Azerbaycan Cin Munasibetleri - Wikipedia
Azərbaycan–Çin münasibətləri — Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Çin münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Azərbaycandaki Çinin səfirliyi | |||||
Səfir | Guo Min | ||||
Ünvan | Bakı, Xaqani küçəsi, 67 | ||||
Çindaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Bünyad Hüseynov[1] | ||||
Ünvan | Pekin, Diplomatik qəsəbəsi, Qijayuan, Villa B-3-3 | ||||
Digər | |||||
Quruluş tarixi | 2 aprel 1992 | ||||
Dövriyyə | 2,16 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Çin 27 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanımışdır.
Diplomatik əlaqələr
redaktəİki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur[2].
Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərarlaşdırıb.
İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
1994-cü il 7-10 mart tarixində Azərbaycan Rspublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Prezident Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin, Baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdır.
ÇXR sədri Tszyan Tszemin Azərbaycan Prezidenti Heydər Əliyevlə danışıqlarda bildirib: "Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır".
Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf edir.
Heydər Əliyev Çinin beynəlxalq siyasi və iqtisadi işlərdə böyük rol oynadığını və islahatlar keçirilməsində Çinin təcrübəsinin öyrənilməsinə Azərbaycanın maraq göstərdiyini qeyd edib.
Hər iki ölkənin rəhbərləri belə bir yekdil fikir söyləmişlər ki, dövlətlərarası münasibətlər dinc yanaşı yaşamaq prinsipi əsasında qurulmalıdır.
Elə həmin gün Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamışlar. İki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanıb.
Martın 8-də Heydər Əliyev ÇXR Dövlət Şurasının baş naziri Li Penlə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif cəhətlərinə, habelə Azərbaycanda və bütövlükdə bölgədə vəziyyətlə bağlı məsələlərə toxunulub.
Siyasi əlaqələrlə yanaşı hər iki şərq ölkəsini mədəni münasibətlər də bağlayır. Azərbaycan Respublikası və ÇXR arasında imzalanmış mədəni əməkdaşlığa dair müqaviləyə əsasən 1995-ci il 12-21 aprel tarixi arasında Pekin Beynəlxalq sərgi mərkəzində məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisi keçirilib.
1996-cı il 17-18 aprel Çin Xalq Respublikası Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tsyan Tsiçeni qəbul edib. Bu zaman ikitərəfli münasibətlərlə yanaşı, əsas müzakirə mövzularından biri Azərbaycanın dövlət suverenliyi və torpaqlarının işğalı olub. Tsyan Tsiçen ÇXR-in Azərbaycan Respublikasının torpaqlarının toxunulmazlığını tanıdığnı və Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib.
1997-ci il 27-30 avqust arasında Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin sədr müavini Van Bintsyanın başçılığı ilə nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə, Azərbaycan və Çin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi barədə görüşlər keçirib. Çin Xalq Yığıncağının nümayəndə heyəti Milli Məclisə 60.000 dollar məbləğində texniki yardım təqdim edib.
1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin təşəbbüsü ilə tarixi Böyük ipək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olub.
2000-ci ildə 21-24 iyun tarixi arasında Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen Azərbaycana səfər edib. Li Pen Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirib. Heydər Əliyev Li Penə Çinin inkişaf yolunu yüksək qiymətləndirdiyini bildirib. Səfər zamanı Li Pen və Heydər Əliyev Bakı şəhərində Çin Xalq Respublikası səfirliyinin yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev də ÇXR-lə münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır. 2005-ci il martın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər edib. ÇXR-in sədri Xu Szintao Azərbaycan Prezidentinin bu ölkəyə səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirib. O, həmçinin, Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirib. Öz növbəsində İlham Əliyev Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına köməklik göstərəcəyini deyib.
İlham Əliyev Çinə səfəri zamanı Azərbaycan-Çin biznes forumunun işində iştirak edib, Böyük Çin Səddinə baxıb, həmçinin, digər işgüzar görüşlərdə iştirak edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Çin dünya ictimaiyyəti ilə birlikdə problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə edib. Azərbaycan da Çinin vahid Çin siyasətinə hörmət edir və Tayvanı Çinin vahid hissəsi kimi qəbul edir.
2006-cı il 19 oktyabr-da Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin binasında Çin-Azərbaycan Dostluq Cəmiyyətinin (ÇADC) təsis iclası keçirilib.
Tədbirdə ÇXR-in Azərbaycandakı keçmiş səfirləri Ley İnçen Çin-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Çjan Qotsyan sədr müavini, Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin Avropa və Asiya ölkələri İdarəsinin şöbə müdiri Sun Tsinqo baş katibi seçilmişlər. Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Çen Xaosu yeni yaradılmış qurumun ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsində, mədəniyyət sahəsində qarşılıqlı mübadilənin həyata keçirilməsində vacib rol oynayacağına əmin olduğunu bildirib.
7 avqust 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarının açılış mərasimində iştirak etmək üçün Çində səfərdə olub.
10 avqustda Çin Xalq Respublikasının paytaxtı Pekində - "China World Hotel" də XXIX Yay Olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 aprel 2009 -ci il Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cjan Yannyanın etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əlaqələrin uğurla inkişaf etdiyini, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Səfir Çin Xalq Respublikasının sədri Hu Szintaonın səmimi salamlarını dövlətimizin başçısına çatdırıb. O deyib ki, Çin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Çinə dövlət səfərinin qarşılıqlı əlaqələri yeni inkişaf səviyyəsinə qaldırdığını bildirir. Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin daim inkişaf etdiyini və möhkəmləndiyini vurğulayan diplomat dövlətimizin başçısını əmin edib ki, səfir kimi fəaliyyəti müddətində ikitərəfli əlaqələrin daha da genişlənməsinə səy göstərəcək.
Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər daim inkişaf edir. İki ölkə arasında heç bir problem yoxdur. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqların toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiklərini bildirir.
Hal-hazırda Azərbaycan Respublikasının ÇXR-dəki səfiri Lətif Qəndilovdur.
Parlamentlərarası əlaqələr
redaktəAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[3]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Maksim Musayev olmuşdur[4]. 4 mart 2016-cı il tarixindən Siyavuş Novruzov işçi qrupunun rəhbəridir[3].
Çin-Azərbaycan Parlamentlərarası Dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Xarici işlər üzrə Komitəsinin sədri Li Caosindir (Li Zhaoxing) (ÇXR-in sabiq Xarici İşlər Naziri).
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında 44 sənəd imzalanmışdır.
Yüksək səviyyəli qarşılıqlı səfərlər:
- 7-10 mart 1994-cü il – Prezident H.Əliyevin rəsmi səfəri
- 17-19 mart 2005-ci il – Prezident İ.Əliyevin rəsmi səfəri
- 8 avqust 2008-ci il – Prezident İ.Əliyevin XXIX Pekin Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində iştirak etmək məqsədilə səfəri
İqtisadi münasibətlər
redaktəƏmtəə dövriyyəsi (min doll.)
redaktəİl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[5] | 432 760,54 | 1 413 824,48 | 1 846 585,02 |
2021[6] | 141 148,55 | 1 639 492,64 | 1 780 641,19 |
2022[7] | 72 763,74 | 2 086 286,16 | 2 159 049,9 |
Diaspora
redaktəÇin azərbaycanlıları
redaktəMədəni əlaqələr
redaktəMərkəzi və Şərqi Asiyada böyük bir dövlət olan Çin tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi və təsiri olan ölkə kimi diqqəti cəlb etmişdir. Onunla qədim sivilizasiyalardan biri hesab edilən, Çindən məsafəcə uzaqda yerləşən Azərbaycan arasında mədəni əlaqələrin tarixi qədimlərə təsadüf edir.Aralarında məsafə uzaqlığına baxmayaraq hər iki ölkə arasındakı mədəni münasibətlərin təşəkkülü eramızdan əvvəllərə gedib çıxır. E.ə. II əsrin əvəllərindən başlayaraq Azərbaycan Şərqi Asiya ölkələrinin Qərblə beynəlxalq tranzit ticarəti yolunda yerləşdiyinə görə onun bu ölkələrlə ticarət, iqtisadi sahələrdə olduğu kimi mədəni sahədə də əlaqələr yaratmasına geniş imkanlar açılmışdır.
Azərbaycan-Çin mədəni əlaqələrinin tarixi mənzərəsinə nəzər saldıqda sovet dövründə bu əlaqələrin xüsusi bir ardıcıllıqla həyata keçirldiyinin şahidi oluruq. Bu ilk növbədə onunla əlaqədar idi ki, əvvəlki tarixi dövrlərdən fərqli olaraq Çinlə mədəni əlaqələrin aparılması sovet dövlətinin xüsusi siyasəti çərçivəsində həyata keçirilirdi. Bu əlaqələr ikitərfli əməkdaşlıq kontekstində reallaşdırılırdı. Azərbaycan da SSRİ-nin tərkib hissəsi kimi ümumdövlət siyasətindən çıxış edərək Çinlə mədəni əməkdaşlıq aparırdı. 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayında Çindən də nümayəndələrin iştirakı yeni tarixi şəraitdə iki ölkə Sovet Azərbaycanı və Çinlə mədəni əlaqələrin qurulması işində mühüm əhəmiyyət kəsb edir.
Müasir mərhələdə Çin Xalq Respublikası böyük potensiala malik olaraq ən müasir texnologiyalar tətbiq edərək yüksək sürətlə tərəqqi edir. Bu gün Çin Milli Neft Korporasiyası, ümumilikdə Çin şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edirlər. Bu sahəyə böyük sərmayə qoyurlar. Çin şirkətlərinin neft layihələrində iştirakı ilə Azərbaycanda neft hasilatı artır. Belə ki, Çin Milli Neft Korporasiyasının vitse-prezidenti Çou Dzipinin başçılıq etdiyi nümayəndə heyətinin 2004-cü il iyul ayında Azərbaycana səfər etməsi bunu təsdiqləyən faktdır.
Poçt markaları
redaktəQardaşlaşmış şəhərlər
redaktə- Sumqayıt, Azərbaycan – Cu Cou, Çin
İdman sahəsində əməkdaşlıq
redaktəFutbol qarşılaşmaları
redaktə1985 FİFA Dünya Gənclər Çempionatı
redaktə1985-ci ildə SSRİ-də təşkil olunmuş FİFA Dünya Gənclər Çempionatının "D" qrupunun oyunları Azərbaycanda keçirilmişdir ki, Çin Xalq Respublikasının gənclər millisi də həmin qrupda yer almışdır. Onlar qrup mərhələsinin ilk iki oyununu Bakıda, sonuncu matçı isə Sumqayıtda keçirmişlər. İlk qarşılaşmada Meksikaya 1:3[10] hesabı ilə məğlub olsalar da, sonrakı iki matçda isə İngiltərəyə 2:0[11], Paraqvaya da 2:1[12] hesabları ilə qalib gələrək, qrup mərhələsini Meksikanın ardından ikinci pillədə başa vurub, 1/4 filana vəsiqə qazanmışlar[13].
İqtisadiyyat
redaktə2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 43,5% artaraq 3,1 milyard ABŞ dolları təşkil edib.[14] 1995-2023-cü illərdə Çin Azərbaycana 930,8 miyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bunun 754,1 milyon ABŞ dolları neft-qaz, 176,7 milyon ABŞ dolları isə qeyri-neft-qaz sektorunu əhatə edib.[15] 2024-cü ilin yanvar-may aylarında Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi 178 min ton təşkil edib ki, bu da 2023-cü il ilə müqayisədə 31,6% çoxdur.[16]
2023-cü ildə Çinin Çindao şəhəri ilə Bakı arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 233 milyon yuan (32,05 milyon ABŞ dolları) təşkil edib.[17]
10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes qurmaq üçün müraciət edib.[18]
Mənbə
redaktə- Azərbaycan-Çin münasibətləri Arxivləşdirilib 2013-09-06 at the Wayback Machine
Ədəbiyyat
redaktə- Maral Manafova. Azərbaycanın Şərqi Asiya ölkələri ilə mədəni əlaqələri. Dərs vəsaiti. Bakı, 2008, 36 s.
İstinadlar
redaktə- ↑ "B.S.Hüseynovun Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-31.
- ↑ Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- ↑ 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
- ↑ "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
- ↑ AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
- ↑ 1 2 3 4 25.02.2008. XXIX Yay Olimpiya Oyunları. Beijing - 2008. Arxivləşdirilib 2018-01-17 at the Wayback Machine azermarka.az, 25.02.2008 (az.)
- ↑ 9 Aprel, 1996. Atlanta Olimpiya Oyunları-96 Arxivləşdirilib 2019-05-21 at the Wayback Machine. azermarka.az, 09.04.1996 (az.)
- ↑ FIFA World Youth Championship USSR 1985: First stage - Group D: China PR–Mexico Arxivləşdirilib 2017-11-19 at the Wayback Machine. fifa.com (ing.)
- ↑ FIFA World Youth Championship USSR 1985: First stage - Group D: England–China PR Arxivləşdirilib 2017-11-19 at the Wayback Machine. fifa.com (ing.)
- ↑ FIFA World Youth Championship USSR 1985: First stage - Group D: Paraguay–China PR Arxivləşdirilib 2017-11-19 at the Wayback Machine. fifa.com (ing.)
- ↑ FIFA World Youth Championship USSR 1985: Groups Arxivləşdirilib 2017-06-16 at the Wayback Machine. fifa.com (ing.)
- ↑ "Müvəqqəti işlər vəkili: "Çin-Azərbaycan iqtisadi göstəriciləri rekord həddə çatıb"". Report İnformasiya Agentliyi (az.). 2024-07-08. 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
- ↑ "Çinin Azərbaycana investisiya qoyuluşu 1 milyard dollara yaxınlaşıb". Report İnformasiya Agentliyi (az.). 2024-07-08. 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
- ↑ "AZPROMO: Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi təxminən 32 % artıb". Report İnformasiya Agentliyi (az.). 2024-07-08. 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
- ↑ "Bakı ilə Çindao arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb". Report İnformasiya Agentliyi (az.). 2024-07-08. 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
- ↑ "Orxan Məmmədov: "10-a yaxın Çin şirkəti Qarabağda biznes qurmaq üçün müraciət edib"". Report İnformasiya Agentliyi (az.). 2024-07-08. İstifadə tarixi: 2024-07-08.
Xarici keçidlər
redaktə Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |