Azerbaycan Respublikasinin Ixracin Ve Investisiyalarin Tesviqi Agentliyi - Wikipedia
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbəri tərəfindən qarsıya qoyulmuş bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil edən, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandıran və yerli şirkətlərlə əlaqələndirən, eləcə də Azərbaycanın investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə "vahid pəncərə" funksiyası əsasında xidmət göstərən və dəstək verən publik hüquqi şəxsdir[1].
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi | |
---|---|
(AZPROMO) | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 2003 |
Əvvəlki qurum | Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu |
Tabelik | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi |
Ünvan | Neftçilər pr. 44, Səbail, Bakı, AZ1000 |
Rəhbərlik | |
İcraçı direktor | Yusif Abdullayev |
İcraçı direktorun müavini | Zöhrab Qədirov |
|
|
Rəsmi saytı | azpromo.az |
Fəaliyyəti
redaktəAzərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun Nizamnaməsi təsdiq olunmuşdur.[1]
AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvüdür və Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.[2][3]
Fəaliyyət istiqamətləri:
redaktəAzərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir:
- ixracın və investisiyaların təşviqi üzrə dövlət siyasətinin formalaşdırılmasında və normativ hüquqi bazanın inkişafında iştirak etmək;
- ixracın və investisiyaların təşviqi üzrə ixracatçılar və investorlar üçün davamlı əlverişli mühitin yaradılması proseslərində iştirak etmək;
- ixracın və investisiyaların təşviqi üzrə proqram və layihələrin, dövlət dəstək mexanizmlərinin həyata keçirilməsində iştirak etmək və dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin bu sahə üzrə fəaliyyətini əlaqələndirmək;
- ixracatçıların və investorların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlər görmək;
- ixracatçıların ixrac potensialının gücləndirilməsini, onların və investorların maarifləndirilməsini təmin etmək;
- ixracın və investisiyaların təşviqi sahəsində beynəlxalq təcrübənin araşdırılmasını, öyrənilməsini və respublika ərazisində tətbiqini təmin etmək;
- Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
Agentliyin vəzifələri
redaktəAzərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir:
- ixrac və investisiya mühitinin yaxşılaşdırılması və investisiyanın təşviqi məqsədilə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində, qeyri-neft məhsullarının və qeyri-neft sektorunda həyata keçirilən işlərin (xidmətlərin) ixracının təşviqi və investisiyaların cəlb edilməsi ilə bağlı dövlət siyasətinin, habelə dövlətin dəstək proqramlarının və mexanizmlərinin həyata keçirilməsində iştirak etmək;
- ixracın və investisiyaların təşviqi sahəsində göstərdiyi xidmətlərin operativlik, şəffaflıq, rahatlıq, nəzakətlilik və məsuliyyətlilik prinsipləri əsasında həyata keçirilməsini təmin etmək;
- ixracın və investisiyaların təşviqi sahəsində dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək;
- ixracatçıların və investorların hüquqlarının, qanuni maraqlarının qorunması və problemlərinin çevik həlli istiqamətində fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görmək;
- ixracatçılar və investorlar arasında sorğular keçirmək, onların problemlərini araşdırmaq, ixrac və investisiya mühitinin təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə respublikanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, dövlət əmlakının özəlləşdirilməsi prosesinə investorların təşviq edilməsi üçün tədbirlərin həyata keçirilməsini təmin etmək;
- qeyri-neft ixracına dair aylıq statistikanı dərc etmək;
- investisiya fəaliyyəti üzrə dövlət-özəl tərəfdaşlığı sisteminin inkişafı və təşviqi üçün tədbirlər həyata keçirmək;
- ixracatçılara və investorlara göstərilən elektron xidmətləri "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
- öz fəaliyyəti haqqında ixracatçıların, investorların, o cümlədən digər fiziki və hüquqi şəxslərin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
- Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
- kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
- Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
- Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
- qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, ixrac və investisiya sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
- Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
- ixrac və investisiya sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
- Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Müşahidə Şurası
redaktəAgentliyin idarəetmə orqanları Müşahidə Şurası və icraçı direktordur.[1] Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura onun sədri də daxil olmaqla 7 (yeddi) üzvdən: Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavinindən, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavinindən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarətdir.
Müşahidə Şurası ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir və qərar qəbul etməkdə müstəqildir.
İcraçı direktor
redaktəAgentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunan icraçı direktor həyata keçirir. İcraçı direktorun Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad etdiyi iki müavini vardır. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə icraçı direktorun müavinlərindən biri icra edir.[1]
Struktur
redaktəAzərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli 1411 nömrəli Fərmanı ilə Agentliyin strukturu təsdiq edilmişdir:
- Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin Aparatı.
- Nümayəndəlik və filiallar.[18]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "1411 - Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun fəaliyyətinin təmin edilməsi və "İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə". e-qanun.az. 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-21.
- ↑ Sakarya, Onur. "Members". WAIPA | The Global Reference Point for FDI (ingilis). 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-21.
- ↑ Sakarya, Onur. "Steering Committee". WAIPA | The Global Reference Point for FDI (ingilis). 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-21.