Azerbaycan Xalcaciliq Mektebleri - Wikipedia
Xalçaçılıq
redaktəAzərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq. Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir. Bu sənətlə məşğul olma həm də insanlara gəlir gətirib. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən "İtə ataram, yada satmaram" məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu ifadə edir.
Xalçaçılığın tarixi
redaktəAzərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. Bunnula bağlı qədim dünya tarixçiləri Herodot, Ksenofont və digərlərinin əsərlərində də müxtəlif məlamatlar var. Tarixi qaynaqlar III–VII əsrlərdə Azərbaycanda xalça sənətinin daha sürətlə inkişaf etdiyini, ipəkdən, qızıl və -gümüş saplardan nəfis xalçaların toxunduğunu bildirir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI–XVII əsrlərdə ənənəvi xarakter alıb. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. XVI–XVII əsrlərdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson, holland səyahətçisi Yan Streyts Şamaxıda qiymətli saplarla toxunan, qaş-daşlarla bəzədilən xalçalar barədə xəbər veriblər. Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. Naməlum müəllifin X əsrə aid "Dünyanın sərhədləri" əsərində, XII əsrə aid "Kitabi-Dədə-Qorqud" dastanında, klassik şairlərimiz Nizami və Xaqaninin əsərlərində xalçalarımız tərənnüm olunub. Avropa rəssamlarının əsərlərində, miniatürlərdə Azərbaycan xalçalarına aid nümunələr əks olunub. Buna misal olaraq XV əsr Niderland rəssamları Hans Memlinq, Van Eyk, alman rəssamı Hans Holbeynin tablolarını misal göstərmək kifayətdir. Xalçalarımız haqqında müxtəlif əfsanələr, atalar sözləri, tapmacalar və digər hikmətli kəlamlar düzülüb-qoşulub. Uzun illərdir xalçaçılıqla məşğul olan Nəzakət Qəhrəmanovanın sözlərinə görə, qədimdə Azərbaycanda qıza elçi gələndə, onun həm də xalça-palaz toxumaq qabiliyyətinə qiymət verirmişlər: "Elçilər isə istəməyə gəldikləri qızın toxuduğu xalçaya baxmaqla təkcə onun qabiliyyətini deyil, həm də xasiyyətini də müəyyənləşdirirmişlər.
Xalça növləri
redaktəMüxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları təkcə görünüşü, keyfiyyəti, gözəlliyinə görə yox, həm də orijinallığı, fəlsəfiliyinə görə dünyada məşhurdur. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Xovsuz xalçaların və ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür. Bunlar palaz, cecim, ladı, kilim, şəddə, vərni, zili və sumax adlanır. Sadalanan xalça növləri ilmələrinin sıxlığı, rəng çalarları, toxunuşu və ornamentlərinə görə bir-birindən fərqlənir. Azərbaycan xalçaları daim xarici ölkələrdə təşkil olunan sərgilərdə yüksək yerlər tutub, qızıl və gümüş medallara layiq görülüb.
Xalçaçılıq məktəblərimiz
redaktəAzərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə 7 xalçaçılıq məktəbinə bölünür. Bunlar Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz məktəbləridir. Bu məktəblərin hər biri isə ayrı-ayrı məntəqələrə bölünür. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb.
Bakı xalçaları
redaktəBakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir.Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir.
Şirvan xalçaları
redaktəŞirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur.
Gəncə xalçaları
redaktəGəncə xalçaları seyrək ilməli, qalın tüklü, həndəsi ornamentli, orta ölçüsü isə seçilir. Bu xalçaların toxunuşunda əsasən sürməyi göy, lalə və zoğalı qırmızı rənglər üstünlük təşkil edir.
Qazax xalçaları
redaktəQazax xalçaçılıq məktəbinə Azərbaycanın qərb rayonları, Gürcüstanda soydaşlarımızın yaşadığı Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan indki Ermənistan ərazisindəki Göyçə mahalı daxildir. Bu məktəbin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır.
Qarabağ xalçaları
redaktəQarabağ xalça məktəbi bu bölgənin həm dağlıq, həm də aran zonasını əhatə edir. Qarabağ xalçaları bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından məşhurdur. Çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı-gəbələr geniş yayılıb. Qarabağ xalçalarının rəng palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir.
Təbriz xalçaları
redaktəTəbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir. Bu məktəbə mənsub xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir. Təbrizdə toxunmuş məşhur "Şeyx Səfi" xalısı hazırda London müzeyində çox qyiəmtli eksponat kimi saxlanılır. Çox təəssüf ki, bün Təbriz xalçaçılıq məktəbinin nümunələri dünyada daha çox İran xalçaları kimi tanınır.
Xalçaçılıq ənənəsinin bərpası
redaktəXalçaçılıq ənənəsinin yaşadılması və qorunması məqsədilə hələ 1967-ci ildə Xalça və Tətbiqi Sənət Muzeyi yaradılıb. Bu gün həmin muzeydə 6 mindən artıq xalça, 15 mindən artıq eksponat var. Onların hər biri müxtəlif bölgələrin xalça ənənələrini özündə ehtiva edir. Azərbaycanda xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın mərhum xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. L.Kərimov uzun illər xalçaları tədqiq edib, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirib, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaradıb. 2004-cü ildə "Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Qanun qəbul edilib[1].
Azərbaycan xalçaları dünyada
redaktəAzərbaycanda yaradılmış müxtəlif sənət nümunələrindən, o cümlədən Azərbaycan xalçalarından seçmələr 1872-ci ildə Moskvada, 1873-cü ildə Vyanada, 1918-ci ildə Peterburqda Ümumrusiya sərgilərində,1924-cü ildə Parisdə Ümumdünya sərgilərində nümayiş etdirilib. Bununla yanaşı, xalça sənətinin bir sıra nadir sənət nümunələri zaman-zaman dünyanı dolaşıb, ayrı-ayrı ölkələrin muzeylərinin fondlarını zənginləşdirib, şəxsi kolleksiyaların bəzəyinə çevrilib. Bu əşyaların bəziləri ayrı-ayrı şəxslərdən alınıb, bəziləri isə qarət edilərək Azərbaycandan aparılıb. Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini, habelə, Bakıda Azərbaycan Xalçaçılıq və Azərbaycan Tarixi muzeylərini bəzəyir. 2010-cu ilin 15–19 noyabr tarixində Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti bu mötəbər qurumun Ümundünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib. Bu, Azərbaycan mədəniyyətinin növbəti uğurudur[2].
İstinad
redaktə- ↑ "Xalçaçılıq" (az.). https://kayzen.az/. 1 aprel 2012. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- ↑ "Azərbaycan xalçaçılıq sənəti" (az.). https://unesco.preslib.az/. 2020-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.