Behreyn Cografiyasi - Wikipedia
Sahəsi və sərhədləri
redaktəSahəsi və əhalisinin sayına görə Yaxın və Orta Şərq ölkələri arasında ən kiçik, lakin iqtisadi inkişaf baxımından məşhur olan Bəhreyn dövləti İran körfəzinin təxminən mərkəzində, eyni adlı arxipelaqda yerləşir. Bəhreynin coğrafi və hərbi – strateji mövqeyi əlverişlidir. Dünyanın mikrodövlətlərindən biri hesab edilən Bəhreynin sahəsi 690 kv. km-dir. Bu arxipelaq 33 ada və adacıqdan ibarətdir. Bu adalardan ancaq beşi məskunlaşıb. Ən iri ada olan Bəhreynin uzunluğu 50, eni isə 16 km-dir. Nisbətən digər iri adaları Mühərrək, Sitra, Umm-Nəsən, Umm-əs-Sübhan və Ciddədir.
Bəhreynin relyefi
redaktəBəhreyn adası Mühərrək və Sitra adaları ilə torpaq bəndlər vasitəsilə birləşdirilmişdir. 1986-cı ilin noyabrında Bəhreyn adasını Səudiyyə Ərəbistanı ilə birləşdirən körpü salınmışdır. Asiyada ən uzun (25 km) 7 torpaq bənddən və onları birləşdirən 5 körpüdən ibarət olan həmin yolun su üzərində ümumi uzunluğu 12,5 km-dir. Ən böyük torpaq bəndin uzunluğu 2,3 km-dir. İki ərəb dövləti arasında dayaz körfəzin üstündən körpü salmaq fikri çox əvvəllərdən meydana çıxmışdır. İlk dəfə bu məsələ dövlət rəhbərliyi səviyyəsində 1970-ci ilin ortalarında müzakirə edilmiş və fikrin həyata keçirilməsində Səudiyyə Ərəbistanı məliklərinin xidməti böyük olmuşdur. 1968-ci ildə Məlik Feysəlin dövründə layihələrin öyrənilməsi barədə ilk işçi qrupu yaranmışdır. Feysəli əvəz edən məlik Xaled proqramın həyata keçirilməsi üçün 1976-cı ildə sarayda xüsusi komitə yaratmış və beş ildən sonra Bəhreyn əmiri ilə tikintinin başlanması barədə müqavilə imzalamışdır. Layihə Səudiyyə Ərəbistanı – Danimarka müştərək şirkəti tərəfindən hazırlanmış və tikintisi Hollandiya şirkəti tərəfindən həyata keçirilən bu nəhəng və nadir mühəndis qurğusunun başa çatması isə Səudiyyə Ərəbistanı məliki Fəhdin adı ilə bağlıdır. Ona görə də Səudiyyə Ərəbistanını Bəhreyn ilə birləşdirən bu magistralı bəzən «Məlik Fəhd yolu»da adlandırırlar. Yolun tən ortasında süni ada salınmışdır. Burada hər iki dövlətin gömrükxanaları və sərhəd xidmətçilərinin məntəqələri, digər inzibati binalar, məscidlər, restoranlar yerləşir. Sürətli liftlər arzusunda olan hər kəsi, 65 metr hündürlüyü olan süni yaradılmış təpəyə qaldırır. Oradan həm Səudiyyə Ərəbistanının, həm də Bəhreynin yaraşıqlı sahillərini seyr etmək olar. Körpü hər iki dövlət tərəfindən istifadə edilir. Hündürlüyü dəniz səviyyəsindən 5 metrdən 15 metrə qədər olan körpüdən hər ay orta hesabla 10 minlərlə avtomobil keçir. Avtomobillərin hər iki istiqamətə hərəkəti üçün iki yol ayrılmışdır. Yüngül avtomobillər üçün keçid haqqı 6, avtobuslar üçün 15 ABŞ dollardır. Yük avtomobillərinin sahibləri isə daşınan 1 ton yükə 1 dollar gömrük haqqı verməlidir. Yeri gəlmişkən deyək ki, daşınan yüklərin həcmi 45 tondan artıq olmamalıdır. Beləliklə, ərəb dövlətləri arasında yeganə ada dövləti olan Bəhreyn süni yolla materikə birləşdirilmiş və yarımadaya çevrilmişdir. Bəhreyn ilə Qətər əmirliyi arasında (bu iki dövləti eni 33,5 km olan körfəz ayırır) uzun müddətdir ki, ərazi və sərhəd münaqişələri davam edir. Havar və onun yaxınlığındakı bir qrup adalar, həm də məhəlli suların bölünməsi məsələsi bu dövlətlərin münaqişəsinə səbəb olmuşdur.[1]
Məsələ ondadır ki, Böyük Britaniya hökuməti bu regiona nəzarət etdiyi vaxtlarda Bəhreynə nisbətən Qətərə daha yaxın yerləşmiş Havar adasını rəsmi London ilə daha yaxşı münasibətləri olan Bəhreynə vermək barədə qərar çıxarır. 1994-cü ilin noyabrında Havar adasını qaytarmaq məqsədilə Qətər hökuməti Beynəlxalq Məhkəməyə müraciət edir. Lakin bu məsələ indiyə qədər həll olunmadığından dövlətlər arasında gərginlik yaradır.
Təbii ehtiyatları
redaktəBəhreyn arxipelaqda yeganə adadır ki, geoloji quruluşu qonşu Ərəbistan yarımadasının sahil hissəsinə oxşardır. Arxipelaqın digər adaları isə mərcan mənşəlidir. Bu adalar dayaz laqunlar və sualtı qayalarla əhatə olunmuşdur. Adalar arasında hərəkət edən sürətli qayıqların sükançısı böyük ustalığa malik olmalıdır ki, vaxtında və xətasız bu maneələri dəf edə bilsin.
Bəhreyn adasının sahil xətti girintili-çıxıntılı olduğundan bir növ dişləri sınmış mişara bənzəyir. Maili qum çimərlikləri tez-tez qayalar və qarma-qarışıq şəkildə üst-üstə yığılmış daşlarla əvəz olunur. Onun mərkəzi hissəsi hündürlüyü 35 metrə çatan əhəng daşlı təpəlikdir. Adanın ən hündür yeri isə onun şimalındadır (135 m.).
Digər adaların dəniz səviyyəsindən orta hündürlüyü 15-30 metrdir. Bəhreyn adasının əlverişli sahillərində bir neçə dəniz limanı salınmışdır. Onlardan biri ölkənin paytaxtı Manama yaxınlığında, digərləri isə Mühərrək adası ilə ensiz torpaq örtüyü ilə birləşən ər-Rümman (Sülmən) və Sitra adalarında yerləşir. Bu limanlara ən müasir okean gəmiləri daxil ola bilər. Xatırladaq ki, hələ qədim dövrlərdə də əcnəbi yelkənli gəmilər məhz bu yerlərdə lövbər salardılar. Rəvayətə görə «Min bir gecə» nağıllarının qəhrəmanı məşhur dənizçi Sindbad da Bəhreyn adasında yaşamışdır. İtaliyalı tacir və səyyah Marko Polo, məşhur ərəb tədqiqatçısı və coğrafiyaşünası İbn Bəttutə Bəhreyn arxipelaqında olmuşlar.
Bəhreynin təbii sərvətləri içərisində nisbətən gözə gəlimlisi təbii qaz və neftdir. Ehtiyatı 210 mlrd. kub m. olan təbii qaz yataqları həm quruda, həm də körfəzin dibində aşkar edilmişdir. Təbii qaz ilə müqayisədə neft ehtiyatı tükənmək üzrədir (ehtiyatı cəmi 14 mln. tondur). Digər faydalı qazıntıların (gips, əhəngdaşı, gil və s.) ehtiyatı az olduğundan sənaye əhəmiyyətinə malik deyillər. Mirvari ehtiyatı arxipelaqın şimalında və şərqində 10–12 metr dərinlikdə yerləşir.
İqlimi və hidroqrafiyası
redaktəƏrəbistan yarımadasının digər ölkələri kimi Bəhreyn də şimal yarımkürəsinin subtropik səhra bölgəsində yerləşir. Buna görə də Bəhreyn təbiəti quraq və isti iqlimə malik olub flora və fauna aləminin yoxsulluğu, daimi axar çaylarının olmaması ilə səciyyələnir. Bəhreyndə iki iqlim mövsümü: may ayından oktyabra kimi isti və quraq keçən yay (iyul – avqust aylarının orta temperaturu 370S), nisbətən yağmurlu keçən payız (yanvar – may) mövsümlərin dəyişməsi o qədər də hiss olunmur. İran körfəzində yerləşən başqa əmirliklərdən fərqli olaraq Bəhreyndə yay aylarında gecə və gündüz temperaturu arasında fərq 40-dən artıq olmur. Yayda havanın rütubətliliyi yüksək olduğundan adamı taqətdən salan üzücü istilər olur. Yağışlar əsasən dekabr – may aylarında, İran körfəzi üzərindən nisbətən soyuq hava kütlələrinin keçdiyi vaxtlara təsadüf edir.
Yağıntı qısa müddətdə leysan şəklində düşür. Orta hesabla adalara ildə 100 –110 mm yağıntı düşür. İl ərzində əsən şimal-qərb küləkləri (ərəblər bunu «şemal» küləyi adlandırırlar) hərdən o qədər güclü olur ki, İran körfəzində kiçik gəmilərin hərəkətinə çətinlik törədir. Bu küləklər Ərəbistan səhraları üzərindən qumları göyə sovuraraq İran körfəzi tərəfə qovur. Qonşu ərazilərin, o cümlədən adaların üzərini narın toz dumanı bürüyür. Toz dumanının arxasında, hətta Günəş də tutqun görünür. Tozlu isti hava adama şiddətli hərarət gətirir.
Bəhreyn arxipelaqında yerüstü su mənbəyi olmasa da adalar, xüsusilə Bəhreyn, Mühərrək, Sitra, Umm–Nəsən qrunt suları ilə zəngindir. Keçmişdə burada yaşayan əhali quyu qazımaq və «kuanats» adlandırılan yeraltı kanallar vasitəsilə qrunt sularını istədikləri yerə gətirib çıxara bilirdilər. Bəhreyn adasında tarixi abidə kimi qorunan kuanatslar (yeraltı kanal) eramızın IV yüzilliyinə aid edilir. Son vaxtlar neft-qaz, metallurgiya və digər sənaye sahələrinin inkişafı ilə əlaqədar ölkədə «su qıtlığı» baş verir. Qrunt sularının ehtiyatı isə azalır. Neft, metallurgiya və başqa sahələrin inkişafı ilə əlaqədar su qıtlığının qarşısı dəniz suyu təmizləyən qurğuların tikilməsi ilə alınır.[2]
Torpaq, bitki örtüyü
redaktəBəhreyndə tropik səhra landşaftı mövcuddur. Adalarda zəif humuslu torpaqlar yayılmışdır. Rütubətin çatışmaması və olduqca isti iqlim burada zəngin bitki örtüyünün inkişafına imkan vermir. Bəhreynin başlıca bitki örtüyü quraq iqlimə və şoranlaşmış torpağa dözümlü alçaq boylu kollar və cod otlarla təmsil olunur. Nisbətən geniş yayılmış bitkilər dəvətikanı və yovşandır. Adalarda quşlar, gəmiricilər və sürünənlər üstünlük təşkil edir. Sahil sularında müxtəlif balıq növləri, dəniz tısbağası, xərçəng molyuskası çoxdur. Bəhreyndə əl – Əreyn adlanan milli təbiət qoruğu yaradılmışdır.
Adalarda heyvanat aləmi əsasən səhra quşları, gəmiricilər və sürünənlərdən ibarətdir. Dəniz faunası zəngindir. Burada 400-dən artıq balıq növü vardır. Sahil sularında dəniz tısbağası, mərcan adalarında mirvari mollyusku, xərçəngin müxtəlif növləri çoxdur. Bəhreyndə Əl-Əreyn qoruğu yaradılmışdır.[3]
Ədəbiyyat
redaktə- Soltanova H.B., Məmmədov C.A. Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası (dərslik). Bakı , Bakı Universiteti, 2008.
İstinadlar
redaktə- ↑ Faroughy, Abbas. 1951. The Bahrein Islands (750-1951): A Contribution to the Study of Power Politics in the Persian Gulf. New York: Verry, Fisher & Co. Pages 14-15.
- ↑ Cabir Məmmədov, Həbibə Soltanova, Ərəb ölkələrinin coğrafiyası,s.22
- ↑ Cabir Məmmədov, Həbibə Soltanova, Ərəb ölkələrinin coğrafiyası,s.23