Bee De Tehsil - Wikipedia
BƏƏ-də təhsil — Ərəbistan yarımadasının şərq hissəsində, Fars və Oman körfəzləri sahilində yerləşən Birləşmiş Ərəb Əmirliklərində mövcud olan çoxşaxəli təhsil sistemi.
Tarixi
redaktəBƏƏ tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar.
BƏƏ-nin müasir təhsil sistemi əsasən XX əsrin ikinci yarısından sonra formalaşıb. 1952-ci ildə ölkədə çox az sayda formal məktəblər fəaliyyət göstərirdi. 1960-1970-ci illərdə məktəblərin yaradılması proqramının tətbiqi təhsil sisteminin nisbətən genişlənməsinə səbəb oldu.
BƏƏ-də neft yataqlarının işlənilməsinə başlandıqdan sonra təhsilin inkişafına daha böyük diqqət yetirilmişdir. Ölkədə təhsil ən prioritet sahələrdən biri kimi önə çəkilib. İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün investisiya qoyuluşunun ölkənin gələcəyi baxımından əhəmiyyətini qəbul edən BƏƏ federal hökumətin ümumi xərclərinin 25 faizini təhsilə sərf edir.
Ölkə üzrə savadlılığın ümumi səviyyəsi 91 faiz təşkil edir. Bu ölkədə əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə nail olmaq üçün bir sıra davamlı tədbirlər həyata keçirilir.
BƏƏ-də dövlət təhsili məktəbəqədər təhsil pilləsindən ali təhsil pilləsinə qədər ölkənin bütün vətəndaşları üçün pulsuzdur. Buraya məktəbli formaları, kitablar, zəruri avadanlıqlar, əlavə vəsait və nəqliyyat vasitəsi ilə təminat da daxildir. Təhsil IX sinfə, yəni 6 yaşdan 15 yaşa qədər icbaridir.
2006-2007-ci tədris ilindən etibarən əcnəbi şagirdlərə də təhsil haqqı ödəməklə dövlət məktəblərində oxumağa icazə verilir. BƏƏ-də müəllim tələbə nisbəti 15:1-ə bərabərdir.
Ölkədə təhsilə dövlət büdcəsindən ayrılan vəsait davamlı olaraq artırılsa da, tədris metodları və kurikulum yeni tələblərə cavab vermirdi. Ümumilikdə təhsil sistemi zəif idi. 2006-cı ilin fevral ayında hökumət tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi, o cümlədən daimi sinif otaqlarının, kompüter laboratoriyalarının müasir avadanlıqlarla təmin olunması istiqamətində konkret addımlar atılmağa başlandı.
BƏƏ-nin Təhsil Nazirliyi təhsildə texnologiyaları tətbiq etmək, yeni bacarıqları təkmilləşdirmək üçün hazırlanmış və şagirdlərin təhsil imkanlarının artırılmasına yönəlmiş "Təhsil-2020" adlı beşillik silsilə proqramlar qəbul edib. Bu proqramın bir hissəsi kimi, 2003-2004-cü tədris ilindən başlayaraq bütün dövlət məktəblərinin I siniflərində yeni riyaziyyat və inteqrativ təbiət elmləri kurikulumu tətbiq edilir. Yeni kurikulumlarda ingilis dilinin tədrisi digər fənlərin, o cümlədən riyaziyyat və təbiət elmlərinin tədrisinə inteqrasiya edilir.
Birləşmiş Ərəb Əmirlikləri qadınların təhsilə cəlb olunması və onların təhsil imkanlarının artırılması istiqamətində mühüm irəliləyiş əldə edərək BMT-nin Minilliyin Məqsədlərinə çatmaq üçün müəyyən etdiyi tələbləri yerinə yetirib.
Ölkədə təhsilin bütün pillələrində yeni təşəbbüslər dəstəklənir və müvafiq islahatlar həyata keçirilir. Bunlardan biri də "K-12" proqramlarının tətbiq edilməsidir. Bu proqramın əsas məqsədi orta məktəb məzunlarının dünya universitetlərində oxumasına tam hazırlıqlı olmasını və qlobal əmək bazarında rəqabət apara bilməsini təmin etməkdir.
Təhsil sahəsində həyata keçirilən mütərəqqi islahatlarla yanaşı, BƏƏ hökuməti 2020-ci ilə qədər təhsili milliləşdirməklə təhsil sektorunda çalışan vətəndaşlarının sayının 90 faizə çatdırılmasını əsas hədəf kimi müəyyənləşdirib. Orta təhsil pilləsində reallaşdırılan bütün bu islahatlar ölkənin Təhsil Nazirliyi, Abu-Dabi Təhsil Şurası və Dubay Təhsil Şurası tərəfindən həyata keçirilir.
BƏƏ-də ali təhsil sisteminin idarə olunması ilə Ali Təhsil və Elmi Tədqiqat Nazirliyi məşğul olur. Bu qurum həm də ali təhsil müəssisələrinə qəbul aparılmasını və tələbələrin seçdikləri ixtisaslar üzrə yerləşdirilməsini həyata keçirir.
Məktəbəqədər təhsil
redaktəBirləşmiş Ərəb Əmirliklərində uşaqlar 4-5 yaşlarında məktəbəqədər təhsilə cəlb olunurlar. 2005-ci ilin statistikasına görə, ibtidai məktəblərin birinci sinfinə qəbul edilən uşaqların 80 faizini məktəbəqədər təhsil müəssisələrindən gələn uşaqlar təşkil edir.
Ölkədə həm dövlət, həm də müstəqil məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir. Müstəqil bağçalarda tətbiq olunan kurikulum dövlət bağçalarında tətbiq olunan kurikulum ilə eynidir. Həmçinin müstəqil bağçalar üçün inzibati, texniki və tədris heyətinə olan ehtiyacı BƏƏ Təhsil Nazirliyi müəyyənləşdirir.
Məktəbəqədər təhsil pilləsində son illər aparılmış islahatlar nəticəsində Bağçaların İnkişaf Mərkəzləri yaradılıb. Bu mərkəzlər Körfəz regionunda tədris və inzibati heyətin hazırlanması, eləcə də onların ixtisasının artırılması üçün daimi elmi-tədris bazası hesab edilir.
İbtidai təhsil
redaktəÖlkədə ibtidai təhsil 6 yaşdan başlanır və 6 il davam edir. Dövlət ibtidai təhsil müəssisələrində oğlanlar ayrı, qızlar ayrı məktəblərdə oxuyurlar. 2006-cı ilin statistikasına görə, oğlanların 85, qızların isə 82 faizi ibtidai təhsil pilləsinə cəlb olunur.
İngilis dilinin tədrisi səviyyəsini yüksəltmək üçün Abu-Dabi Təhsil Şurası Zayed Universiteti ilə birgə ibtidai təhsil üzrə pilot proqram hazırlayıb. Ölkədə ingilis dilində səlis danışmağı bacarmayanların işlə təmin olunması xeyli çətindir. Bu proqramın genişləndirilərək ölkənin bütün məktəblərində tətbiq olunması planlaşdırılır.
BƏƏ-də ibtidai təhsildən sonra şagirdlər 3 illik hazırlıq (əsas) təhsili pilləsində oxuyurlar. İbtidai təhsil pilləsini başa vurduqdan sonra şagirdlər öz təhsillərini texniki profilli orta məktəblərdə də davam etdirə bilərlər. Həmin məktəblərdə təhsil 6 il davam edir və məzunlara orta texniki təhsil haqqında diplom verilir.
Orta təhsil
redaktə3 illik hazırlıq təhsilini başa vurduqdan sonra şagirdlər növbəti 3 il müddətində orta təhsil pilləsində oxuyurlar. Əhalinin orta təhsil pilləsinə cəlb olunmasının səviyyəsi ibtidai təhsil pilləsi ilə müqayisədə nisbətən aşağıdır. Belə ki, bu təhsil pilləsinə kişilərin 62, qadınların isə 66 faizi cəlb olunur.
Ölkədə orta təhsilin idarə olunmasına Təhsil Nazirliyi cavabdehlik daşıyır. Dövlət məktəbləri hökumətin ayırdığı vəsait hesabına maliyyələşir və belə məktəblərdə kurikulum BƏƏ-nin inkişaf məqsədlərinə və dəyərlərinə uyğun olaraq tərtib olunur. Dövlət məktəblərində tədris ərəb dilində həyata keçirilir. İngilis dili isə ikinci dil kimi tədris olunur. Həmçinin beynəlxalq səviyyədə akkreditasiyadan keçmiş çoxlu sayda özəl məktəblər də fəaliyyət göstərir.
2006-2007-ci tədris ilinin statistik məlumatlarına görə, ölkənin 1256 dövlət və özəl orta məktəbində 650000 nəfər şagird təhsil almışdır. Bu şagirdlərin 60 faizi dövlət məktəblərində oxumuşdur.
Son illərdə özəl təhsil sektorunda da ciddi inkişaf meyilləri müşahidə olunmaqdadır. Bu isə özəl məktəblərdə təhsil almaq istəyənlərin sayının kəskin artmasına səbəb olub. Dubay Əmirliyində şagirdlərin 50 faizi, Abu-Dabi Əmirliyində isə 40 faizi özəl məktəblərdə təhsil alır.
Ölkədə xüsusi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində də islahatlar həyata keçirilməkdədir. 2006-cı ildə fiziki və əqli qüsuru olanlar üçün təhsil imkanlarının yaxşılaşdırılması məqsədilə xüsusi akt qəbul edilib. Bu sənədə görə xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlət və özəl məktəblərdə digər şagirdlərlə bərabərhüquqlu təhsil almaq imkanı qazanıblar. Bununla yanaşı, bütün ölkədə müvafiq peşə və reabilitasiya mərkəzləri də fəaliyyət göstərir.
Ali təhsil
redaktəBƏƏ-də fəaliyyət göstərən çoxsaylı ali təhsil müəssisələrinə Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin tabeliyində olan Akademik Akkreditasiya Komissiyası lisenziya verir. Ali məktəblərin tədris proqramlarının akkreditasiyasını da bu qurum həyata keçirir.
Ölkə vətəndaşları dövlət ali təhsil müəssisələrində pulsuz oxuya bilərlər. Orta təhsil pilləsinin sonuncu sinfini bitirən qızların 95, oğlanların isə 80 faizi ali təhsil müəssisələrinə qəbul olunurlar.
Elmi tədqiqatlar
redaktəBƏƏ-də təhsil və elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərilir. Təcili Kompüter Yardımı üzrə Tədqiqat Mərkəzinin, Məsdər Elm və Texnologiya İnstitutunun səmərəli fəaliyyətinin təşkilini buna nümunə kimi göstərmək olar.
Məsdər Elm və Texnologiya İnstitutu Orta Şərqin ilk elmi-tədqiqat yönümlü universiteti hesab edilir. 2009-cu ilin payızında universitetdə ilk dəfə magistratura proqramları həyata keçirilməyə başlanıb. Bu universitetin yaradılmasının əsas məqsədi dünyada təbii yanacaqdan asılılığın azaldılması problemi ilə məşğul olan gənc kadrlar və tədqiqatçılar hazırlamaqdır.
Tədqiqat və təlim müəssisəsi olan Dubay İdarəçilik Məktəbi də elmi-tədqiqatlara geniş yer verir, müvafiq sahədə yüksək səviyyəli mütəxəssislər yetişdirir. Bu təhsil müəssisəsində 2009-cu ildən idarəetmə və dövlət siyasəti üzrə magistratura proqramları tədris olunur.
Beynəlxalq əməkdaşlıq
redaktəBƏƏ-də xarici ölkələrin beynəlxalq səviyyədə tanınmış universitetlərinin filialları da fəaliyyət göstərir. Onların bəziləri xüsusi təhsil zonalarında, 2003-cü ildə yaradılmış Dubay Bilik Kəndində və Dubay Beynəlxalq Akademik Şəhərciyində yerləşir.
Ölkənin beynəlxalq səviyyədə tanınmış universitetlərində xaricdə oxumaq imkanı olmayan yerli tələbələr də biznes, təbiət elmləri, mühəndislik və kompüter proqramları ixtisası üzrə təhsil alırlar.
Əlavə təhsil
redaktəBƏƏ-də daimi inkişafa nail olmağın vacibliyini nəzərə alaraq yeni strategiyalar, proqramlar icra edilir və yeni təşəbbüslər dəstəklənir, yüksək keyfiyyətli təhsil standartlarının həyata keçirilməsinə səy göstərilir. Bütün Orta Şərqdə təhsilin inkişafına maneə yaradan əsas faktorlar ingilis dilinin tədrisinə münasib diqqətin verilməməsi, müasir tədris vasitələri, texnologiyaları və metodları ilə qeyri-adekvat təmin olunmaq hesab edilir. Müasir kurikulumun vacibliyini qəbul edən BƏƏ bu sahənin inkişaf etdirilməsi üçün böyük təhsil kampaniyasına başlayıb. Əlbəttə ki, bu kampaniyanın əsasını təhsilin maliyyələşməsi təşkil edir. Odur ki, BƏƏ-də 2009-cu ildə təhsilin və müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün 7,4 milyard dirhəm (2 milyard ABŞ dolları) vəsait ayrılmışdır ki, bu vəsaitin bir hissəsi növbəti 5 il ərzində dövlət məktəblərində çalışan 10000 müəllimin ixtisasının artırılmasına yönəldilmişdir.
2008-ci ildən Təhsil Nazirliyi Mentorluq Proqramının tətbiqinə başlayıb. Proqrama əsasən 735 dövlət məktəbinin 50-nə Qərb ölkələrində təhsil almış savadlı və ixtisaslı məktəb direktorları təyin edildi. Bu, tədris strategiyasının müasirləşdirilməsi və Qərb ölkələrində tətbiq olunan təlim üsullarının, şagirdyönümlü fəal təlim metodlarının ölkə məktəblərində tətbiqi istiqamətində mühüm bir addım oldu.
Aparılmış son tədqiqatlar deməyə əsas verir ki, ölkədə savadsızlığın hazırkı səviyyəsi 7 faizdən də aşağıdır. Hökumətin həyata keçirdiyi stimullaşdırıcı təhsil layihələri sayəsində bu göstərici getdikcə daha da aşağı düşür. Əhalinin yaşlı təbəqələri arasında savadsızlığın ləğvi üzrə müvafiq proqramlar həyata keçirilir və onların müsbət nəticələri cəmiyyətin ümumi inkişafına əlavə təkan verir. Hazırda minlərlə ölkə vətəndaşı bütün regionlarda təsis olunmuş yaşlıların təhsili üzrə 86 mərkəzdə formal təhsil almaqdadır.
XX əsrin ikinci yarısından əldə etdiyi sosial-iqtisadi uğurlarla bütün dünyanı təəccübləndirən Birləşmiş Ərəb Əmirlikləri təhsil sektorunda da kifayət qədər nailiyyətlər qazanıb. Təsadüfi deyil ki, ölkə əhalisinin ümumi artım dinamikasında miqrasiya hesabına artım üstünlük təşkil edir. Digər səbəblərlə yanaşı, təhsil almaq üçün ölkəyə gələn əcnəbilərin əksər hissəsinin Birləşmiş Ərəb Əmirliklərində daimi qalmağa üstünlük verməsi də bu məsələdə mühüm rol oynayır.
Həmçinin bax
redaktəMənbə
redaktə- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 30.09.2011, № 38. (az.)
Xarici keçidlər
redaktə- UAE's Education Network
- Public School Insights interview with UAE Education Minister Dr Hanif Hassan Arxivləşdirilib 2013-04-15 at Archive.today Posted October 6, 2008
- ADEC education system in Abu Dhabi Arxivləşdirilib 2016-01-01 at the Wayback Machine - mostly applies to the UAE also
- UAE Commission for Academic Accreditation licensed institutions data Arxivləşdirilib 2019-09-27 at the Wayback Machine
- UAE MOE education in the UAE Arxivləşdirilib 2015-06-22 at the Wayback Machine
- UAE MOHESR Higher Education summary Arxivləşdirilib 2014-06-06 at the Wayback Machine
- UNESCO education in the UAE
- Acceptance of Online Education in Middle East Arxivləşdirilib 2015-10-21 at the Wayback Machine