Azerbaycan Dovlet Radiosu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycan Radiosu — Azərbaycanda radiostansiyasi.
Azərbaycan Radiosu | |
---|---|
Azərbaycan Radiosu 105 FM | |
Ölkə | Azərbaycan |
Şüar | Bərabər dinləyək |
Başlama tarixi | 6 noyabr 1926 |
Sahibi | Azərbaycan Televiziya və Radio Verilişləri QSC |
Sayt | aztv.az/az |
Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən qeybdən gələn səs insanları özünə bağlayıb. Bu Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu gün Müstəqil Azərbaycanın həm də dünyadakı tərcümanı, sülhsevər Vətənimizin təmsilçisinə çevrilən Azərbaycan Radiosu haqlı olaraq, "Səsli salnamə" adlandırılır.
Azərbaycan Radiosunu FM-105 və ölkəboyu yayımlandığımız digər tezliklərdən 24 saat fasiləsiz olaraq dinləmək imkanımız var. İctimai-siyasi proqramlar
- Ədəbi dram və folklor
- Baş proqram direksiyası
- Musiqi verilişləri redaksiyası
- Beynəlxalq verilişlər
- Uşaq verilişləri redaksiyası
- Xəbərlər redaksiyası
- Rejissorlar qrupu
Azərbaycan Radiosunun yaranması tarixi
redaktəAzərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi[1].
Ilk dövrdə Bakı studiyası indiki Istiqlaliyyət küçəsi, 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş Ismailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi.
Şəhər yayım şəbəkəsinin mərkəzi məntəqəsi sayılan birinci otaqda bütün divar boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. Ikinci otaq studiyaya giriş idi. Efirə çıxmaq üçün dəvət olunanlar burada öz növbəsini gözləyirdilər. Ondan sol tərəfdə kiçik bir kabinə var idi. Bu kabinədən studiyanın içərisini görmək və nəzarət etmək üçün balaca bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi çemodanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi.
Üçüncü otaqda döşəməsinə türkmən xalıları salınmış, divarları tünd yaşıl məxmərlə örtülmüş studiya yerləşirdi. Otağın yuxarı tərəfində mizin üstündə kub şəklində bir mikrofon var idi. Studiyanın ortasında "Steinway" royalı qoyulmuş, divarlar boyu stullar düzülmüşdü.
Studiyanın giriş otağından soldakı kiçik otaqda müdir, hesabdar və yazı makinasında işləyən katibə otururdular. Həmin yerdəki B-4 tipli radioqəbuledici aparatın vasitəsilə müdir radio verilişlərinin texniki keyfiyyətini yoxlayırdı.
Radionun statusu
redaktə- 1925-ci il aprelin 22-də Azərbaycan Xalq Komissarları Soveti Bakıda əhatə dairəsi 600 kilometr olan geniş yayımlı radio verilişləri stansiyası tikməyi qərara aldı.
- 1928-ci il mayın 13-də Azərbaycan Xalq Komissarları Soveti radionun Əsasnaməsini təsdiq etdi.
- 1932-ci ilin aprelində Radio yayımı orqanı Mərkəzi İcraiyyə Komitəsindən alınaraq Xalq Komissarları Sovetinin tabeliyinə verildi.
- 1932-ci il iyulun 5-də Azərbaycan MIK Radio Yayımı üzrə Mərkəzi Komitənin yaradılması barədə qərar qəbul etdi.
- 1933-cü il mayın 5-də Azərbaycan Xalq Komissarları Soveti yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsi yaradıldı.
- 1939-cu ilin avqustunda Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinə çevrildi.
- 1953-cü ildə Radioinformasiya Komitəsi Mədəniyyət Nazirliyinin tabeliyinə verilir və Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi adlandırıldı.
- 1957-ci ildə Radioinformasiya Idarəsi və Bakı Televiziya Studiyası birləşdirilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi yaradıldı.
- 1970-ci ildə Dövlət Radio və Televiziya Verilişləri Komitəsi təsis edildi.
- 1991-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi şirkətə çevrildi.
- 2005-ci ildə Azərbaycan prezidenti Ilham Əliyevin sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
Radiosiqnal. RV–47-dən beynəlxalq yayımadək
redaktəProqramlar zəif sayılan RV-47 stansiyası vasitəsilə yayımlanırdı. Studiyadan kənar 1 saatlıq veriliş yaymaq üçün 3 gün hazırlıq görülürdü.
1929-cu ildə radiostansiya Bakı Baş Poçt-Teleqraf binasına köçdüyü üçün radio əməkdaşlarının iş şəraiti yaxşılaşır, efirdə patefondan istifadə edilməyə başlanılır, mikrofonlar, gücləndirici aparatlar təkmilləşdirilir. Həmin ilin sonuna yaxın RV-8 stansiyası istifadəyə verilir. Bundan sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda dəyişikliklər baş verir.
1920–25-ci illərdə yalnız Bakıda və təkcə 1 ədəd 10 kilovat gücündə qığılcımlı stansiya işləyirdisə, radionun fəaliyyətə başlamasından bir il sonra respublikada artıq 110 stasionar və 36 səyyar radio qurğusu fəaliyyət göstərirdi. 1930-cu ildə ölkədə cəmi 269 radio yayım məntəqəsi olduğu halda, 1932-ci ilin sonunda onların sayı 20409-a çatmışdı. Həmin dövrdə radio artıq mənzillərə, fəhlə klublarına ayaq açaraq mədəniyyətin inkişafında özünəməxsus rol oynamağa başladı.
1933-cü ildə Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi 8,5 saata çatdı. Bu dövrdə texniki vasitələrin inkişafı Azərbaycanın ucqar kənd və rayonlarının sakinlərinə də radioya qulaq asmaq imkanı yaratdı.
1936-cı ildə Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması ilə Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidildi.
1940-cı ilin sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatdı. 32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başladı.
1960-cı ilin noyabrında Bakı–Ağstafa radiorele xətti istifadəyə verildi.
1961-ci ildə Gəncə, Göyçay və Şuşada ötürücü stansiyalar işə düşdü.
İlk cığırdaşlar
redaktəƏvvəlcə Bakı studiyası öz verilişlərini bir saat ərzində yayırdı. Bir aydan sonra bu verilişlərin həcmi 3 saata çatmışdı. Verilişlər və konsertlər Azərbaycan, rus və erməni dillərində yayımlanırdı. Gündəlik proqramı radionun ilk müdiri olan Verle özü tərtib edirdi.
Studiyadan əsasən partiya qəzetlərinin baş məqalələri oxunur, partiya konfransları, qurultaylar, konsert proqramları, xanəndələrin çıxışları, elanlar səslənir, ədəbiyyatımızda, incəsənətimizdə baş verən mühüm hadisələr radio verilişlərində öz əksini tapırdı. Radionun yaratdığı publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında, onun inkişaf etdirilməsində böyük rol oynadı. Həftədə bir dəfə axşam saat 9-da tanınmış şairlər mikrofon qarşısında çıxış edirdilər. Efirdə "Satira atəşiylə", "Ədəbiyyatın vəzifələri", "Yeni həyat uğrunda", "Radio saatı" kimi verilişlər səsləndirilirdi.
Binanın Sabir bağına baxan tərəfində, ikinci mərtəbə səviyyəsində quraşdırılmış iri reproduktor vasitəsilə radionun səsi ətraf küçələrə də yayılırdı. Sabir bağında həmişə böyük qələbəlik olurdu, skamyalarda yer tapa bilməyənlər verilən konsertlərə ayaq üstə qulaq asardılar.
1928-ci ildə Bakıya qonaq gələn Maksim Qorki ilə təşkil olunan görüş Azərbaycan Elmlər Akademiyasının böyük salonundan radio ilə yayımlanır. Azərbaycan sakinləri görüşdə çıxış edən yazıçının səsini radiodan dinləyirlər.
Ilk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov və başqaları idi.
1927-ci ilin fevral-mart aylarında radioya yeni kadrların cəlb olunması prosesi başlanır. Həmin ilin ortalarında Zülfüqar Hacıbəyov radionun Şərq musiqisi, Presman isə Qərb musiqisi üzrə rəhbərləri təyin olunurlar. Diktor və aktyor qrupları yaradılır.
İlk azərbaycanlı diktorlarımız
redaktəRadionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik Institutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya Imanzadə olurlar.
1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilir. Raya Imanzadə ilə Azərbaycan Dövlət Gənclər Teatrının əməkdaşı Ənvər Həsənov 1928-ci ildə radioda diktor kimi fəaliyyətə başlayırlar. Bu dövrdə məşhur şair Hüseyn Natiq (o, II Dünya müharibəsində həlak olmuşdur), Səməd Səmədov (sonralar Buzovna qəsəbəsində birləşmiş xəstəxanada həkim kimi fəaliyyət göstərdi), hərbçi Əsgər Mövsümzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışırlar.
Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Muxtar Əliyev, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.
Müslim Maqomayev mərhələsi
redaktə1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olunur. Həmin dövrdə Azərbaycan radiosunun verilişləri Müslüm Maqomayevin bəstələdiyi "RV-8" radio marşı ilə açılırdı. Bu məşhur əsər 1929-cu ilin sonunda işə salınmış RV radiostansiyasına həsr edilmişdi. Marş ilk dəfə elə həmin studiyada ifa olunmuşdu.
1932-ci ildə Müslim Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail oldu. Bu orkestrin yaradılması radionun musiqi proqramlarının inkişafına böyük təsir göstərdi. Bir neçə il sonra məhz həmin orkestrin vasitəsilə Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Nəriman Əzimov kimi bəstəkarlar və çoxsaylı musiqiçilər radiodan böyük yaradıcı həyata qədəm qoydular.
Radioda o zamanın məşhur incəsənət xadimləri Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Keçəçi oğlu Məhəmməd, Seyid Şuşinski, Hüseynağa Hacıbababəyov, Hüseynqulu Sarabski, Bülbül, Qurban Pirimov, Niyazi, Səltənət Qacar, Zülfü Adıgözəlov, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov, Yavər Kələntərli, Cahan Talışinskaya, Cəvahir Firudinbəyli, Əhməd Bakıxanov, Bəhram Mansurov, Teyyub Dəmirov, Əhəd Əliyev, Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri çıxış edirdi.
1933-cü il martın 8-i axşam saat 8-də Müslüm Maqomayevin təşəbbüsü ilə radioda "Çahargah gecəsi" adlı muğam konserti təşkil olunur. Konsertdə xanəndələr Cabbar Qaryağdıoğlu, Məşədi Bilal, artistlər Hüseynqulu Sarabski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Zülfüqar Sarıyev, tarzənlər Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Xosrov Məlikov, kamançaçılar Qılman Salahov, Hafiz Mirzəliyev və başqaları iştirak edirlər. Iki saata qədər davam edən konsertdə "Çahargah"ın "Bəstənigar", "Hisar", "Müxalif", "Mənsuriyyə", "Hüzzal" şöbələri və onlara uyğun təsniflər ifa edilir.
Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Yavər və Münəvvər Kələntərlilər, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov və Bikə Səmədzadəni radioda işə məhz Müslüm Maqomayev götürür. O, radioda ən yaxşı musiqi əsərlərinin səsləndirilməsinə çalışır. Radioda verilən 400 musiqi əsəri araşdırılır və onlardan 100-ü saxlanılır. Maqomayev müxtəlif bəstəkarlara yeni mahnılar və əsərlər yazmağı sifariş etməyi də unutmur
Musiqi redaksiyasının tarixçəsi
"Ədəbi-dram" redaksiyası (Məmməd Səid Ordubadidən başlayan işıqlı efir yolu)
redaktəƏdəbi verilişlər redaksiyasına rəhbərlik edən M. S. Ordubadi radio üçün şeir, hekayə, felyetonlarla yanaşı tamaşalar da yazırdı. Hamının böyük məhəbbətlə "Mirzə" deyə müraciət etdiyi istedadlı ədib aktyorların və diktorların ifa edəcəkləri rolları qabaqcadan müəyyən edirdi. Ordubadinin təşəbbüsü ilə 1931-ci ilin iyun ayında radionun diktorlarından ibarət dram dəstəsi yaradılır. Soltan Nəcəfov, Leyla Terequlova, Məryəm Xudaverdiyeva, Həyat Musayeva, Yelena Orbeliani və Nina Petrova bu dəstənin fəal üzvü olurlar. Dəstəyə Leyla Terequlova rejissorluq edirdi. Dəstə üzvləri kiçik həcmli radio kompozisiyaları, səhnəciklər hazırlayır, bədii qiraətlə məşğul olurdular.
Səhnəciklərə musiqini Müslüm Maqomayev bəstələyirdi. Məmməd Səid Ordubadinin "Aprel gəlini", "Istiqraz", "Çobanlar", "6 nömrəli otaq", Soltan Nəcəfovun "Təchizat parazitləri", "Rot-front", "Orucunuz qəbul!" və "Din tacirləri" kimi səhnəciklərinə efir həyatı verilir.
Ordubadi radioya Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn, Sabit Rəhman, Mircəlal Paşayev kimi nasir və şairləri cəlb etməklə efirdə yeni əsərlərin tez-tez səslənilməsinə nail olurdu. Artıq 20-ci illərin sonlarında bütün radio məhsulunun üçdə biri bədii verilişlərdən ibarət idi.
Radionun fəaliyyət dövründə M. Ə. Sabir, Ü. Hacıbəyov, C. Məmmədquluzadə, Y. V. Çəmənzəminli, M. Müşfiq, H. Cavid, S. Hüseyn Ə. Cavad, M. C. Paşayev, S. Vurğun, M. Hüseyn, R. Rza, S. Rəhman, I. Əfəndiyev, B. Vahabzadə, I. Şıxlı, S. Dağlı, S. Qədirzadə, I. Hüseynov, Anar, Elçin, H. Seyidbəyli, I. Qasımov, I. Məlikzadə və digər görkəmli nasir və şairlərimizin sənət əsərlərinin radiodan səsləndirilməsi ədəbi dilin inkişaf etməsinə, yad təsirlərdən qorunmasına xidmət edib.
70-ci illərdən başlayaraq "Ədəbi-dram" redaksiyasına Rauf İsmayılov, Mailə Muradxanlı, bu günsə(1992-ci ildən) Şəfəq Əlixanlı rəhbərlik edir. ("Ədəbi-dram və folklor", 2019-dan)
"Radioteatr"
redaktə1931-ci ildə Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi "Radioteatr" yaradıldı. Azərbaycan teatr sənətinin radioya uyğunlaşdırılması prosesi aktyorların fəaliyyət imkanlarının genişlənməsinə səbəb oldu. Istedadlı səhnə ustalarından Abbas Mirzə Şərifzadənin, Mirzağa Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, Fatma Qədrinin, Sidqi Ruhullanın, Mustafa Mərdanovun çıxışları dinləyiciləri valeh edirdi.
1931-ci ilini dekabrında H. Cavidin "Şeyx Sənan" pyesi ilk dəfə radioda səsləndirildi. Daha sonra A. S.Puşkinin "Boris Qodunov", C. Məmmədquluzadənin "Ölülər", C. Cabbarlının "Aydın", 1905-ci ildə", "Yaşar", "Sevil", V. Şekspirin "Hamlet", M. F. Axundovun "Hacı Qara", Ə. Haqverdiyevin "Dağılan tifaq" pyesləri dinləyicilərə təqdim edildi. Ilk radio tamaşaları birbaşa efirə çıxarılırdı. 1953-cü ildə istehsalat işində maqnit lentinin tətbiqi Radio teatrının inkişafında yeni mərhələ açdı. Bu dövrdə S. Vurğunun "Xanlar", I. Əfəndiyevin "Bahar suları", Ə. Məmmədxanlının "Şərqin səhəri", I. Qasımovun "Xəzər üzərində şəfəq" pyesləri montaj edilərək efirdə səsləndirildi. Daha sonra C. Cabbarlının "Almaz" və "1905-ci ildə", N. Nərimanovun "Bahadır və Sona", S. Rəhimovun "Mehman", M. Ordubadinin "Qılınc və qələm", N. Qoqolun "Müfəttiş", A. Qriboyedovun "Ağıldan bəla", A. Puşkinin "Yevgeni Onegin", I. Şillerin "Vilhelm Tell", C. Bayronun "Abidos gəlini" kimi əsərləri Azərbaycan radiosunun repertuarını zənginləşdirdi. Ü. Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının, N. Hikmətin "Kəllə" əsərinin tamaşaya qoyulması da cəmiyyətdə müsbət əks-səda doğurdu. 1958-ci ildə isə Mehdi Məmmədov bu tamaşanı radionun tələblərinə uyğunlaşdırdı. Radio tamaşaları yaradan bir sıra rejissor yetişdi: Əliheydər Ələkbərov, Tofiq Kazımov, Tofiq Ismayılov, Həsən Əbluc, Azərpaşa Nemətov, Rövşən Abdullayev, Nazim Yüzbaşov və başqaları.
Müstəqillik illərində ("Radio teatr"ı və dünyanın Nobel mükafatçıları…)
30-cu illər…
redaktə1932-ci ildə radioda qəzet məqalələrinin oxunması ləğv edilir və bunun əvəzində efirə "Son xəbərlər" proqramı çıxır. Həmin ilin oktyabrında Informasiya redaksiyası da yaradılır. 1935-ci ildə struktur dəyişikliklərindən sonra radioda "Ədəbi dram", "Kolxozçu radiosu", "Qızıl əsgər" və "Gənclər" redaksiyaları fəaliyyət göstərirdi. 1936-cı il martın 23-dən aprelin 6-dək SSRI-də ilk dəfə Ümumittifaq radio festivalı keçirildi. Ittifaq miqyasında ən böyük radio tədbiri olan bu festivalda 28 dildə musiqi proqramları səsləndirildi. Bakı radiosu hər gün təxminən 3 saat Moskvaya qoşularaq bu mədəniyyət tədbirini yayırdı. Azərbaycan radiosunun festival üçün hazırladığı proqram əsasən Ü. Hacıbəyov və M. Maqomayevin əsərlərindən ibarət idi. Bundan başqa, "Azad olunmuş türk qadınları sarayı" qadın şərq alətləri orkestrinin çıxışları, eləcə də tarzən Qurban Pirimovun müşayiəti ilə xanəndə Hüseynağa Hacıbababəyovun ifasında "Şahnaz" muğamı da proqrama daxil edilmişdi. 1937-ci ildə respublikamızın 12 rayonunda xalq yaradıcılığı festivalı keçirildi. Radio festivalının yekun konsertləri efirə 5 rayondan birbaşa verildi.
Müharibə dövrü
redaktəBakı müharibə zonasından uzaqda yerləşsə də, Azərbaycan radiosu II Dünya müharibəsi zamanı gərgin, fövqəladə şəraitdə fəaliyyət göstərməli oldu. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verdi.
Azərbaycan radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirdilər: radio buraxılışları çox qısa müddətdə hazırlanır, verilişlər gecə-gündüz ara vermədən yazılır, montaj edilirdi. Həmin dövrdə xəbər buraxılışlarının sayı artmış, Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi 5 saat çoxalmışdı. Əsas ağırlıq isə "Son xəbərlər" redaksiyasının üzərinə düşürdü: mühüm məlumatlar, dövlət qərarları 30 dəqiqə ərzində tərcümə edilərək Azərbaycan dilində səsləndirilirdi. Ağır müharibə dövrünün ən sevilən verilişi "Azərbaycan – cəbhə üçün" idi. Bu veriliş qələbə gününədək efirdə müntəzəm səsləndirildi. Radio jurnalistləri təkcə xəbərlər və dramatik boyalı verilişlər deyil, həm də adamlara təsəlli verən, onları mənəvi cəhətdən gücləndirən proqramlar hazırlayırdılar. Müharibə zonasında Azərbaycan əsgərləri ilə tez-tez görüşlər keçirən S. Vurğun, S. Rüstəm, R. Rza, M. Rahim, M. Ibrahimov, M. Hüseyn, Ə. Vəliyev, M. C. Paşayev və digər yazıçı və şairlər radioda odlu-alovlu çıxış edirdilər. Vətənpərvərlik mövzularında yazılmış pyeslər, tematik yazılar dinləyicilərin diqqətinə çatdırılırdı.
Təsadüfi deyil ki, SSRI rəhbərliyi radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə qarşı mübarizədə oynadığı böyük rolu nəzərə alaraq 1945-ci il mayın 2-də xüsusi qərarla mayın 7-sini Radio günü elan etdi. Həmin gün uzun illər boyu Azərbaycanda da bayram edildi. (1992-ci il noyabrın 6-sı "Azərbaycan Televiziya və Radio işçilərinin peşə bayramı" elan olundu.)
Lakin 1941–1945-ci illərdə Azərbaycan radiosunun böyük fədakarlıq göstərən əməkdaşları heç cür ağıllarına belə gətirə bilməzdilər ki, artıq 45 ildən sonra onlar əsl Vətən müharibəsi ilə üzləşəcəklər: hər gün Qarabağ cəbhəsindən Müdafiə nazirliyinin məlumatlarını yayacaq, digər yadelli ordunun köməyilə ermənilər tərəfindən Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Ağdam, Qubadlı, Cəbrayıl və Zəngilanın işğal olunması, Xocalı soyqırımının dəhşətləri barədə xəbərləri doğma xalqımıza çatdırmalı olacaqlar.
Dünyaya yayım
redaktə1941-ci ildə SSRI hökuməti radio təbliğatını Türkiyə və Iranda yaymağı məqsədəuyğun hesab edir. Həmin ilin iyulunda Azərbaycan radiosu türk və fars dillərində verilişlər hazırlayan iki redaksiya yaradır. Türk dilində verilişlər redaksiyasına Adil Əfəndiyev, fars dilində verilişlər redaksiyasına isə qısa dövr ərzində Qulam Məmmədli rəhbərlik edir.
1941-ci il iyulun 20-də "Burası Bakı", "Inco Baku" ifadələri ilk dəfə Azərbaycan radiosu ilə verilən sınaq verilişlərində səsləndirilir. Həmin verilişlər 1941-ci il avqustun 18-dən müntəzəm olaraq "Bakının səsi" çağırışı altında dünya efirinə çıxır.
O dövrdə xaricə yayımlanan radio təbliğatına Məmməd Səid Ordubadi, Mikayıl Rəfili, Cəfər Xəndan, Qulam Məmmədli, Adil Əfəndiyev, Lətif Kərimov, Mübariz Əlizadə, Ələsgər Məmmədov, Abbas Gülməmmədov, Cəfər Hacıyev, Hüseyn Məcnunbəyov, Cabbar Cabbarov, Fazil Babayev, Mina Bayramova, Şərif Vəliyev və digər tanınmış yazıçılar, jurnalistlər, şərqşünaslar öz töhfələrini verirdilər. Verilişlərdə sovet məlumat bürosunun xəbərləri, ziyalıların radio ilə çağırışları Iran və Türkiyə əhalisinə çatdırılırdı.
1950-ci ildə türk və fars redaksiyalarının əsasında Xarici verilişlər baş redaksiyası yaradıldı. 1951-ci ildən xaricdə yaşayan soydaşlarımız üçün hər gün azərbaycanca 1 saatlıq veriliş yayımlanan redaksiya da bu quruma daxil edildi. 50-ci illərdə bu baş redaksiyaya Muxtar Hacıyev rəhbərlik edirdi.
1959-cu ildə Azərbaycan radiosunda ərəb dilində verilişlərin yayımı başlandı. Bu redaksiyada diktor vəzifəsinə Iraq türkmənlərindən olan Bağdad radiosunun diktoru Sinan Səid dəvət olunmuşdu. Qısa müddət ərzində bu redaksiya bir sıra ərəb ölkələrində əks-səda doğurdu və bu ölkələrdən təqdir məktubları gəlməyə başladı. 1974-cü ildən radioya, o cümlədən Xarici yayım bölümünə tanınmış yazıçı-jurnalist Aqşin Babayev rəhbərlik edirdi. O dövrdə xarici verilişlərin baş redaktoru Kərim Axundov, proqram direktoru isə Eldar Əliyev idi. 1976-cı il yanvarın 1-dən redaksiyaların statusu yüksəldi və onlar ayrı-ayrılıqda baş redaksiyaya çevrildi. Irana verilişlər baş redaksiyasının tərkibindəki azərbaycanca verilişlər hazırlayan şöbə 1980-ci il martın 1-dən ayrıca baş redaksiyaya çevrildi. 80-ci illərdə Azərbaycanın xarici ölkələrə veriliş yayan qurumu efirdə hər gün farsca 2 saat 15 dəqiqə, türkcə 2 saat, ərəbcə 1 saat, xaricdəki soydaşlarımız üçün Azərbaycan dilində 1 saat fəaliyyət göstərirdi.
1986-cı ildə farsca verilişlərin həcmi 1 saata endirildi, Azərbaycan dilində yayılan verilişlərin həcmi isə 2 saat 45 dəqiqəyədək artırıldı. "Ana dili", "Körpü", Ovqat, "Elin sazı, elin sözü" verilişləri azərbaycanlı həmvətənlərimiz arasında şöhrət qazandı. Maraqlıdır ki, bu gün də Azərbaycan radiosunda "Körpü", "Ovqat" verilişləri səslənməyə başladı.
Yarım saat ərzində efirə gedən "Ana dili" verilişində Iranda yaşayan azərbaycanlı dinləyicilərə Azərbaycan dilinin qrammatikası və şifahi danışıq dili öyrədilir. "Körpü" verilişi məktublar, telefon zəngləri və studiyaya gələn qonaqlarla söhbət əsasında fəaliyyət göstərir. Bu verilişin vasitəsilə indiyə qədər neçə-neçə qohum uzun müddət ayrılıqda yaşadıqdan sonra bir-birinə qovuşa bilib.
1992-ci il noyabrın 26-da "Azərbaycan Beynəlxalq Radiosu" yaradıldı. Bu qurum ingilis, alman, fransız, rus, erməni, talış, kürd, ləzgi, gürcü dillərində proqramlar hazırlayırdı. Beynəlxalq radio bir müddət orta və qısa dalğalarda hər gün 8 dildə dünya efirinə çıxır və müstəqil ölkəmiz barədə 10 saatlıq veriliş yayırdı.
1992–1993-cü illərdə Beynəlxalq radionun direktoru Vaqif Bayatlı idi. Sonra bu vəzifəyə Çərkəz Qurbanlı təyin olundu. 1996–2021-ci illərdə Beynəlxalq Radioya Cahangir Bağırov rəhbərlik etdi. Qərb verilişləri redaksiyasının hazırladığı ingilis, alman və fransız dillərində verilişlər ləğv edildi.
Hazırda 10 dildə dünyaya yayımlanan "Beynəlxalq Radio"- ya Əli Abas Quliyev rəhbərlik edir.
Hazırda orta və qısa dalğalarda Beynəlxalq radio hər gün azərbaycanca 5 saat, rusca 1 saat, ermənicə 1 saat, farsca 1 saat, türkcə 1 saat, ərəbcə 1 saat, həftədə 3 dəfə gürcücə 20 dəqiqə, 2 dəfə kürd və ləzgi dillərində 15 dəqiqə veriliş yayılır. Yarım saatlıq "Vətən" proqramının da 15 dəqiqəsi azərbaycanca, digər 15 dəqiqəsi isə ermənicə efirə verilir.
Müharibədən sonrakı dövr (1945–1970)
redaktəMüharibədən sonra radio verilişlərinin forma və məzmununda müəyyən dəyişikliklər baş verdi. 1949-cu ildən elektromaqnit səsyazma texnikasının radioda tətbiqi imkanların genişlənməsinə, verilişlərin keyfiyyətinin yüksəlməsinə yardım etdi.
1949-cu ildə Azərbaycan radiosunda futbol reportajlarının təməli qoyuldu. Birinci reportajı məşhur idman şərhçisi Aleksandr Qnezdov aparırdı. Yalnız 7 ildən sonra – 1956-cı ildə Respublika stadionundan futbol oyunu ilk dəfə radionun diktoru Sabutay Quliyev tərəfindən Azərbaycan dilində şərh olundu.
1951-ci ildə yaradılan II proqram respublika radiosunun fəaliyyət dairəsini genişləndirdi. 1956-cı ildə Azərbaycan radiosunun yaranmasının 30 illiyi qeyd olundu. Bu zaman Bakıdan hər gün Azərbaycan, rus və erməni dillərində artıq 19 saat veriliş yayılırdı. Radioda ictimai-siyasi, ədəbiyyat, musiqi, sənaye, kənd təsərrüfatı, uşaq, gənclər proqramlarının hazırlanmasına üstünlük verilirdi. Efirdə hər gün 12–15 konsert proqramı səsləndirilirdi.
1956-cı ildən televiziyanın fəaliyyətə başlaması radionu öz işini rəqabət şəraitində qurmağa məcbur etdi. Radio xalq yaradıcılığı və bəstəkar mahnıları, ədəbi əsərlər hesabına öz fondunu zənginləşdirdi. Bu dövrdə xalq çalğı alətləri orkestrinə artıq Səid Rüstəmov rəhbərlik edir, bəstəkarlardan Hacı Xanməmmədov, Qəmbər Hüseynli, Nəriman Əzimov və başqaları bu orkestrdə fəaliyyət göstərirlər. 60-cı illərin ortalarında radio və televiziyanın kamera, estrada-simfonik orkestrlərinin yaradılması, "Qaya" vokal kvartetinin meydana gəlməsi xalq, estrada və simfonik musiqilərin təbliğində radionun imkanlarının artırdı.
70-ci illərin ortalarında "Sabahınız xeyir", "Axşam görüşləri", "Bulaq", "Natəvan" qızlar klubu, "Lirika dəftərindən", "Muğam saatı", "Arzu" musiqi poçtu, "Yazıçı və zaman", "Mahnı şəhəri gəzir", "Teatr mikrofon qarşısında" kimi verilişlər dinləyicilərin ruhunu oxşayır.
"Qızıl fond"
redaktəRadionun "Qızıl fond"unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanılır. 1968-ci ildə radionun fonotekasında 24 minə qədər, 1980-ci ildə 40 mindən çox musiqi və digər sənət incilərinin lent yazısı var idi. Hazırda onların sayı 100 minə çatıb. Fonotekada Üzeyir Hacıbəyov, Müslüm Maqomayev (baba), Cəfər Cabbarlı, Səməd Vurğun, Cabbar Qaryağdıoğlu, Seyid və Xan Şuşinskilər, Niyazi, Əlövsət Sadıqov, Hüseynağa Hacıbababəyov, Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Gülağa Məmmədov, Tükəzban Ismayılova, Zeynəb Xanlarova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev, Islam Rzayev, Nəzakət Məmmədova, Baba Mirzəyev, Müslüm Maqomayev (nəvə), Flora Kərimova, Polad Bülbüloğlu, Mirzə Babayev, Vaqif Mustafazadə, Rafiq Babayev, Akif Islamzadə və digərlərinin lent yazısı saxlanılır.
Azərbaycanın görkəmli sənət ustalarının radionun "Qızıl fondu"nda saxlanılan çıxışları ədəbi dilimizin mükəmməlliyini nümayiş etdirməkdədir. Tanınmış səhnə ustaları Mirzağa Əliyev, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Fatma Qədri, Ismayıl Hidayətzadə, Rza Təhmasib, Mustafa Mərdanov, Əjdər Sultanov, Ağadadaş Qurbanov, Mövsüm Sənani, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov, Əli Zeynalov, Süleyman Tağızadə, Mehdi Məmmədov, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Həsənağa Turabov, Səməndər Rzayev, Məhluqə Sadıqova, Hamlet Qurbanov, Şəfiqə Məmmədova, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Amalya Pənahova, Əlabbas Qədirov, Mikayıl Mirzə, Əminə Yusifqızı, Həsən Əbluc və digərləri radiodakı çıxışları ilə dinləyiciləri riqqətə gətirməklə yanaşı, onlara səlis danışıq dilini təlqin edirdilər.
Vaxtilə Ələsgər Ələkbərovun ifasında lentə alınmış Qorkinin "Arxip baba və Lyonka", Səməd Vurğunun "Vaqif", Mirzağa Əliyevin ifasında "Məşədi Ibad", Mustafa Mərdanovun ifasında Məmmədquluzadənin "Qurbanəli bəy" kimi əsərləri bu gün "Qızıl fond"un inciləri sayılır. Görkəmli radio diktoru Aydın Qaradağlının ifasında da səs yazıları qorunub saxlanılıan "Qızıl fond"u bəzəyən səslər əsrdən-əsrə, günbəgün r.
"Araz"
redaktə1964-cü il oktyabrın 15-də Azərbaycan radiosunun "Araz" xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı. "Araz"ın çağırış musiqisi Fikrət Əmirovun idi. "Araz" əvvəlki dövrdə dinləyicilərə 12 saatlıq veriliş təqdim edirdi. Müəyyən müddətdən sonra isə radionun I proqramı ilə yayımlanan bəzi verilişlər "Araz" vasitəsilə təkrar olunurdu.
"Araz" radiosunun yaranmasında və fəaliyyətində Teymur Əliyev, Ənvər Əlibəyli, Sabir Axundov, Soltan Nəcəfov, Kamil Məmmədov, Hacı Hacıyev, Aydın Qaradağlı, Valid Sənani, Yalçın Əlizadə, Ilyas Adıgözəlov, Hidayət Səfərli və başqaları böyük rol oynadılar. Informasiya proqramlarının çevikliyini təmin etməkdən ötrü radionun birinci proqramındakı xəbər buraxılışının strukturu və adı dəyişdirildi. 1966-cı il iyulun 13-dən "Son xəbərlər" efirdə "Günün səsi" adı ilə yayılmağa başlandı. 1968-ci ildə radionun xəbərlər redaksiyası hər gün birinci proqramla və "Araz" proqramı ilə 24 dəfə efirə çıxırdı.
Müstəqillik dövründə Azərbaycan radiosu "Araz" proqramını müstəqil struktura çevirməyi qərara aldı. 1993-cü ilin noyabrından 1998-ci ilin dekabrınadək struktur fəaliyyət göstərdi. Onun bazasında 2 redaksiya: Informasiya və ictimai-siyasi proqramlar və Xalq yaradıcılığı redaksiyası.
1988-ci ildə başlanan təlatüm
redaktə1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio da televiziya kimi Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha da qabarıq şəkildə göstərdi. Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, Azərbaycan radiosunun əməkdaşları da efirdən uzaqlaşdırılır. Lakin bütün bu təzyiqlərə baxmayaraq Bakı şəhərinə radio yayımı (Sovet dövründə fövqəladə vəziyyət barədə vətəndaşlara məlumat çatdırmaq üçün şəbəkədən kənar stasionar işləyən xətli radio) bərpa edilir. Həmin günlərdə partlayışdan sonra Beynəlxalq radionun diktoru Muxtar Əliyev ilk dəfə qeyd edilən qovşaq radiosu ilə Bakı əhalisini baş verənlər barədə məlumatlandırır və bununla radionun fəaliyyəti qismən də olsa bərpa edilir. Həmin vaxtlar Radioda hərbi senzor fəaliyyət göstərirdi. Lakin həmin faciəli günlərdə Azərbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra bildi. Yanvarın 20-də köməkçisi ilə qəfildən radioya gələn Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova Azərbaycan və rus dillərində bəyanatlarla birbaşa efirdə çıxış etdi. O, tökülən günahsız qanlar üçün bütün məsuliyyətin SSRİ orqanlarının və onların vəzifəli şəxslərinin üzərinə düşdüyünü, Azərbaycan xalqının öz oğul və qızlarının faciəli surətdə həlak olmasını heç kimə bağışlamayacağını bəyan etdi. Həmin bəyanata istinadən hazırlanan məlumat yanvarın 21-də efirə veriləndə texniki işçilər onu lentə yazdılar və gün ərzində bir neçə dəfə səsləndirməyə nail oldular. Xaricə yayım redaksiyası bu bəyanatı ərəb ölkələrinin, İranın Tehran, Təbriz və Türkiyənin Ankara radioları vasitəsilə bütün dünyaya yaydı. Bakıdakı hərbi komendatlıq Beynəlxalq radionun dalğalara malik olmasını tamam unutmuşdu[2].
Müstəqillik dövrü
redaktə1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdirdi. Radioda cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meylərini gücləndirən proqramlara üstünlük verildi. Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvər hissləri gücləndirən "Açıq-aşkar", "Xudafərin", "Sözün düzü", "Baxış bucağı", "Dünya", "Pillə", "Çevrə", "Radio-atmaca", "Molla Nəsrəddin", "Yol", "Yuva", "Vaxt", "Dan yeri" kimi verilişlər hazırlanır, hərbi marşlar səsləndirilirdi. 1993-cü ildə Azərbaycanda baş verən Gəncə hadisələri, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması barədə məlumatlar, Milli Məclis iclaslarından birbaşa yayımlar, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" sazişinin imzalanması mərasimi radio ilə bütün dünyaya yayılırdı.
Müstəqillik dövründə özəl radio kanallarının yaranması, onların da FM dalğasında fəaliyyətə başlaması qədim milli ənənələrin daşıyıcısı olan Azərbaycan Radiosunu nəinki kölgədə qoya bilmədi, əksinə illərdən bəri ədəbi dilin keşiyində dayandı, onun saflığına xidmət edən Ana radionun bir məktəb, örnək olduğunu təsdiq etdi.
Əsrin sürətilə ayaqlaşan Azərbaycan Radiosu bu gün istər texniki, istərsə də yaradıcı potensionalının gücü ilə yenə efir birincisidir.
Azərbaycan Radiosunda son illər R. Haşımovun bilavasitə iştirakı və rəhbərliyi ilə həyata keçirilən yeni layihələr −44 günlük Vətən müharibəsindəki Qələbə ruhunun daha dönməz və səbatlı təcəssümüdür.
İstinadlar
redaktə- ↑ "Danışır Bakı". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-10.
- ↑ "Bakı radiosu". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-10.
Xarici keçidlər
redaktə Radio haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |