Azerbaycan Xalq Cumhuriyyetinin Osmanli Dovletinde Diplomatik Numayendeliyi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycanın Türkiyədə Diplomatik Nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Osmanlı dövlətində təmsil edən elçilik. Azərbaycanla Türkiyə arasında ilk diplomatik təmaslar 1918-ci ilin yazında Trabzon və Batum sülh konfranslarından başlandı. 1918-ci il iyunun 18-də isə Azərbaycan Hökuməti İstanbula ilk nümayəndə heyəti göndərdi. Türkiyə hökuməti və rəsmi dairələrində yaxşı tanınan Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyətinə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idilər. Nümayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti nümayəndə heyətinə, həmçinin, Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə vermişdi.
İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başladılar, mətbuata çoxsaylı müsahibələr verdilər. Nümayəndələr Azərbaycanın öz müstəqilliyini elan etməsini beynəlxalq aləmə bildirmək üçün də mühüm addımlar atdılar. İstiqlal bəyannaməsinin tam mətnini İstan-bulda olan bütün səfirlik və konsulluqlara təqdim etdilər, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan diplomatları ilə görüşlər keçirdilər. 1918-ci ilin yayında Birinci dünya müharibəsi (1914–18) cəbhələrində Dördlər ittifaqının uğursuzluqları İstanbul konfransının başlanmasına imkan verməsə də, Azərbaycan nümayəndəliyi Osmanlı hökuməti üzvləri ilə çox əhəmiyyətli razılaşmalara nail oldu. 1918-ci il sentyabrın 16-da İstanbuldakı nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadə Osmanlı tərəfi ilə ticarət müqaviləsi, Azərbaycan Hökumətinə dərhal avans kimi 500 min türk lirəsi verilməsi haqqında məxfi müqavilə imzalamış, sentyabrın sonunda Türkiyə Dəniz Nazirliyinin mətbəəsində Azərbay-can pulları çap edilməsi haqqında razılıq əldə etmişdi. Osmanlı dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinə 10 il müddətinə 2 milyon türk lirəsi həcmində borc verməsi, Azərbaycana xarici işlər, maliyyə üzrə məsələhətçilər gön-dərməsi, istənilən qədər dərslik və müəllim göndərməyə razılıq verməsi, başlıcası isə, Bakını düşməndən azad etmək üçün zəruri hərbi qüvvə ayırması İstanbuldakı Azərbaycan nümayəndəliyinin gərgin və səmərəli fəaliyyətinin nəticəsi idi.
Azərbaycan Hökuməti Osmanlı imperiyası ilə tam həcmdə diplomatik əlaqələr yaradılması üçün 1918-ci il avqustun 20-də Hökumət üzvü Əlimərdan bəy Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula ezam etdi və ona bütün məsələlər üzrə Azərbaycan Cümhuriyyətinin maraqlarını təmsil etmək tapşırığı verdi. Əlimərdan bəy Topçubaşov, eyni zamanda, İstanbulda beynəlxalq konfrans başlanacağı halda Azərbaycan nümayəndə heyətinin tam-hüquqlu üzvü kimi onun işində iştirak etmək səlahiyyətinə malik idi. Ə. Topçubaşov bu missiyanı yerinə yetirmək üçün avqustun 23-də Gəncədən yola düşsə də, nəqliyyat çətinliklərinə görə yalnız sentyabrın 28-də İstanbula çata bildi. Azərbaycanın fövqəladə səlahiyyətli nümayəndəsi birinci olaraq oktyabrın 2-də Tələt paşa ilə görüşdü və Berlin səfə-rində Azərbaycanın mənafeyini müdafiə etdiyinə, həmçinin türk əsgərlərinin Bakının azad edilməsində iştirakına görə ona Azərbaycan Hökuməti adından təşəkkür etdi. Elə həmin gün Ə. Topçubaşov xarici işlər naziri Əhməd Nəsimi bəylə, oktyabrın 3-də isə hərbi nazir Ənvər paşa ilə görüşdü. Oktyabr ayı ərzində Ə. Topçubaşov Türkiyənin rəsmi dövlət nümayəndələri ilə daha bir neçə görüş keçirdi. Lakin cəbhələrdə vəziyyətin sürətlə pisləşməsi, Osmanlı dövlə-tində hökumət kabinələrinin tez-tez istefa verməsi onunla sabit münasibətlər qurulmasına imkan vermirdi. Ə. Topçu-başov 1918-ci il noyabrın 14-də Azərbaycan Hökuməti başçısına göndərdiyi məktubda bunu etiraf edirdi: "Mənim gəl-diyim müddətdə artıq üçüncü kabinə yaradılır. .. . Bir kabinə ilə hər hansı bir əlaqə yaratmağa macal tapmamış, yeni kabinə yaranır".
Oktyabrın sonunda İstanbulda beynəlxalq konfrans çağırılmasının baş tutmayacağı tam aydınlaşdığı və Türki-yədə böhranlı vəziyyət yarandığı üçün Azərbaycan nümayəndə heyəti Bakıya qayıtdı. Ə. Topçubaşov isə missiyasını davam etdirdi. Noyabrın 4-də o, Mudros barışığının (1918) Azərbaycana aid hissəsi ilə əlaqədar Osmanlı hökumətinə etiraz notası təqdim etdi, noyabrın 5-də isə xarici işlər naziri Nəbi bəylə görüşdü. Bu etiraz notası Azərbaycan Cümhuriyyətinin müstəqilliyini qeyd etmək məqsədi daşıyırdı. Azərbaycanın diplomatik nümayəndəsi Türkiyənin yeni xarici işlər naziri Mustafa Rəşid paşa ilə noyabrın 16-da və sonrakı görüşlərində Türkiyənin Azərbaycana diplomatik nümayəndə göndərməsi məsələsini qaldırdı.
Ə. Topçubaşov Türkiyədə diplomatik nümayəndə kimi 1919-cu ilin yazına qədər fəaliyyət göstərdi və bu müddətdə İstanbuldakı azərbaycanlıların mənafeyini müdafiə etmək, viza məsələlərini yoluna qoymaq, orada təhsil alan azərbaycanlı gənclərə maddi yardım göstərmək, hərbi əsirlərlə bağlı məsələləri həll etmək sahəsində faydalı işlər gördü. O, Paris sülh konfransına (1919–20) göndərilən Azərbaycan nümayəndə heyətinin başçısı kimi İstanbulu tərk etməyə hazırlaşarkən, orada konsul funksiyasını müvəqqəti icra etmək üçün Səfvət bəy Məlikovu hazırladığını Azərbaycan Hökumətinə bildirdi.
1919-cu il mayın 18-də Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəsi Mir Yusif Vəzirov (Ç ə m ə n z ə m i n 1 i) burada yaranmış vəziyyətlə bağlı missiyasını başa vurub, vətənə qayıtmaq üçün Odessadan İstanbula getdi. O, buradakı Britaniya və İtaliya hərbi nümayəndələri ilə görüşlər keçirdi və vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün viza almaq məsələsini onlarla həll etdi. M. Y. Vəzirov iyulun 12-də İstanbuldan Azərbaycan xarici işlər nazirinə göndərdiyi məktubda məlumat verirdi ki, şəhərdə bütün hakimiyyət müttəfiqlərə məxsusdur. Məktubda həmçinin türk naziri Əhməd Fərid bəylə görüşməsi və türk tərəfinə Əhməd bəy Ağayevin qanunsuz həbsi ilə bağlı qeyri-rəsmi etiraz etməsi bildirilirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu il avqustun 1-də özünün Ukraynadakı keçmiş diplomatik nü-mayəndəsi Mir Yusif Vəzirovu İstanbula göndərilən diplomatik missiyanın başçısı təyin etdi. Diplomatik missiyanın maliyyə işi üzrə məsləhətçisi isə xarici işlər nazirliyinin dəftərxana rəisi Cahangir bəy Qayıbov təyin olundu. Lakin Batumdakı ingilis qüvvələrinin rəhbərliyi Azərbaycan nümayəndəliyinin İstanbula getməsinə icazə vermədiyindən, nümayəndələr ay yarım bu şəhərdə ləngiməli oldu, rəsmi icazə alınması mümkün olmadığına görə, xüsusi qaydada Türkiyəyə yola düşmək məcburiyyətində qaldılar. Ona görə də, İstanbulda Azərbaycan diplomatik nümayəndəliyinin rəsmi fəaliyyətini yenidən 1919-cu ilin oktyabrında bərpa etmək mümkün oldu. Noyabrda MY. Vəzirovu Türkiyə xarici işlər naziri qəbul etdi. Noyabrın 15-də "Təsviri-Əfkar" adlı türk qəzetinə müsahibəsində M. Y. Vəzirov Azərbaycanın İstanbulda səfirlik təşkil etməsi haqqında xəbərləri təkzib edərək, digər yeni yaranmış dövlətlər kimi, burada yalnız diplomatik nümayəndəliyə malik olduğunu bildirdi. Azərbaycan Cümhuriyyətinin İstanbuldakı diplomatik nümayəndəliyi Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmağa məcbur oldu.
Mənbə
redaktə- Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920).
- Внешняя политика (документы и материалы), Бakı- 1998.
- Qasımlı Musa. Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914–1918-ci illər). 3 hissədə. II hissə (1917-ci il noyabr-1918-ci il noyabr). Bakı: Adiloğlu, 2001.
- Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920-ci illər), Bakı- 1993.
- Nəsib Nəsibzadə, Azərbaycanın xarici siyasəti (1918–1920), Bakı- 1996.
İstinadlar
redaktə- ↑ Cümhuriyyətin Osmanlı səfirliyi Arxivləşdirilib 2015-07-27 at the Wayback Machine. dilgamahmad.net (az.)