Azerbaycanda Secki Heddi - Wikipedia
Azərbaycanda seçki həddi hal-hazırda yerli bələdiyyə və parlament seçkilərində tətbiq olunmur. Majoritar sistemlə keçirilən seçkilərdə ən çox səs toplayan şəxs seçilmiş hesab olunur. Azərbaycanda sadəcə referendumlarda seçki həddi tətbiq olunur. Belə ki, əgər seçicilərdən yarısından çoxu referendumun lehinə səs verərsə, referendum baş tutmuş və təkliflər qəbul edilmiş sayılır.
Azərbaycanda bir müddət qarışıq üsulla keçirilən parlament seçkilərində majoritar seçki üçün 50+1%, proporsional üsulla keçirilən seçkilər üçün isə əvvəlcə 8%, daha sonra isə 6%-lik seçki həddi tətbiq olunmuşdur.
Tarixçə
redaktəAzərbaycanda seçki həddi 1995-ci ildə keçirilən ilk parlament seçkilərində tətbiq olunmuşdur. Belə ki, bu seçkilərdə proporsional seçki üçün ayrılmış 25 yer üçün mübarizə aparan partiyalar 8%-lik seçki həddini keçdiyi təqdirdə nisbət hesabına uyğun olar parlamentdə təmsiliyyət haqqı qazanırdı. 2000-ci il parlament seçkilərində isə bu hədd 6%-ə endirilmişdir.
Proporsional sistemdə
redaktə1995-ci ildə keçirilən ilk parlament seçkilərində Azərbaycan Demokratik İstiqlal Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası və Yeni Azərbaycan Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınmış, beləliklə qeyd olunan partiyalar proporsional seçki üzrə mübarizə haqqı qazanmışdır. Bununla yanaşı seçki qanununun şərtlərini pozduqlarına görə 4 siyasi partiya — Müsavat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kommunist Partiyası və Ümid Partiyası Mərkəzi Seçki Komissiyası tərəfindən proporsional seçkilərə buraxılmamışdır. Bu siyasi partiyalar Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayətlə müraciət etsələr də, Ali Məhkəmə şikayətlərə baxaraq Mərkəzi Seçki Komissiyasının qərarlarını qüvvədə saxlamışdır.
Seçki nəticələrinə əsasən proporsional seçki üzrə Yeni Azərbaycan Partiyası 62,70%, Azərbaycan Xalq Cəbhəsi Partiyası 9,70%, Azərbaycan Milli İstiqlal Partiyası isə 9,30% səs toplayaraq 8%-lik seçki həddini keçmiş və beləliklə nisbət hesabı ilə Yeni Azərbaycan Partiyası 19, Azərbaycan Xalq Cəbhəsi Partiyası 4, Azərbaycan Milli İstiqlal Partiyası isə 3 deputatla parlamentdə proporsional sistem üzrə təmsil olunma haqqı qazanmışdır.
2000-ci il parlament seçkilərində Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Kommunist Partiyası, Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Milli Konqres Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Liberal Partiyası və ölkə tarixində ilk dəfə olaraq Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasından ibarət "Demokratik Azərbaycan" Siyasi Partiyalar Blokunun proporsional seçki üzrə vahid namizədlər siyahsı qeydiyyatdan keçmişdir.
Seçki nəticələrinə əsasən proporsional seçki üzrə Yeni Azərbaycan Partiyası 62,31%, Azərbaycan Xalq Cəbhəsi Partiyası 10,95%, Vətəndaş Həmrəyliyi Partiyası isə 6,43%, Azərbaycan Kommunist Partiyası isə 6,33% səs toplayaraq 6%-lik seçki həddini keçmiş və beləliklə nisbət hesabı ilə Yeni Azərbaycan Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 4, Vətəndaş Həmrəyliyi Partiyası 3, Azərbaycan Kommunist Partiyası isə 2 deputatla parlamentdə proporsional sistem üzrə təmsil olunma haqqı qazanmışdır.[1][2] Lakin bu seçkilərdə Müsavat Partiyasının vahid namizədlər siyahısının favorit hesab olunmasına baxmayaraq 4,85%, Azərbaycan Milli İstiqlal Partiyasının vahid namizədlər siyahısının 3,89% səs alaraq seçki həddini keçə bilməməsi etirazlara səbəb olmuşdur.
2002-ci ildə keçirilən konstitusiya referendumuna əsasən proporsional seçki sistemi ləğv olunmuş və beləliklə seçki həddinin tətbiqi də dayandırılmışdır.
Majoritar sistemdə
redaktə1995-ci ildə keçirilən ilk parlament seçkilərində majoritar seçki sistemi üzrə səsvermə keçirilən təkmandatlı seçki dairələrində 50+1%-lik seçki həddi tətbiq olunmuşdur. 50+1%-lik seçki həddinin keçilə bilmədiyi 20 seçki dairəsində 26 noyabr 1995-ci il tarixində təkrar seçkilər keçirilmişdir. Bu seçkidə də 5 seçki dairəsi üzrə seçici aktivliyi üçün olan 50+1%-lik hədd keçilə bilməmiş və bu səbəbdən 4 fevral 1996-cı il tarixində keçirilən təkrar seçkilərdə namizədlər yenidən mandat uğrunda yarışmışdırlar. Bu seçkidə də 1 seçki dairəsi üzrə 50+1%-lik seçki həddi keçilməmiş və son olaraq 18 fevral 1996-cı il tarixində keçirilən təkrar seçkisində namizədlər yenidən mandat uğrunda yarışmışdırlar.
Majoritar seçki üsulunda tətbiq olunan seçki həddi bu seçkilərdən sonra ləğv olunmuşdur.
Maliyyə yardımı
redaktəHal-hazırda qüvvədə olan Siyasi Partiyalar Haqqında Qanuna əsasən partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Yeni çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin yekunlarına əsasən Azərbaycan Respublikasının Milli Məclisi səlahiyyətli tərkibdə formalaşdırıldığı gündən etibarən vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür, vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür, vəsaitin 50 faizi Azərbaycan Respublikası Milli Məclisinin say tərkibinə (125-ə) bölünür və bunun nəticəsində alınan məbləğ Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılır. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qayda tətbiq olunur. Bu maddənin birinci cümləsində siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılır. 17–1.2.4. vəsaitin 5 faizi Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bu Qanunun 17–1.2.2-ci maddəsinə əsasən aparılmış bölgü nəticəsində hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə ayrılır.[3]
İstinadlar
redaktə- ↑ "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- ↑ "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
- ↑ "Arxivlənmiş surət". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.