Azerbaycan Ovculuq Inanclari - Wikipedia
Azərbaycan ovçuluq inancları — azərbaycanlıların mifik inanclarına və adət-ənənələrinə görə ovçuluqla bağlı inanclar, ov zamanı icra edilən rituallar və s.
İnanclar
redaktəAzərbaycan türklərinin ovçuluq inancları ilə Sibir Altay türklərinin mərasim və inancları bir-birinə bənzərdir.[1] Azərbaycan ovçuluq inanclarına görə ovçular həm fiziki, həm əxlaqi baxımdan təmiz olmalı, ova çıxan adam haram yeməməli, yalan danışmamalı və pislik etməməlidir. Ovçular öz fəlakətlərini və ya xoşbəxtliyini əvvəlcə yuxuda görürlər. Kumandıların əfsanələrində və Azərbaycan türklərinin ovçuluq miflərində, nağıllarında yuxu motivi vacibdir. Hekayələrin birində ovçu pis yuxu görər, yuxuda "ova gəlmə!" deyilər. Lakin ovçu yuxuya məhəl qoymaz və dostları ilə ova çıxar. Ovçu evdən çıxandan sonra birdən hava soyuyar, sel basar. Üç gündən sonra ovçunun cəsədi tapılar.[2]
Ovçular ov zamanı heyvanların adını çəkməz, onlara xüsusiyyətlərinə uyğun yeni ad verərlər. Azərbaycan türklərində həm ev, həm çöl heyvanlarına belə adlar verilir. Ayıya “yastıdaban”, “əyripəncə”, tülküyə “şələquyruq”, qurda “yalquzaq”, dovşana “haçaqulaq”, şahin quşuna “toğlugötürən”, eşşəyə “uzunqulaq”, itə “toplan”, pişiyə “məsdan”, ov silahına “dayan doldurum”, "aynalı" adları verilmişdir.[3]
Şəki və Zəngəzur bölgələrinə aid ovçuluq mətnlərinə görə, maral ovlayan ovçuların başına pis işlər gələr.[4] Naxçıvan və Şəki ovçuluq mətnlərinə görə, keygidər, süleyh quşu kimi totem quşlar ovlanmamalıdır. Süleyh quşunun əti yeyilsə də ovlanması yasaqdır. Ovçu onu tutanda qar fırtınasına yaxalanar, yağış yağar.[5] Qarğanın da totem olması, ovlanmaması kimi inanclar mövcuddur, qarğa ovçuya köməkçi olan güclərdən hesab edilir. Qu quşunun sadiqliyi və fərdakarlığı ilə bağlı hekayələr də mövcuddur. Məsələn, qu quşunun dişisi erkək ovlanandan sonra özünü yerə ataraq öldürür. Qu quşunun ovlanmasının oxçuya bədbəxtlik gətirməsi, quşun ölməzdən əvvəl ovçuya baxması haqqında hekayə vardır.[6]
İnanclara görə, əgər ovçu uğurla ov ovlaya bilmirsə, heyvanın ətindən hamilə və ya təzə doğmuş qadın yemişdir. Belə olan halda silah çiləyə düşmüş sayılır. Silahın çilədən çıxması üçün tüfəngin üstündən dişi it və ya əkiz doğmuş qadın üç dəfə tullanmalıdır.[7] Naxçıvan bölgəsi ovçuluq inanclarında isə tüfəngin çilədən çıxardılması üçün qarğa ovlanmalıdır.[6] Digər üsullar yeddi qapıdan yığılmış undan hazırlanmış qoğaldan tüfəngin lüləsinin keçirilməsi, iki yol ayrıcında tüfəngin daşların üstünə qoyularaq altından daş atılması, üç çərşənbə tüfəngin qırxaçar camının (dibinə xırda açarlar bərkidilmiş mis qabın) içində yuyulması, it nəcisinin daşın üstünə yığılıb vurulması daxildir. Çoxlu ova səbəb olan tüfəng "qansevən tüfəng" adlanır.[8]
Azərbaycan inanclarına görə ovçu ovun qəlbini özü yeməlidir.[1] Buna səbəb ovun sürətini və gücünü əldə etmək ola bilər.[8] Ovlanan heyvanın başı və dərisi onu ovlayan ovçuya verilər.[9] Zəngəzur folkloruna aid bu şeirdə ov ətinin satılmaması qaydası qeyd edilir:[10]
Ovçu ovun atmasın
Ətin tərəziyə qoyub satmasın,
Ovçu sənin isbin-kisbin partlasın,
Bu dağda bir maral yaman ağladı.[10]
Digər qaydalar ov ətinin içki ilə içilməməsi, ovdan qayıdarkən rastlaşılan hamıya ovdan pay verilməsi, ovçu sayılan ov quşlarına güllə atılmamasıdır. Ovçu gərək ovlamaq üçün bədənindən ət itirsin.[8] Qafqazda, Azərbaycan türkləri daxil olmaqla, ovun yandırılmaması, torpağa basdırılması adəti mövcuddur. Heyvan ruhunun sümüklərdə yaşaması və daha sonra dirilməsi inancı vardır.[9]
Meşə varlıqları ilə münasibət
redaktəAzərbaycanda ov tanrısının adı Bəkildir.[11] Boynunda və başında ağ zolaq olan, qulağı deşik olan heyvan tanrının işarəsi sayılır, ovçuya var-dövlət, xoşbəxtlik gətirir. Bu ovun bir hissəsi ov tanrısına qurban verilər. Belə inanc həm Azərbaycan, həm Sibir türklərində mövcuddur. "Kitabi-Dədə Qorqud" dastanında ov heyvanın qulağını dələn Bəkilin ov hamisi rolu araşdırmaçılar tərəfindən qeyd edilir.[12] Həmçinin Azərbaycanda ov tanrısına qoğal vermək ənənəsi mövcuddur.[9]
Azərbaycan folklorunda ovlanma limitinə çatan ovçular Ov hamisi (qoruyucusu) ilə qarşılaşar və onlara xəbərdarlıq edilər. Belə ovçuların qabağından ov qaçmaz, başını və ya arxasını aşağı əyər, qız, gəlin cildində görünər. Bundan sonra ovçu silahını yerə basdırmalıdır, əks halda ölə bilər.[10] Mifik mətnlərdə ov iyəsinin maral, ayı və ceyran şəklində variantları mövcuddur.[13]
Azərbaycan folklorunda dağ və meşə iyəsinin qadın cildində olması, ovçularla evlənməsi ilə bağlı hekayələrə rast gəlinir. Belə hekayələrdə ovçu arvadının sirrini biləndən sonra qadın marala çevrilib, evdən gedir. Daha sonra ovçu kasıb və bədbəxt olub ölür.[12]
Hekayələrin birinə görə, ovçu ocaq başında istirahət edəndə onun yanına meymuna bənzər, qaradamı böyüklüyündə bir varlıq gəlib oturar. Ovçu varlığın onun hərəkətlərini və sözlərini yamsıladığını gördükdə yanan odlardan birini özünə yaxınlaşdırar. Varlıq da bunu edəndə tükləri yanar və qaçar.[12]
Əfsanəvi ovçular
redaktəOvçu Pirim
redaktəOvçu Pirim Azərbaycan folklorunda gülməli bir qəhrəman olsa da, nağıllarda onun yeraltı dünyasının nümayəndəsi olan ilanların padşahının köməyi ilə heyvanların dilini bilməsi, onları qoruması, sirr saxlaması, peyğəmbər timsalında xalqın qayğısına qalaraq kasıblara kömək etməsi, ovçuluq qanunlarını pozduqda cəzalandırması, öz qardaşını və oğlunu öldürməsi motivləri təsvir edilmişdir.[3]
İstinadlar
redaktə- ↑ 1 2 Celilova, 2019. səh. 62
- ↑ Celilova, 2019. səh. 65-66
- ↑ 1 2 Celilova, 2019. səh. 79
- ↑ Celilova, 2019. səh. 70
- ↑ Celilova, 2019. səh. 72
- ↑ 1 2 Celilova, 2019. səh. 74
- ↑ Celilova, 2019. səh. 78
- ↑ 1 2 3 Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh. səh 97-98.
- ↑ 1 2 3 Celilova, 2019. səh. 77
- ↑ 1 2 3 Celilova, 2019. səh. 65
- ↑ Celilova, 2019. səh. 63-64
- ↑ 1 2 3 Celilova, 2019. səh. 67-68
- ↑ Sarpkaya, S. (2022). AZERBAYCAN TÜRKLERİNİN EFSANELERİNDE EKOFOLKLOR BAKIŞ AÇISIYLA AV, SU VE AĞAÇ . Folklor Akademi Dergisi , 5 (1) , 59–77 . Retrieved from https://dergipark.org.tr/en/pub/folklor/issue/69545/1087187 Arxivləşdirilib 2022-08-27 at the Wayback Machine
Ədəbiyyat
redaktə- Avcılık İnanç Ve Ritüellerine Bakış. Aynur Celilova. Sosyal Araştırmalar ve Davranış Bilimleri Dergisi, 2019, Cilt 5, Sayı 8, s. 62–86