Aydag Seolit Yatagi - Wikipedia
Aydağ seolit yatağı — Tovuz rayonunda yerləşən Üst Təbaşir yaşlı seolit yatağı.
Stratiqrafiyası
redaktəAzərbaycanda Üst Təbaşirin seolit yataqları Kiçik Qafqazın dağətəklərində, eləcə də Orta Kür çökəkliyinin cənub kənarlarının çökmə strukturlarında və Böyük Qafqazın Vəndam zonasında yerləşir.[1]
Aydağ seolit yatağı Aydağ sinklinalının periklinal hissəsinə daxil olmaqla, Qazax çökəkliyinin cənub-şərq hissəsində yerləşir və Koroğlu lay dəstəsinin Santon çöküntülərinə aiddir. Yataq 2 massiv (25-30 m) və bir neçə zəif qalınlığa malik, Santon-Alt Kampan pelitomorf əhəngdaşıları və mergellərdən ibarət olan laylarla təmsil olunub. Yer səthinə çıxan hissənin eni 20-120 m, uzunluğu 3 km dərinliyi 40-200 m-dir. Layların cənub-şərq istiqamətində monoklinal yatımı müşahidə olunur və bu layların qalınlığı şimal-şərq istiqamətdə artır. Karyer rayonlarında ən böyük qalınlıq mövcuddur, bununla da gələcək kəşfiyyat işlərinin perspektivliyi əlaqələndirilir. Seolitli küllər sonradan linzavari ləkəli çəhrayı-yaşıl, açıq-yaşıl, sıx yaşıl mergeləbənzər tuflara keçən çəhrayı-ağ dənəvər biotit tuflarla örtülüb. Burada eləcədə seolit-gilli, seolit-silisiumlu kristallaşması və çəhrayı-boz bentonit əlavələri müşahidə olunur. Aydağ külləri Öksüzlü küllərinə nisbətən cavandır.[1]
Kimyəvi tərkib
redaktəMüxtəlif trassların kimyəvi tərkibi lavanın tərkibinə yaxındır. Əsas kimyəvi komponentlər SiO2 (silisium-dioksid)(64.6-66.19%) və Al2O3-in (alüminium oksid) (10.08-12.32%) miqdarı eynidir, lakin qələvilərin, dəmir oksidin, manqanın tərkibi isə bir qədər fərqlidir. Beləliklə küllü tufların bir çox problarında K2O-nun (kalium oksidi) Na2O-ya (natrium oksid) və Fe2O3-ün (dəmir(III) oksid) FeO-ya nisbətən üstünlüyü, MnO-nun (manqan(II) oksid) böyük miqdarı, SO3 (kükürd trioksid) və MgO-nun (maqnezium oksid) aşağı miqdarı müşahidə olunur. Öksüzlü traslarında isə bu oksidlərin miqdarı Ayadağdakıların əksidir.[1]
Qırılma pozulması Aydağ yatağını üç hissəyə bölür: qərb, mərkəz və şərq. Ən perspektivli hissə Yer səthinə 200 m çıxışı olan mərkəzi hissədir. Burada üç layın olduğu müəyyən olunmuşdur: 1) açıq boz tuflar; 2) qonurvari boz tuflar; 3) alt – maviyəçalan-boz cizgilər.[2]
Ehtiyatı
redaktəBu yataqda dəqiq kəşfiyyat işləri aparılmış və B+C1+C2 kateqoriyaları üzrə ehtiyatı 12,6 mln.ton hesablanmışdır.[3] Hazırda Aydağ seolit yatağı «Azərseolit» Elmi Sənaye Birliyi tərəfindən istismar edilir.[4]
Tətbiqi
redaktəAydağ yatağının təbii seolitləri qazların qurudulması, benzol və su buxarının təbii qazlardan tutulması, neft-kimya proseslərində katalizator kimi, sutəmizləyici qurğularda süzgəc kimi, rezin, plastik kütlə, kağız, aşqar sement istehsalı, tibbdə, yuyucu tozların və mineral-polimer materialların istehsalında doldurucu kimi yararlıdır, kənd təsərrüfatında torpaqların keyfiyyətinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması, heyvandarlıq və quşçuluqda yemə inert əlavə kimi onların istifadə sahələri müəyyənləşdirilmişdir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 Геология Азербайджана, том VI. Полезные ископаемые. Баку-2005.
- ↑ Минерально-сырьевые ресурсы Азербайджана. Баку-2005
- ↑ http://az.strategiya.az/chap.php?id=37553[ölü keçid]
- ↑ 1 2 "Arxivlənmiş surət". 2019-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.