Azerbaycan Gomruk Tarixi Muzeyinin Filiali - Wikipedia
Gömrük Tarixi Muzeyinin filialı — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin muzeyi. Bakı şəhərində yerləşir.
Azərbaycan Gömrük Tarixi Muzeyinin filialı | |
---|---|
Mövzu | gömrük |
Ölkə | |
Muzeyə yetişmək | Bakı |
Tarixi
redaktəAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinin "Azərterminalkompleks" Birliyinin nəzdində fəaliyyət göstərən bölməsi 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qeydiyyatından keçdikdən sonra fond və daimi ekspozisiyadan ibarət muzey filialı kimi formalaşmışdır. Birliyinin inzibati binasında yerləşən filialın müasir avadanlıqlarla təchiz olunmuş fond və daimi ekspozisiyası müasir müzeyşünaslıq tələblərinə müvafiq olaraq qurulmuşdur.
Kolleksiyası
redaktəFilialın toplusu bir neçə bölmədən ibarətdir: onun bir qismini müasir rəssamların Azərbaycan gömrüyünün keçmişini, milli gömrük xidmətinin vüsətli inkişafını, müxtəlif tarixi mərhələlərdə fəaliyyətini və müasir gününü – gömrük əməkdaşlarının gərgin əməyini vəsf edən rəngkarlıq nümunələri təşkil edir. Kolleksiyada, həmçinin narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparan gömrükçülərin fəaliyyətini və ümumiyyətlə narkomaniyanın mahiyyətini açıqlayan sənət əsərləri: heykəltəraşlıq və rəsm əsərləri, plakatlar, karikaturalar toplanmışdır.
Fondlarda sənətin növləri üzrə bölgü aparılmış və saxlancda kolleksiyanı təşkil edən əsərlər müvafiq olaraq yerləşdirilmişdir. Növündən, təyinatından asılı olmayaraq kolleksiyalarda toplanmış hər bir əşyanın muzeylərdə zədəsiz mühafizəsi, komplektləşdirilməsi, elmi tədqiqat obyekti kimi öyrənilməsi, tədqiqi və təbliği muzey işinin tərkib hissəsidir. Muzeyin fond və daimi ekspozisiyası müvafiq olaraq kompleks mühafizə üçün nəzərdə tutulmuş otaq və avadanlıqlarla, ən müasir təhlükəsizlik sistemləri ilə təmin edilmişdir. Muzey filialının kolleksiyası inventarizasiyadan keçmiş, sənədləşdirmə, qeydiyyat və kompüterləşdirmə, beynəlxalq standartlara cavab verən kataloqlaşdırma işi görülmüşdür.
Filial kolleksiyasının sayca ən böyük hissəsini antik əşyalar – ən qədim dövrlərdən son yüzilliyə qədər əhatəli bir zaman kəsiyində yaradılmış sənət inciləri təşkil edir. Ən müxtəlif üslub və cərəyanlarla, texniki göstəricilərlə, əşyaların yarandığı dövrün tarixi, adət və ənənələri, inam və inancları ilə bu sənət nümunələrinin timsalında əyani olaraq tanış olmaq mümkündür.
Rusiyada XIX əsrdə böyük şöhrət qazanmış Bataşev samovarları, Kuznetsov və Qardner çini qabları, XIX əsrin sonu — XX əsrin əvvəllərində Avropa sənətkarları tərəfindən ustalıqla yaradılmış müxtəlif təsviri və dekorativ-tətbiqi sənət nümunələri muzeyi ziyarət edənlərin böyük marağına səbəb olur. Şərq incəsənətini təmsil edən e.ə. I minilliyə aid kiçik ölçülü dekorativ heykəllər, tarixin qanlı-qadalı hadisələrinin şahidləri olan soyuq və odlu silahlar (bu gün onlar ilkin təyinatından tamam uzaqlaşaraq sənət nümunəsinə — muzey eksponatına çevrilmişlər), dekorativ-tətbiqi sənət əsərləri məxsus olduğu xalqın incəsənətini, estetik zövq və yaşam tərzini əks etdirir. Azərbaycan Gömrük Tarixi Muzeyi filialının kolleksiyasında qədim Azərbaycanın mədəniyyət və incəsənətini təmsil edə biləcək xovlu və xovsuz xalçalar, məişətdə geniş işlənən misgərlik nümunələri, dövlətçiliyin rəmzi olan orta əsrlərə aid qədim sikkələr, zinət əşyaları və s. qorunub saxlanılır.
Xarici əlaqələri
redaktəMuzey mütəmadi olaraq müxtəlif mövzulu sərgilərin, müsabiqələrin və tədbirlərin təşkilatçısı kimi kolleksiyasını təbliğ edir və bu iş Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və digər yaradıcı və elmi təşkilatlar, səfirliklər ilə birgə həyata keçirilir.
Daim zənginləşən Gömrük Tarixi Muzeyi filialının kolleksiyası Azərbaycanda və xarici ölkələrdə müxtəlif mövzulu sərgilərdə tamaşaçılara təqdim olunur. Qısa bir müddət ərzində muzey kolleksiyası əsasında formalaşan "Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə", "Azərbaycan gömrüyü mədəni irsin keşiyində", "Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından", həmçinin "Narkotiklərə YOX deyək!" adlı sərgilər yalnız Azərbaycanda deyil, həmçinin müxtəlif vaxtlarda Belçika Krallığının paytaxtı Brüssel, İsveçrənin Cenevrə, Avstriyanın Vyana, Fransanın Strasburq, Argentinanın Buenos-Ayres, Rusiyanın Kazan və Yekaterinburq, Amerika Birləşmiş Ştatlarının Los-Anceles və San-Diyeqo şəhərlərində, Vatikan dövlətində, Makedoniyada böyük uğurla nümayiş olunmuşdur.
Mənbə
redaktə- Gömrük Tarixi Muzeyi Arxivləşdirilib 2015-04-06 at the Wayback Machine. museums.customs.gov.az (az.)
- Gömrük Tarixi Muzeyinin filialı Arxivləşdirilib 2015-04-05 at the Wayback Machine. museums.customs.gov.az (az.)