Atciliq - Wikipedia
Atçılıq — heyvandarlığın qədim sahələrindən biri olmaqla cəmiyyətin mühüm ehtiyaclarını ödəmək məqsədilə əsrlər boyu yetişdirilmişdir.
Atların yetişdirilməsi, saxlanması, istifadəsi, sınağı, at cinslərinin təkmilləşdirilməsi ilə məşğul olan qədim heyvandarlıq sahələrindən biri. FAO-nun (BMT-nin Ərzaq və k.t. təşkilatı) məlumatına (2007) görə dünyada 50 mln. baş at, o cümlədən ABŞ-də 9,2 mln., Çində 7,641, Meksikada 6,26, Braziliyada 5,7, Argentinada 3,65, Kolumbiyada 2,553, Monqolustanda 2,09, Efiopiyada 1,655, Türkiyədə 1,2 mln. baş at vardır.
Damazlıq, idman, iş atlarının yetişdirilməsi, Atçılıq məhsullarının (ət, süd, qımız, dəri, boğaz madyan zərdabı–BMZ hormon preparatı və s.) alınması və xidmət növləri (turizm, ippoterapiya – müalicəvi atsürmə və s.) sahənin iqtisadi əsasını təşkil edir.
İnsanlar Atçılıqla ən qədim zamanlardan – Daş dövrünün sonlarından məşğul olmağa başlamışlar. Tarixi mənbələrdə atın əhliləşdirildiyi ilk məskənlər kimi Çinin Qansu bölgəsindən qərbə doğru, Orta Asiya, Xəzərin c.-q.və c.-ş. sahilboyu ərazilərindən keçməklə Balkan d-rına qədər uzanan, əsasən, türk xalqlarının məskunlaşdığı ərazilər göstərilir. Azərb.-ın tarixi əraziləri atın əhliləşdirildiyi və Atçılığın təşəkkül tapdığı məskənlərin kəsişdiyi yerlərdir. Dünyada, o cümlədən Azərb.-da orta əsrlər Atçılığın "qızıl əsri" hesab edilir. Ərəbistanda ərəb, Türkmənistanda Axaltəkə, Azərb.-da Qarabağ atı, Dilbaz atı, Rusiyada Don atı, İngiltərədə təmizqanlı minik atı, 18 əsrin sonu –19 əsrdə Rusiyada ağır yük atı, Avropada bir çox idman atı cinsləri formalaşmışdır.
Canlı hərəkət vasitəsi kimi atdan istifadə olunması, istehsal qüvvələrinin inkişafı ilə əlaqədar olaraq xeyli dəyişmişdir. Sürətli yerişə, qüvvə və davamlılığa, gözəlliyə malik olduğu və eləcə də fermer təsərrüfatının ayrı-ayrı sahələrində kənd təsərrüfatı işlərinin görülməsində böyük rol oynadığı üçün, müasir maşın və texnikadan istifadə ilə yanaşı atçılıq əvəzedilməz bir qüvvədir.[1]
Minik atçılığı və əvvəlcə şərq, sonra isə qərb ölkələrində inkişaf etdiyi halda, qoşqu atçılığı, xüsusilə ağır iş atları qərb ölkələrində geniş inkişaf etmişdir. Fermer təsərrüfatlarının iş təcrübəsi göstərir ki, yüngül təsərrüfat işlərini canlı qoşqu vasitəsilə görmək daha səmərəli nəticə verir. Dağ şəraitində at qüvvəsi ilə görülən işlər də çoxdur. Hazırkı şəraitdə atın rolu yalnız onun işi ilə bitmir. Atçılıq idmanının genişlənməsi yüksək keyfiyyətli atların yetişdirilməsi tələbini irəli sürür.
Azərbaycanda atçılıq
redaktəOrduda da atdan geniş istifadə olunur. Azərbaycan Respublikasında atçılığın hazırkı vəziyyətinə gəldikdə qeyd etmək lazımdır ki, aqrar sahədə islahatlar aparıldıqdan sonra respublikada atların sayı artaraq 71 min başa çatmışdır.Bu 1995-ci ilə nisbətən 27 min baş və ya 61 faiz çoxdur. Hazırda Azərbaycanda yüksək keyfiyyətli Qarabağ və Dilbaz atları həmçinin Quba, Şirvan və digər yerli atlar yetişdirilir.
Azərbaycanda dövlət müəssisələri olan Ağdam və Ağstafa at zavodları, Şəkidəki "Daşüz" damazlıq təsərrüfatına məxsus at ferması, Bakı Dövlət Cıdır Meydanı, Ağstafadakı "Dilbaz" atçılıq təsərrüfatı damazlıq Atçılıqla məşğul olur. Atçılıqla məşğul olan özəl qurumlar da formalaşmaqdadır. Azərbaycanda 30-adək hüquqi və fiziki şəxs tərəfindən müxtəlif cinslərə aid 800 başdan artıq at saxlanılır. Belə təsərrüfatlardan Azərb. Jokey klubu, "Günay" Atçılıq təsərrüfatı, "Murad" firması müasir zavod tələbləri əsasında işləyir.
- Burada yerli cinslərlə yanaşı, ərəb, təmizqanlı ingilis minik atı, Axaltəkə, Hannover, Holştin, Budyonnı və başqa cinslər və onların mələzləri yetişdirilir. Dövlət Sərhəd Xidmətində, daxili qoşunlarda xidməti atlardan istifadə olunur. Damazlıq atların mərkəzləşdirilmiş uçotu və qeydiyyatı Kənd Təsərrüfatı Nazirliyinin "Azərdamazlıq" İB tərəfindən Dövlət Damazlıq kitablarında (DDK) aparılır. "Atçılıq haqqında" Azərbaycan Respublikası Qanunu (2007) qəbul olunmuşdur.
Müasir atçılıq
redaktəİppologiya əsasında inikişaf edən xüsusi zootexniyanın bir bölməsi. Müasir Atçılıq embriologiyaya, populyasiya genetikasına, immunogenetikaya, DNT-nin polimorfizminə, atların genomunun təsvirinə dair məlumatlara malikdir. Spermanın kriokonservasiyası və embrionun transplantasiyası metodları, idman atlarının orqanizmində oksidləşmə-reabilitasiya proseslərinin tənzimlənməsi, cinslərin seleksiya proseslərinin müasir informatika texnologiyaları əsasında idarə edilməsi metodları işlənib hazırlanmışdır.