Azerbaycan Kp Mk Yaninda Partiya Tarixi Institutu - Wikipedia
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutu (Азәрбајҹан Коммунист Партијасы Мәркәзи Комитәси јанында Партија Тарихи Институту) və ya Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutun Filialı (Совет Иттифагынын Коммунист Партијасынын Мәркәзи Комитәси јанында Марксизм-Ленинизм Институн Филиалы) — Azərbaycan SSR-də mərkəzi partiya elmi-tədqiqat idarəsi.
Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1921 |
Bağlanıb | 1991 |
Mükafatlar |
Tarixi
redaktə1921-ci il avqustun 29-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi və Təşkilat Bürosu tərəfindən Mərkəzi Dövlət Arxivi bazasında Azərbaycanda inqilabi və partiyanın tarixini öyrənən komissiyanın – Azərbaycan Partiya Tarixi Bürosunun (Azistpart) yaradılması qərara alınmışdır. Azərbaycan K(b)P MK-nın 26 dekabr 1921-ci il tarixli qərarı ilə büronun Məmməd Səid Ordubadinin də daxil olduğu ilk kollegiyası təsdiq edilmişdir.[1]
1928-ci ildə "Azistpart"ın əsasında Stepan Şaumyan adına Azərbaycanda Sinfi Mübarizənin və Kommunist Partiyasının Tarixini Öyrənən İnstitut yaradılmışdır. İnstitut 1939-cu ildən Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsi yanında Marks-Engels-Lenin İnstitutunun Azərbaycan Filialı, 1956-cı ildən isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutunun Filialı adlanmışdır. İnstitut marksizm-leninizm klassiklərinin əsərlərini, mühüm partiya sənədlərini, partiya-siyasi ədəbiyyatı Azərbaycan dilinə tərcümə etmək, respublika partiya təşkilatının tarixini tədqiq etmək, partiya tarixinə aid mühüm sənəd, xatirə və s. material toplamaq və dərc etməklə məşğul olmuşdur. İnstitut marksizm-leninizm klassiklərinin əsərlərini tərcümə, partiya tarixi, partiya quruculuğu bölmələri, partiya arxivi və kitabxanası var. 1964-cü ildə institut nəzdində respublikada Sovet İttifaqının Kommunist Partiyası tarixinin elmi cəhətdən tədqiqini əlaqələndirmə şurası təşkil olunmuşdur. 1946-cı ildən institut tərəfindən "Əsərlər" məcmuəsi nəşr edilmişdir.[2]
1982-ci ildə institutun 60 illik yubileyi qeyd edilmiş və qurum "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.[1]
Azərbaycan Kommunist Partiyası 1991-ci ilin sentyabrın 14-də fəaliyyətini dayandırdıqdan sonra partiyanın tabeliyində olan və artıq Tarixi-Siyasi Tədqiqatlar İnstitutu kimi fəaliyyət göstərən qurum da ləğv olunmuş, 24 oktyabr 1991-ci ildə isə institutun tərkibindəki partiya arxivi və kitabxanası Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin tabeliyinə verilmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Tarix". Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi. İstifadə tarixi: 20 dekabr 2023.
- ↑ Азәрбајҹан Коммунист Партијасы Мәркәзи Комитәси јанында Партија Тарихи Институту // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 157.