Ayrantoken Palciq Vulkani - Wikipedia
Ayrantökən palçıq vulkanı — Bakıdan 65 km cənub-qərbdə, Atbulaq d/y stansiyasından 4.5 km şimal-şərqdə yerləşir və nisbi hündürlüyü 190 m olan uzanan yayladır. Morfoloji əlamətlərinə görə ovalığa oxşar formadadır. Cənub yamacı boyunca 1964–1990-cı il püskürmələrinin brekçiya axını müşahidə olunur. 1.5 km uzunluğunda və 200 m enində "dillər" 1964-cü il püskürməsi zamanı düzənliyə axmışdır. Yüksəklik sahəsində 4 vulkan təzahürləri vardır ki, bunlardan biri strukturun cənub-qərb hissəsində yerləşir və neftli qrifonları təşkil edir. Digəri, sopka və qrifonların böyük qrupu indiki kraterin şimal- qərbində yerləşir və çoxlu sayda aktiv fəaliyyətli mikroformalara malikdir; sopkaların hündürlüyü 5–10 m-ə çatır. Krater sahəsinin ətrafında uzunluğu 700–800 m, dərinliyi 2–3 m olan bir neçə iri çatlar vardır. Kraterin mərkəzində brekçiyanın parçalanması müşahidə olunur. Brekçiyanın ümumi həcmi 500 mln. m³, örtük sahəsi isə 805 ha-dır. Ayrantökən dövrü olaraq püskürən vulkandır. Vulkanın demək olar ki, bütün püskürmələri yeraltı uğultu, partlayış, alov sütunu (bəzən, 500 m hündürlüyündə), fasiləsiz qaz yanması, vulkan brekçiya tullantılarının olması və parçalanma zonalarının, eləcə də müxtəlif istiqamətli, 45–20 m dərinlikdə, çatların əmələ gəlməsilə müşahidə olunmuşdur. Onun ilk püskürməsi 1964-cü ildə, son püskürməsi isə 2008-ci ilin martında baş verib. 2004-cü ildəki püskürmə xeyli güclü olub, alovla, 20–25 m hündürlüyə atılan brekçiya ilə müşayiət olunmuşdur. 400 min m³ həcmində və 1.2 m qalınlığında brekçiya krater ərazisində mərkəzində 4.5 ha sahəni örtmüşdür. Onun cənub və cənub-şərq hissələrində müxtəlif istiqamətli çatlar və köhnə brekçiya örtüyünün parçalanması baş vermişdir. Tullantılar içərisində çoxlu sayda neftli süxur qırıntıları vardır.
Ayrantökən palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
İlk püskürmə | 1964 |
Son püskürmə | 1990 |
Mütləq hündürlüyü | 190 m |
Yerləşməsi | |
40°01′40″ şm. e. 49°16′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Hacıqabul |
|
Mənbə
redaktə- Ayrantökən palçıq vulkanı Arxivləşdirilib 2011-07-17 at the Wayback Machine