Azerbaycan Iran Muqavileleri 1918 1920 - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tarixi
redaktəAzərbaycan Xalq Cümhuriyyəti bütün qonşu dövlətlərlə olduğu kimi, İranla da diplomatik münasibətlər yaradılmasına xüsusi diqqət verirdi. Lakin Şimali Azərbaycanda müstəqil dövlətin-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilk vaxtlar İran tərəfindən soyuq qarşılandı. Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin 1919 ilin iyulunda Cümhuriyyətin yaranması haqqında İran konsulluğuna təqdim etdiyi bəyannamə geri qaytarıldı, İranın Azərbaycan adlı dövləti tanımadığı bildirildi. Lakin bu vəziyyət çox çəkmədi, İranın Azərbaycana münasibətində dəyişiklik yarandı. İran diplomatiyası hər iki ölkənin vahid dövlətdə birləşdirilməsi ideyasını ortaya atdı. İran nümayəndələrinin 1918 ilin sonlarında Bakıda, 1919 ilin yanvarında isə İstanbulda irəli sürdüyü bu ideya müstəqil Azərbaycan dövləti tərəfindən müsbət qarşılanmadı. Bununla belə, Azərbaycan Hökuməti İranla diplomatik münasibətləri yaradılması sahəsində fəaliyyətini davam etdirdi. 1919 ilin yazında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə İrana fövqəladə missiya göndərildi, orada diplomatik nümayəndəlik yaradılması və b. məsələlər müzakirə edildi. İyulun 16-da İranda Azərbaycan diplomatik nümayəndəliyi təsis olundu. Adil xan Ziyadxanovun rəhbərli etdiyi nümayəndəlik Azərbaycanla İran arasında mühüm sahələr üzrə müqavilə və sazişlər bağlanması üçün zəmin hazırlamağa başladı. Bu dövrdə Əlimərdan bəy Topçubaşov başda olmaqla, Paris sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin irəli sürdüyü ərazi iddiaları ciddi qəbul edilmirdi. Lakin İran nümayəndə heyətinin tərkibində baş verən dəyişiklik bu işdə müəyyən irəliləyişə səbəb oldu. Parisdə Azərbaycan nümayəndələri ilə görüşən İran xarici işlər naziri Firuz Mirzə Qafqazda müstəqil Azərbaycanın mövcudluğunun zəruriliyini xüsusi qeyd etmiş və İranın Qafqaz Azərbaycanının heç bir hissəsini təhdid etmədiyini qətiyyətlə bildirmişdi. Azərbaycan -İran danışıqlarının davam etdirilməsi qərara alındı. 1919 ilin oktyabr ayında Parisdə Azərbaycan -İran birgə komissiyası yaradıldı. Komissiya iki dövlət arasında əməkdaşlığın əsasları haqqında saziş layihəsi hazırladı. Bu məqsədlə 1919 il noyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi yanında daimi müşavirələr, konfranslar keçirilməsi qərarlaşdırıldı. Dekabrın 1-də Ziyaəddin Təbatəbai başda olmaqla, İran nümayəndə heyəti Bakıya gəldi. Azərbaycan-İran konfransının ilk iclası dekabrın 5-də Xarici İşlər Nazirliyində keçirildi. Elə həmin gün müqavilə layihələrini hazırlamaq məqsədilə qarşılıqlı hüquqi-siyasi, ticarət-gömrük-tranzit və poçt-teleqraf komissiyaları yaradıldı. Yollar naziri Xudadat bəy Məlik-Aslanov və poçt teleqraf naziri Camo bəy Hacınski müvafiq komissiyaların sədrləri təyin olundular. Siyasi, hüquqi və hərbi problemlərə dair məsələlərin müzakirəsi zamanı danışıqlarda Səməd bəy Mehmandarov və Aslan bəy Səfikürdski də iştirak edirdi. Azərbaycanda Hökumət dəyişikliyi ilə əlaqədarmüəyyən fasilə vermiş konfransın işi dekabrın 28-də yenidən bərpa edildi. Azərbaycan-İran konfransının yekun iclası 1920 il martın 20-də keçirilmişdi. Azərbaycanla İran arasında danışıqlar nəticəsində aşağıdakı müqavilə və sənədlər imzalanmışdı.
Azərbaycan Respublikası (Qafqaz) və İran imperiyası arasında dostluq müqaviləsi
redaktəMüqavilə 4 maddədən ibarət idi. 1-ci maddəyə əsasən, İran Azərbaycan Respublikasının (Qafqaz) mütəqilliyini tanıdığını bəyan edirdi. 2-ci maddədə razılığa gələn hər iki tərəfin dostluq münasibətləri və sabit iqtisadi əlaqələr yaratmaq üçün ticarət-gömrük, poçt-teleqraf və i.a. konvensiyalar bağladığı qeyd olunurdu. 3-cü maddə iki dövlət arasında səfirlik səviyyəsində diplomatik münasibətlər yaradılmasına həsr edilmişdi. 4-cü maddədə müqavilənin 2 nüsxədə fransız dilində imzalandığı, həmin gündən bir ay müddətində ratifikasiya ediləcəyi və ratifikasiya aktlarının Bakıda mübadilə olunacağı bildirildi. Müqaviləni Cümhuriyyət adından xarici işlər naziri Fətəli xan Xoyski, ədliyyə naziri Xəlil bəy Xasməmmədov, yollar naziri Xudadat bəy Məlik-Aslanov, İran imperiyası adından Seyid Ziyaəddin Təbatəbai imzalamışdılar.
Azərbaycan Respublikası (Qafqaz) və İran imperiyası arasında konsul konvensiyası
redaktə17 maddədən ibarət konvensiyanın 1-ci maddəsi ilə tərəflərə bir-birinin ərazisindəki liman və ticarət şəhərlərində baş konsul, konsul, vitse-konsul və ya konsul agentləri təyin etmək hüququ verildi. Digər maddələr bu vəzifələrə təyin olunma, onların fəaliyyəti və bununla bağlı olan başqa məsələlərə həsr olunmuşdu. Bir sıra konvensiya və müqavilə ticarət-gömrük məsələləri haqqında idi. Ticarət-gömrük konvensiyası 17 maddədən ibarət idi. Müqavilədə hər iki ölkə təbəələrinin digər ölkə ərazisində ticarətlə, istehsalla və nəzərdə tutulan başqa fəaliyyətlə məşğul olması, bu fəaliyyətin tənzimlənməsi, tranzit və sair məsələlər ətraflı şəkildə əhatə olunurdu. Ticarətlə bağlı məsələlər 9 maddədən ibarət xüsusi ticarət konvensiyasında öz əksini tapmışdı. Azərbaycanla İran arasında 1 maddədən ibarət gizli müqavilədə il ərzində ərzaq mallarına ixrac rüsumunun artırılmaması nəzərdə tutulurdu.
Gömrük müqaviləsi
redaktəGömrük müqaviləsi 11 maddədən ibarət idi. Hər iki tərəf yeni tarifin qüvvəyə minməsini gözləməklə, İran və Rusiya arasında 1901 il 27 oktyabr taixli gömrük bəyannaməsini, sonrakı leqal dəyişikliklərlə birlikdə bu müqavilənin əsası kimi qəbul edir, gömrüklə bağlı digər məsələlər üzrə razılığa gəlirdi. Digər bir müqavilə qrupu poçt-teleqraf məsələlərinə həsr olunmuşdu. Poçt müqaviləsi 11 maddədən ibarət idi. Müqavilə tərəflər arasında birbaşa poçt əlaqəsinin yaradılmasını təsbit edirdi. Burada İran və Azərbaycanda xəbərlərin mübadilə məntəqələri, poçt xidmətinə görə tariflər və s. müəyyənləşdirildi. Xüsusi bir müqavilə iki dövlət arasında poçt bağlamaları mübadiləsi haqqında idi. 19 maddədən ibarət olan bu müqavilədə İrandan Azərbaycana və əksinə, həmçinin tranzit vasitəsilə poçt bağlamaları göndərilməsi tənzimlənirdi. 18 maddəli teleqraf müqaviləsi iki dövlət arasında teleqraf əlaqəsi yaradıldı. Hər iki ölkənin sakinlərinə digər ölkənin ərazisi vasitəsilə tranzit teleqram göndərmək hüququ verildi. Müqavilədə teleqraf xəbərinin sirrinin qorunması, tarif və digər məsələlərdə əksini tapmışdı. Bunlardan əlavə Azərbaycan və İran arasında məhkəmə qərarlarının icrası, bəzi cəzaların Azərbaycan və İran təbəələrinə tətbiq edilməməsi, cinayətkarların bir-birinə verilməsi haqqında konvensiyalar da imzalanmışdı.
Azərbaycan-İran müqavilələrinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1920 il aprelin 15-də, yüz qırx birinci iclasında baxılmışdı. Parlamentddə çıxış edən xarici işlər naziri Fətəli xan Xoyski demişdi: "Biz İran ilə 6 müahidənamə bağlamışıq. Bunlarda ticarət, poçt və teleqraf, gömrük, tranzit və sair məsələlər həll edilmişdi. Bu müahidənamələrin hər iki tərəf üçün əhəmiyyətlisi olan dostluq müahidənaməsidir. Çünki bu müahidənamə bir əsasdır ki, başqaları da bunun üzərinə bina olmuşdur". Parlament müzakirələrdən sonra qeyd olunan müqavilələri yekdilliklə təsdiq etmişdi. Lakin 12 gün sonra Azərbaycan Cümhuriyyəti süquta uğradı. Azərbaycan SSR isə sovet hökumətinin diktəsi ilə bu müqavilələri tanımaqdan imtina etməyə məcbur oldu.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) Parlament(stenoqrafik hesabatlar), 2 cilddə, B., 1998.
- Nəsibzadə N. Azərbaycanın xarici siyasəti (1918–1920), B., 1996.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |