Besir Bey Asurbeyov - Wikipedia
Bəşir bəy Məhəmmədhəsən bəy oğlu Aşurbəyov (1875, Sabunçu, Bakı qəzası – 1930, Nargin adası, Abşeron rayonu) — Balaxanı və Sabunçuda neft mədənlərinə sahib olmuş Bakı milyonçusu,[1][2][3] İttihad Partiyasının yaradıcılarından biri və partiyanın Mərkəzi Komitəsinin üzvü.[1][4][5]
Bəşir bəy Aşurbəyov | |
---|---|
Bəşir bəy Məhəmmədhəsən bəy oğlu Aşurbəyov | |
Doğum tarixi | 1875 |
Doğum yeri | |
Vəfat tarixi | 1930 |
Vəfat yeri | |
Vəfat səbəbi | siyasi repressiya |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Fəaliyyəti | iş adamı, xeyriyyəçi, sahibkar, siyasətçi |
Həyatı
redaktəBəşir bəy Aşurbəyov 1875-ci ildə Sabunçu qəsəbəsində anadan olmuşdur.[1] O, Sabunçu qəsəbəsinin tacirlərindən və əsas torpaq sahiblərindən olan Hacı Məhəmmədhəsən bəyin yeganə oğlu idi.[1]
O dövrün müsəlman-Şərq adət-ənənələrinə görə, ailədə əsas vərəsə oğlan övladı sayıldığından Hacı Məhəmmədhəsən bəyin bütün varidatı da Bəşir bəyə keçmişdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda neft bumu başlananda Bəşir bəy böyük neft mədənlərinə sahib idi. Bu mədənləri təkbaşına idarə etmək mümkün olmadığı üçün o, bu işə öz əmisi oğlanlarını da cəlb etmişdi. Onlara yeni mədənlər yaratmaları üçün torpaq sahələri ayırmışdı. Bəşir bəyin birinci həyat yoldaşı da elə öz əmisi qızı Balaxanım idi. Onların izdivacından Rübabə və Nağı adlı iki övladı dünyaya gəlmişdi. Amma bu, Bəşir bəyin yeganə evliliyi olmamışdı.[1]
Bakıda yaşasa da, onun Gədəbəyin Xınna dərəsi adlanan obada yaşayan və Yelizavetpol (Gəncə) quberniyasında böyük torpaq sahələri olan, Gəncə Şəhər Dümasının üzvü Allahyar bəy Zülqədərov əlaqələri mövcud olmuşdur.[1]
Bəşir bəy Aşurbəyov Allahyar bəyin evində qonaq olarkən onun Nəzakət adlı qızını görüb bəyənir, elçi göndərir və onunla ailə qurur.[1]
O, 1901-ci ildə birinci ailəsi üçün Sabunçu qəsəbəsində bir imarət tikdirir.[1][6] Həyat yoldaşı Balaxanım iki övladı və qayınanası Cəvahir xanımla bu imarətdə yaşayır. Bəşir bəy özü isə Nəzakət xanımla Bakının keçmiş Kladbişenski — 89 (indiki Mehdi Hüseyn küçəsi) ünvanında tikilmiş evə köçür. Onların bu evliliyindən dörd övladı — üç oğlan, bir qız dünyaya gəlir: Kazım, Məhəmmədhəsən, Midhət və Rəbiyyə.[1]
Xeyriyyə işləri
redaktəAtasından qalmış geniş torpaq sahələri, böyük neft mədənləri, Bakının müxtəlif yerlərindəki 10-a yaxın mülkü Bəşir bəy Aşurbəyova böyük sərvət qazandırır. O, qazancının müəyyən hissəsini xeyriyyə işlərinə xərcləyirdi. Ona görə də Bəşir bəy zəmanəsinin səxavətli mesenatlarından biri kimi ad qazanmışdı. 1897-ci ildə Sabunçu qəsəbəsində möminlərin istifadəsinə verilmiş məscidi də Bəşir bəy Aşurbəyov tikdirmişdi.[1][mənbə göstərin]
Bu məscidin inşası əslində onun atası Hacı Məhəmmədhəsən bəyin arzusu idi. O, həcc ziyarətinə gedərkən Sabunçu qəsəbəsindən özü ilə 10 zəvvarı da ziyarətə aparır. Onların bütün xərclərini ödəyir və söz verir ki, kəndə qayıdandan sonra Sabunçuda böyük bir məscid tikdirəcək.[1]Ziyarətdən qayıdan kimi sözünə əməl edir. Kənd ağsaqqalları məsləhət görürlər ki, məscidi Sabunçu kəndindəki qədim tarixi abidələrdən olan "Göynüz məbədi"nin qalıqları üzərində tikdirsin. Nəhayət, təntənəli şəkildə təməlqoyulma mərasimi keçirilir. Lakin əfsuslar olsun ki, arzusunun həyata keçməsini görmək Hacı Məhəmmədhəsən bəyə qismət olmur. Məscid hazır olmamış xəstələnir və vəfat edir. Tikinti işlərini 20 yaşlı oğlu Bəşir bəy tamamlayır.[1]
Təhsil
redaktəBəşir bəyin xeyriyyəçilik fəaliyyətinin mühüm bir qismini də təhsilə, maarifə dəstək təşkil edirdi. Ayrı-ayrı məktəblərdə oxuyan şagirdlərə davamlı ianələr verən Bəşir bəy 1901-ci ildə Cənubi Azərbaycandan olan fəhlə uşaqları üçün Sabunçuda məktəb açır. El arasında "Həmşəri məktəbi" kimi tanınan bu təhsil ocağının fəaliyyətinə uzun illər dəstək verir.[1]
Bəşir bəy Aşurbəyli həmçinin şeirlər də yazmışdır. Onun şeirlər kitabı AMEA-nın Əlyazmalar İnstitutunda qorunur.
1911-ci ildə Müslüm Maqomayev Sabunçu məktəbinə müəllim təyin edilir. Bir müddət çalışdıqdan sonra Sabunçuda teatr yaratmaq qərarına gəlir. Amma kəndin söz sahibləri, nüfuzlu, varlı-karlı adamları ona mane olmağa başlayırlar. Bu zaman Bəşir bəy Sabunçuda teatrın yaradılmasında Müslüm Maqomayevə dəstək olur, lazımi köməyi göstərir.[1]
1925-ci ildə ilk Azərbaycan filmlərindən birinin çəkilişləri də Bəşir bəyin 1915-ci ildə Sabunçu vağzalı yaxınlığında yetim uşaqlar üçün tikdirdiyi və yerli əhali arasında "Putovski dvor" adlanan yerdə aparılıb.[1]
Mədənlərində çalışan yoxsul, kimsəsiz gənclər də Bəşir bəyin himayəsində idilər. O, belə gənclərin ailə qurub ev-eşik sahibi olmalarına kömək göstərmək üçün indiki Sabunçu vağzalının yaxınlığında ikimərtəbəli binalar inşa etdirmişdi. Bəşir bəy qohumu Nabat xanım Aşurbəyovanın tikdirdiyi xəstəxanada imkansız insanların müalicəsinə dərmanla da kömək göstərirdi.[1]
Cəfər Cabbarlının nəşrlərindən birində — 1996-cı ildə çapdan çıxan "Ədirnə fəthi" kitabında verilmiş məktublar bölməsindəki "Təzə həyat" qəzetinin 8 aprel 1907-ci il tarixli 7-ci nömrəsində gənc Cəfərin mətbuatda ilk çıxışı hesab olunan məktubda yazılır:[7][8]
“Qeydkeş və millətpərəstlərimiz cümləsindən cənab Bəşir bəy Aşurbəyov həzrətləri!
Biz, imzaları aşağıda qeyd olunan Bakı şəhərinin 7-nci Müsəlmani və rusi məktəbinin fəqir və təvanasız şagirdləri və elm və məarifə təhris və təğrib qılmaq niyyətilə hər ayda 30 manat verməgi də röhd qılıb iki aykı həman pulu məktəb naziri, möhtərəm Süleyman bəy Axundov vasitəsilə əta buyururlar. ...Bəşir bəy cənabları! Əmin olunuz ki, elm və məarif kəsb edib səadət və xoşbəxtliyə nail olmaq məqsədilə ciddən səy edəcəyiz. Bakı şəhərinin 7-minci Müsəlmani və rusi məktəbinin ianə alan şagirdləri: Əsgər Hüseynzadə, Mirzə Qasım Cabbarzadə, Ağaməli Hüseynzadə, Cəfər Cabbarzadə və Məhərrəm Mollazadə.[9] |
Bəşir bəy Aşurbəyliyə ünvanlanmış digər bir təşəkkür məktubu isə Yusif Vəzir Çəmənzəminli tərəfindən yazılmışdır. Belə ki, maddi sıxıntı ucbatından təhsilinin yarımçıq qalacağından qorxan Yusif Vəzir təzə tanış olduğu Bəşir bəy Aşurbəyova müraciət edir. Aşurbəyov özü Yusif Vəzirin ona müraciət etməsinə şərait yaradır. Bəzi mənbələrə görə Bəşir bəy Aşurbəyov biləndə ki, milyonçu Hacı İsrafil Aydəmirov Yusif Vəzirə təqaüd verməkdən imtina edib, ona ayda 25 manat təqaüd veməyə hazır olduğunu bildirib. Lakin bu vaxt Yusif Vəzir dərs verib aldığı 20 manatla özünü dolandırırdı. O, buna görədə bu təkliflə razı olmur. Həmin vaxt imtahanının təxirə salınması nəticəsində elə vəziyyət yaranmışdı ki, təqaüd üçün müraciət etmək lazım idi. Yusifin müraciətinin cavabı olaraq Bəşir bəy ona ayda 25 manat təqaüd verir. O öz gündəliyinin 8 may 1908-ci il tarixli qeydlərində Bəşir bəyin xeyirxahlığını "Ümid işığı" başlığı altında qələmə alır:[10]
Artıq iki gündür ki, buraxılmışıq, imtahanlar avqusta keçirilib. İmtahanların vaxtının uzadılması mənim üçün böyük zərbə oldu. Fikirləşirəm “Hara gedim ki, vaxtımı yalnız dərslərə sərf edim? Bu sualıma heç bir yerdə qənaətbəxş cavab tapa bilmirəm. Doğrudan axı hara gedim? Aşqabadda hava istidir, həm də bir dəstə bekarın arasında həyat da azad deyil. |
Siyasi faəliyyəti
redaktəBəşir bəy Aşurbəyov Rusiyada Müsəlmanlıq Firqəsinin yaradıcılarından biridir. Bu siyasi partiya özünün əsas xətti kimi islam ideologiyasını siyasət səviyyəsinə qaldırmağa çalışırdı. Firqənin ideoloji əsasını ittihadi-islam, islam modernizmi, islam reformizmi kimi nəzəriyyələr təşkil edirdi.[1] Fevral inqilabından sonra, 1918-ci ilin yanvar ayında Azərbaycan ərazisində formalaşmağa başlamış islamçı təşkilatlardan Rusiyada Müsəlmanlıq Firqəsi və həmin ilin payızında Gəncədə təsis olunmuş İttihadi-İslam Cəmiyyəti vahid qurumda birləşərək İttihadi-İslam Rusiyada Müsəlmanlıq Firqəsi adını almışdır.[1][4]
İttihad Partiyası Azərbaycan Parlamentində sayca ikinci böyük fraksiya (əvvəl 4, sonra isə 13 deputatla) idi. Parlamentdə bu fraksiyaya Qara bəy Qarabəyli rəhbərlik edirdi. Onun əvvəlcə "Müsəlmanlıq" adlı qəzeti nəşr olunurdu. Daha sonra isə Ceyhun bəy Hacıbəylinin redaktorluq etdiyi "İttihad" qəzeti partiyanın orqanına çevrilmişdi. Bəşir bəy Aşurbəyov bu mətbuat orqanlarının nəşrinə maliyyə yardımı göstərir, dəstək olurdu.[1]
1919-cu ilin aprel ayının 10-da partiyanın I qurultayı keçirilmişdir. Bakı Şəhər İdarəsinin binasında keçirilən qurultayda partiyanın adı Qafqaz İttihad Firqəsi olaraq dəyişdirilmişdir. Həmçinin qurultayda Bəşir bəy Aşurbəyovun da daxil olduğu 22 nəfərdən ibarət Mərkəzi Komitə üzvləri seçilmişdir.[1][5]
Ermənilərə qarşı
redaktəXIX əsrin əvvəllərində Sabunçu əhalisinin böyük əksəriyyətini azərbaycanlılarla birlikdə ruslar, ermənilər, yəhudilər, malakanlar da təşkil edirdi. 20-ci ildən etibarən İrandan Bakıya, xüsusən də Sabunçuya, mədənlərdə işləmək üçün fəhlələr gəlirlər.[11] Ermənilər bura "Sebunçey" deməyə başlayıblar. Bu söz əslində ermənicə cümlədir: sey – bura, bun – yuva, çey – deyil. Əvvəlcə yerli camaat bu sözün nə demək olduğunu başa düşməyib. Sonradan Sabunçunun neft milyonçuları, ziyalıları Bəşir bəy Aşurbəyov, Əliağa Murtuzov və Hacı Gəncəli Ələkbərzadə buna etiraz edirlər. Hökumət referendum keçirməyi qərara alır. Səsvermə keçirilsə də, ad dəyişməz olaraq qalır.[11]
Erməni neft sahibləri Sabunçu qəsəbəsinin məscidinin də olduğu aşağı məhəlləsinin ləğv edilməsi, sakinlərin köçürülməsi və burada erməni sahibkarlara məxsus neft mədənlərinin salınması barədə də iddia qaldırırlar.[1] Bakı qubernatoru Alışevski iddianı təmin etmək üçün öz nümayəndəsini Sabunçuya göndərir. Bəşir bəy nümayəndəni tikdirdiyi məscidin həyətinə aparır. Su quyusunu açır və içindəki suyu göstərir. Deyir ki, əgər buradan neft çıxsaydı, mən həmin yerdə məscid tikdirməzdim, neft çıxarardım. Bəşir bəy Aşurbəyov bu ərazidə yaşayanların hamısının onun qohumları olduğunu və onların köçürülməsinin yolverilməzliyini bildirir. Halbuki evləri köçürüləcək ailələrin heç birinin Bəşir bəyə qohumluğu çatmırdı. Amma o, dövlət idarələri rəhbərlərinin yanındakı yüksək nüfuzundan istifadə edərək Sabunçu qəsəbəsinin dağıdılmasına imkan vermir.[1]
Mart soyqırmı zamanı da Bəşir bəy Aşurbəyli Sabunçu qəsəbəsi sakinlərinin kütləvi qətllərdən qorunması üçün mübarizə aparmışdır O, Qoçu Yusif kimi tanınan xalası oğlu və digər yerli qoçularla birgə Sabunçu dairəsi yaxınlığında müdafiə mövqeləri qurur, ətraf kəndlərdən də əlisilahlı insanlar köməyə gəlir. Burada güclü atışmalar baş verir. Daşnakların Sabunçuya girməsinin qarşısı alınır. Beləliklə, Qafqaz İslam Ordusu gələnə qədər həm kənd sakinlərinin, həm də ərazidəki neft mədənlərinin mühafizəsi təmin olunur.[1]
Ölümü
redaktəBəşir bəy Aşurbəyov da sovet hakimiyyəti qurulandan sonra çox çətin tale ilə üzləşir. Əksər qohumları təqiblərdən qurtulmaq üçün Türkiyəyə, İrana köçüb məskunlaşırlar. Ona da vaxtında ailə üzvlərini götürüb ölkəni tərk etmək tövsiyə olunur. Amma Bəşir bəy bütün var-dövlətini yeni hökumətə bağışladığından bolşeviklərin ona toxunmayacağını düşünür. Bəşir bəy Aşurbəyovun yeni hakimiyyətin Nəriman Nərimanov kimi təmsilçiləri ilə də çox yaxın münasibətləri vardı. Nərimanov kiminsə ona toxunmasına imkan verməyəcəyini bildirmişdi. Onda Bakıda qalması üçün əminlik yaradan həm də bu idi.[1]
Nəriman Nərimanovun Moskvada vəfatına qədər həqiqətən kimsə Bəşir bəyə toxunmur. O, Sabunçu qəsəbəsində, bir vaxtlar xidmətçilərinin yaşadığı sadə bir komada ailəsi ilə birgə həyatına davam edir. Ailənin Sabunçudakı imarətini sovet hökuməti onlardan alıb Qadın Klubuna çevirir.[1]
Bəşir bəy Aşurbəyli 1925-ci ildə tutulur və 5 illik həbs həyatından sonra, 1930-cu ildə Nargin (indiki Böyük Zirə) adasında güllələnir.[1]
Bəşir bəyin nəvəsi Nəzakət xanım 1989-cu ildə Respublika Prokurorluğuna müraciət edir. Babasının repressiya qurbanı kimi günahsızlığı təsdiqlənir və 1991-ci ilin 13 noyabrında Bəşir bəyə bəraət verilir. O belə xatırlayır:[1]
Mən ərizəni təqdim edəndə Respublika Prokurorluğunda yaşlı bir ədliyyə işçisi vardı. Bəşir bəy Aşurbəyovun nəvəsi olduğumu biləndə dedi ki, xəbəriniz varmı, Bakıya ilk avtomobili sənin baban gətirib. |
Bundan əlavə Sabunçuya ilk dəfə fotostudiyanı gətirənin də Bəşir bəy Aşurbəyov olduğu iddia edilir.[1][mənbə göstərin]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 "Məşhur Aşurbəyovlardan biri". azerbaijan-news.az. 3 iyul 2019. 4 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2021.
- ↑ "Əfşar boyundan olan maarifçi fədailər – Aşurbəyovlar". 1 fevral 2021. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2021.
- ↑ "Məzarı tapılmayan repressiya və azadlıq qurbanlarının siyahısı". 28 yanvar 2019. 17 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2021.
- ↑ 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı. 2005. səh. 110.
- ↑ 1 2 "Azərbaycan xalq cümhuriyyəti dövründə dövlət-din münasibətləri". stm.az. 8 may 2020. 2 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2021.
- ↑ "Bakıda alman memarlarının izləri". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
- ↑ "Tazə həyat" qəzeti, 1907, 8 aprel, № 7
- ↑ Cəfər Cabbarlı. Əsərləri (pdf). I. Bakı: Şərq-Qərb. 2005. 2021-08-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-02.
- ↑ "Tazə həyat" qəzeti, 1907, 8 aprel, № 7
- ↑ Xalqa həsr edilmiş həyat (pdf). Bakı. 2017. 2021-08-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-02.
- ↑ 1 2 "Sabunçu rayonunda erməni hiyləsi..." 1 oktyabr 2013. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2021.