islahatlar sıçrayış yoluyla aparıla bilməz", "Kaspi" qəzeti, 4 iyul 2003
- "Результаты реформ в системе образования – через 10–15 лет", "Обозреватель" qəzeti, 14 noyabr 2003
- "Təhsil islahatı: dünən, bu gün, sabah", "Xalq qəzeti", 14 fevral 2004
- "The most tolerant person is a child", İnternational Pedagogical Club of the European Capitals, The 10th Conference "Tolerance and dialogue in education", İstanbul, Türkiə, 27–30 sentyabr 2009
- "Зеркало" qəzetində "Şənbə dərsi" ("Субботний урок") adlı 30 silsilə məqaləsi çap olunmuşdur;
- "Дошкольному образованию – зеленый свет", 26 oktyabr 2008
- "Актуальные проблемы высшего образования страны в контексте некоторых общемировых тенденций", 15 noyabr 2008
- "Болонская декларация: и где же мы?", 29 noyabr, 6 və 13 dekabr 2008
- "Высшее образование в глобализирующемся мире и азербайджанские реалии", 27 dekabr 2008, 10, 24 yanvar və 7 mart 2009
- "Образованность. Образованность ли?", 4 iyul 2009
- "Соединительный угол – нравственность", 12 sentyabr 2009
- "Некоторые актуальные вопросы общего образования", 26 sentyabr, 7 noyabr 2009
- "Общеобразовательная школа: учитель", 10 və 24 oktyabr 2009
- "Cоветское или?..", 21 noyabr və 5 dekabr 2009
- "Управление образованием: что плохого в плохом директоре школы", 19 dekabr 2009
- "Управление образованием: Советский авторитаризм и современный менеджмент", 9 yanvar 2010
- "Стратегия успешности — развитие!", 30 yanvar, 3 və 27 fevral 2010
- "Закон "Об образовании": шаг вперед, два шага назад?", 31 yanvar, 7, 14 və 21 fevral 2009
- "Мониторинг: большой шаг к осовремениванию управления", 13 mart, 3 və 17 aprel 2010
- "Закон принят. Да здравствует закон?", 20 iyun 2009.
Mənbə
redaktə- "Soy" Elmi-kütləvi dərgi, № 1 2003 (Səh.24)
- "Преподавание неорганической химии в средней школе", "Просвещение" nəşriyyatı, 1975 il., səh.139,150,151
- "Преподавание неорганической химии в 7–8 классах", "Просвещение" nəşriyyatı, 1980 il, səh.120
Xarici keçidlər
redaktə[1] Arxivləşdirilib 2007-10-19 at the Wayback Machine [2]