Azerbaycan Milli Merkezi Turkiye - Wikipedia
Azərbaycan Milli Mərkəzi — İstanbulda sovet-bolşevik hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müxtəlif xarici ölkələrə mühacirətə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə yaradılmış qurum.
Fəaliyyəti
redaktəMəhəmməd Əmin Rəsulzadə tərəfindən 1924-cü ildə İstanbulda yaradılmışdır. Milli Mərkəzin əsas məqsədi Şimali Azərbaycanda sovet hakimiyyətinin devrilməsi və müstəqil milli dövlətin bərpa edilməsi idi. AMM Türkiyədə gizli fəaliyyət göstərərək, türkçü ziyalıları öz ətrafında birləşdirirdi. Təşkilatın Mərkəzi Komitəsinə Məhəmməd Əmin Rəsulzadə (sədr), Xəlil bəy Xasməmmədov, Mustafa bəy Vəkilov, Əbdüləli Əmircanov, Əkbər ağa Şeyxülislamov daxil idilər. AMM təşkilatlanmaqla yanaşı, Şimali Azərbaycanda cərəyan edən hadisələri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə nəşriyyat fəaliyyəti də göstərirdi. Türkiyə hökuməti SSRİ-nin tələbi ilə 1927-ci ildə AMM-ə yardımı dayandırdı. Otuzuncu illərin əvvəlində AMM daxilindəki fikir ayrılıqları və ixtilaflar dərinləşdi. AMM-in İstanbuldan Parisə, yaxud Varşavaya köçürülməsi məsələsi də fikir ayrılığı doğururdu. AMM Azərbaycandakı gizli "Müsavat" təşkilatı ilə əlaqə yaradaraq ona təlimatlar göndərir, təşkilatın sovet hakimiyyətinə qarşı mübarizəsini istiqamətləndirirdi. AMM-in nümayəndəliyi 1951-ci il noyabrın 30-da Münhendə Şərqi Avropa, Qafqaz və Türkistan mühacirlərinin toplantısında iştirak etmiş, 1952-ci il dekabrın 11-15-də orada Gürcüstan, Şimali Qafqaz milli mərkəzləri ilə birlikdə konfrans keçirmişdi. Konfransın qəbul etdiyi Qafqaz Xalqları Bəyannaməsini Azərbaycan tərəfindən Məhəmməd Əmin Rəsulzadə imzalamışdı. Konfrans keçmiş Qafqaz respublikalarının müstəqilliyini bərpa etmək uğrunda mübarizəni genişləndirmək məqsədilə müvafiq milli mərkəzlərin birgə fəaliyyətini təşkil etməyi zəruri saydı. Türkiyədəki mühacirlər arasında siyasi fəallığın artması ilə əlaqədar olaraq Məhəmməd Əmin Rəsulzadə 1953-cü ildə AMM-i yenidən təşkil etmiş və 25 nəfərdən ibarət genişləndirilmiş bir mərkəz formalaşdırılmışdı. Mərkəzin işinə, əsasən, gənclər cəlb edilirdilər. Məhəmməd Əmin Rəsulzadənin vəfatından (1955) sonra AMM-ə Mirzəbala Məmmədzadə, o, dünyasını dəyişəndən sonra isə müsavatçı Əbdülvahab Yurdsevər rəhbərlik etmişdir. 1976-cı ildə Əbdülvahab Yurdsevərin vəfatı ilə AMM sədrliyinə Kərim Odər seçildi. O, həm də "Müsavat" partiyasmın başqanı idi. Kərim Odərin vəfatından sonra 1981-ci ildə toplanan "Müsavat" və AMM Başqanlıq Divanı dr. Məhəmməd Azər Aranı hər iki təşkilatın başqanı seçdi. Azərbaycan milli istiqlal ideyası naminə fəaliyyət göstərən AMM 1988-ci ildə erməni təcavüzkarlarının Azərbay-cana qarşı qəsbkarlıq siyasətinin mahiyyətini dünya ictimaiyyətinə açıqlamaq məqsədilə fəal iş aparmış, Azərbaycanla əlaqələri gücləndirməyə səy göstərmişdir. AMM Şimali Azərbaycandakı sovet-bolşevik rejiminə qarşı istiqlal ideyalarının yaşamasında və təbliğ olunmasında mühüm rol oynamışdır. AMM hazırda Türkiyədə fəaliyyətini davam etdirir[1].
İstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı 2004. s. 186
Ədəbiyyat
redaktə- İbrahimli X., Azərbaycan siyasi mühacirəti, B., 1996;
- Oruclu M, Azərbaycanda və mühacirətdə "Müsavat" partiyasının fəaliyyəti (1911-1992), B., 2001.