Behreyn Iqtisadiyyati - Wikipedia
Qədim dövrlərdən Bəhreyn ticarət mərkəzi kimi tanınır. Əhali vahələrdə xurma, həmçinin digər meyvə tərəvəz yetişdirir, heyvandarlıq və mirvari ovu ilə məşğul olurdu. Sənətkarlar isə birdorlu gəmilərin inşası ilə məşğul olurdu. 1932-ci ildə ölkədə neft aşkar olunduqdan və onun çıxarılmasına başlanıldıqdan sonra ənənəvi təsərrüfat sahələri arxa plana keçdi. Müstəqillik əldə etdikdən sonra ölkənin siyasi və sosial-iqtisadi həyatında əsaslı və keyfiyyətli dəyişikliklər baş vermişdir. Müstəmləkəçilər özlərindən sonra ölkədə qəbilə-tayfa və feodal münasibətlərinin qalıqları ilə yüklənmiş köhnə ictimai struktur qoyub getmişlər. Bütün bunlara baxmayaraq Bəhreyndə kapitalist ictimai münasibətləri İran körfəzinin digər Ərəb ölkələrindən əvvəl yaranmışdır. Qətər, BƏƏ, Küveyt ilə yanaşı, Bəhreyn də yerli ixtisaslı kadrların az olması ilə əlaqədar mühacir işçi qüvvəsindən istifadə etməyə məcburdur. Ölkədə işləyən əhalinin yarıdan çoxu (56 faiz) mühacirlərdir. Bəhreynin ümumdaxili məhsulunun (ÜDM) dəyəri 2004-cü ildə 10,0 mlrd. ABŞ dolları həcmində olmuşdur. Adambaşına düşən illik gəlir isə 18 min dollara yaxındır. ÜDM-nin illik artımı təqribən 3 faizə bərabərdir. ÜDM-un 64 faizi xidmət, 34 faizi sənaye, 1 faizi isə kənd təsərrüfatının payına düşür.
Ölkənin əmək ehtiyatları təqribən 300 min nəfərdir. Bunların təqribən 80 faizi xidmət, sənaye və ticarət sahələrində, 20 faizi idarəçilik sistemində, 1 faizi isə kənd təsərrüfatında çalışır.
Sənayenin aparıcı sahələri
redaktəİran körfəzinin başqa ölkələri kimi Bəhreyn də sosial-iqtisadi inkişafı və hətta əmirliyin siyasi həyatı neft və təbii qaz hasilatı ilə bağlıdır. Dövlət büdcəsinə gələn gəlirin təqribən yarısı neft və qaz sənayesi hesabınadır. Ölkədə sənaye əhəmiyyətli neft çıxarılmasına 1932-ci ildən başlanılmışdır. Artıq 1934-cü ilin dekabrında Bəhreyn nefti ilə yüklənmiş ilk tanker İran körfəzindən çıxmışdır. İlk mərhələlərdə neftdən ölkəyə gələn gəlir çox cüzi idi (hasil edilən 1 ton neftə cəmi 1,05 dollar verilirdi). 1979-cu ilə qədər neft yataqlarını Amerika şirkəti «Bəhreyn petroleum kompani» (BARKO) istismar edirdi. Səudiyyə Ərəbistanının «Arabiyen Amerikan oyl Kompanii» (ARAMKO) şirkəti də Bəhreyn adasındakı məhəlli sulardan neft çıxarırdı. 1979-cu ildən başlayaraq neft və qaz sənayesinə Bəhreyn Milli neft şirkəti (BANOKO) tam nəzarət edir. Bəhreyndə neftin ehtiyatı az olduğundan onun hasilatı ildən-ilə aşağı düşür. 2005-ci ildə cəmi 2 mln. ton neft çıxarılmışdır. Lakin neft emal edən müəssisələrin istehsal gücü ildə 14-15 mln. tondur. Bu zavodlarda Səudiyyə Ərəbistanından sualtı kəmərlə gətirilən neft emal edilir. Bəhreynin neft emalı müəssisəsi Yaxın Şərqin bu qəbildən olan ən iri müəssisələrindən biridir. Hasilat sənayesində təbii qaz istehsalının əhəmiyyəti getdikcə artır. Ölkədə ildə 4,0 mlrd. kub m³ qaz çıxarılır. Təbii qazdan butan və propan kimi qiymətli məhsullar istehsal edən müəssisə (illik istehsal gücü 280 min ton) tikilmişdir. Alüminium istehsalı Bəhreynin sənaye sahələri arasında əhəmiyyətinə görə ikinci yeri tutur. Bu sahənin inkişafı üçün yerli yanacaqla (təbii qaz) işləyən istilik elektrik stansiyalarında alınan ucuz elektrik enerjisi geniş imkanlar açır. Manamada yerləşən alüminium zavodu Avstraliyadan idxal olunan boksit əsasında işləyir. Ötən əsrin 90-cı illərinin birinci yarısından ilkin alüminium istehsalı üzrə ALVA şirkətinə məxsus yeganə zavodun genişləndirilməsi həyata keçirilir. Zavodun istehsal gücü 210 min tondan (1992) 460 min tona qədər (2003) artırılmışdır. Layihənin həyata keçirilməsi 1,4 mlrd. dollara başa gəlmişdir. ALVA dövlət şirkəti zavodun istehsal gücünün artırılması üçün lazım olan vəsaitin bir hissəsini Almaniyadan (12 il müddətinə 290 mln. dollar borc) və Bəhreynin bütün iqtisadi inkişaf planlarının plana keçirilməsində ona əhəmiyyətli maliyyə köməkliyi göstərən Səudiyyə Ərəbistanından almışdır. İran körfəzi regionunda baş vermiş müharibələr ilə əlaqədar bəzi layihələrin vaxtında yerinə yetirilməsi mümkün olmamışdır. Bəhreyndə sənayenin nisbətən inkişaf etmiş digər sahəsi gəmiqayırma və gəmi təmiridir. OPEK üzvü olan Ərəb dövlətlərinin iştirakı ilə Bəhreyndə gəmiqayırma tərsanəsi və gəmi təmiri müəssisəsi tikilmişdir. Ölkədə fəaliyyət göstərən neft-kimya kompleksi Səudiyyə Ərəbistanı və Küveyt kapitalının köməyi ilə yaradılmışdır. Bəhreyndə qazma avadanlığı, boru, maye oksigen istehsal edən müəssisələr, dəniz suyunu təmizləyən qurğular və bir neçə istilik elektrik stansiyaları vardır. Bəhreyndə kustar sənətkarlığın tarixi qədimdir. Ölkədə yaşayan əhali çoxdan bəridir ki, dənizdən mirvari çıxarmaq vərdişinə yiyələnmişdir. Bəhreynin qara mirvarisi, yaxud yerlilərin «balıq gözü» adlandırdıqları mirvari barədə əfsanələr vardır. Bu qiymətli mirvarinin qədrini bilən ingilis müstəmləkəçiləri uzun illər ölkənin bu sərvəti üzərində ağalıq etmişlər. Neft və təbii qaz ehtiyatlarının kəşfinə qədər mirvari ovu və onun ixracatı ölkə əhalisinin əsas gəlir mənbəyi olmuşdur. Təsərrüfatın bu sahəsi ötən əsrin 30-cu illərində ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Sonradan yaponların dünya bazarına süni mirvari çıxarması Bəhreyndə mirvari vətəgələrinin azalmasına və bu sahənin tənəzzülünə səbəb olmuşdur. Lakin buna baxmayaraq bəhreynlilər bu qədim peşələrini unutmamışlar. Dənizdən yenə də mirvari, süngər çıxarılır, balıq ovlanır. Neft sənayesinin inkişafı, həm də son illərdə regionda baş vermiş müharibələrin ağır ekoloji nəticələri ilə əlaqədar İran körfəzinin çirklənməsi balıqçılıq təsərrüfatına böyük ziyan vurmuşdur. Bəhreyn hökuməti ölkənin əlverişli coğrafi mövqeyindən və formalaşan siyasi-iqtisadi imkanlarından (inkişaf etmiş nəqliyyat infrastrukturu, rabitə və b.) istifadə etməklə Yaxın və Orta Şərq regionunda başlıca işgüzar və maliyyə mərkəzinə çevrilmək barədə müəyyən tədbirlər həyata keçirir. Ölkədə beynəlxalq yarmarka üçün iri sərgi kompleksi müvəffəqiyyətlə işləyir. 2005-ci ildə Bəhreynə 2,5 mln. nəfər xarici turist və işgüzar adamlar gəlmişdir. Onların tələbatlarını ödəmək üçün mehmanxana, restoran və başqa xidmət sahələri genişləndirilir.
Kənd təsərrüfatı
redaktəBu sahə zəif inkişaf etdiyindən əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmir. O, ümummilli məhsulun cəmi 1 faizini verir. Əkinçilik yalnız süni suvarma şəraitində mövcuddur. Ölkə ərazisinin cəmi 4 faizi kənd təsərrüfatı üçün yararlıdır. Bu sahənin isə 2/3 hissəsi xurma plantasiyalarına ayrılmışdır. Kənd təsərrüfatına yararlı olan digər torpaq sahələrində sitrus meyvələri, bostan-tərəvəz, az miqdar isə dənli bitkilər (buğda, arpa, qarğıdalı) becərilir. Bağlarda ərik, armud, gavalı, manqo, üzüm yetişdirilir. Ölkənin paytaxtının yerləşdiyi sahə yaşıllığına görə, xüsusilə seçilir. Yollar və küçələr boyunca, parklarda və həyətyanı sahələrdə xurma, qoz, püstə ağacları əkilmişdir. Ölkədə hər il 40-45 min ton xurma yığılır. Otlaq sahələri məhdud olduğundan heyvandarlıq da zəif inkişaf etmişdir. Ölkədə qaramal, qoyun və keçi saxlanılır. İldə orta hesabla 4-5 min ton ət istehsal edilir. Bəhreyndə kənd təsərrüfatı və əhalinin ərzaq təminatı problemləri üzrə məşğul olan xüsusi komissiya işləyir. Komissiya kənd təsərrüfatı istehsalının müxtəlif, o cümlədən suvarma məsələlərini öyrənir. Komissiyanın fikrincə əgər «neft dollarları» bir tərəfdən əhalinin həyat səviyyəsini artırmışsa, digər tərəfdən isə əvvəllər kənd təsərrüfatı məqsədilə istifadə edilən torpaq sahələrində şəhərlərin və iri müəssisələrin salınması və genişləndirilməsi, əkin sahələrinin suvarılması üçün istifadə edilən suyun getdikcə daha çox sənaye və məişət xidmət sahələrinə verilməsi, kənd təsərrüfatı məhsullarının azalmasına səbəb olmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində əhalinin ərzaq məhsullarına olan tələbatının 90 faizi idxal hesabına ödənilirdir. Ölkə əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi imkanları üzrə aparılan tədqiqatların nəticələrindən əldə olur ki, 2005-ci ildə ərzaq məhsulları istehsalı 50 faiz artmış, faraş tərəvəzə olan tələbat 26 faiz, süd və süd məhsullarına 30 faiz, yumurta və balığa olan tələbat 100 faiz ödənilmişdir.
Nəqliyyat sistemi
redaktəBəhreyndə nəqliyyatın başlıca sahəsi gəmiçilikdir. Manamada beynəlxalq miqyasda dəniz gəmiçiliyi ilə məşğul olan ondan artıq xarici şirkətin şöbələri vardır. Beynəlxalq standartlara cavab verən liman Salman şəhərindədir. Digərləri isə Manama və Sitra şəhərlərindədir. Sitra limanından əsasən neft və qaz məhsulları ixrac edilir. Bütün limanlarda yenidənqurma işləri aparılır. Belə ki, gəmilərin ərzaq və su təhcizatı üçün anbarlar tikilir, tranzit gəmilər üçün körpülər genişləndirilir, yükləmə-boşaltma mexanizmləri təkmilləşdirilir. Bütün bunların İran körfəzi ölkələrinin iqtisadiyyatının sürətli inkişafı sayəsində Bəhreyn limanlarının yük dövriyyəsi ildən-ilə artır. Bəhreyndə dəmir yolu yoxdur. Avtomobil yollarının uzunluğu 3200 km-ə bərabərdir. Bunun 2430 km-i bərk örtüklü yollardır. Ölkədə 3 təyyarə meydanı fəaliyyət göstərir. Beynəlxalq dərəcəli təyyarə meydanı Mühərrək adasında yerləşir. Bəhreyn həm xarici, həm də daxili rabitə vasitələri (İran körfəzində ən güclü radiostansiya, yerin süni peykindən istifadə etməklə teleks və telefon əlaqələri stansiyası) ilə yaxşı təchiz olunmuşdur.
Xarici ticarət
redaktəBəhreyni adətən «İran körfəzinin ticarət evi» adlandırırlar. Ticarət mərkəzi kimi o, çox-çox əvvəllərdən şöhrət qazanmışdır. Məhdud təbii ehtiyatlara malik olan, lakin əlverişli coğrafi mövqedə yerləşən kiçik ölkə üçün ticarət iqtisadiyyatın həmişə mühüm tərkib hissəsi olmuşdur. Əsrlər boyunca bu kiçik arxipelaq ticarət məntəqəsi kimi, burada yaşayan əhali isə tacir, dənizçi və mirvari ovçusu kimi tanınmışdır. Mirvari ovu tənəzzülə uğrasa da ticarət əvvəlki kimi ölkə iqtisadiyyatında böyük rolunu saxlamaqda davam edir. İqtisadçıların fikrincə müasir dövrdə Bəhreynin regional ticarət mərkəzi kimi «çiçəklənməsinin» başlıca amili İran körfəzində ağır sənayenin inkişafı ilə də əlaqədardır. Məhz elə bu amil Bəhreynin geri ixrac (reeksport) məhsulları mərkəzi kimi rolunu gücləndirir. Geri ixrac əməliyyatından ölkə xeyli miqdarda gəlir əldə edir. Geri ixracatda parça, paltar, ev əşyaları, ərzaq məhsulları, oduncaq, dəzgah, metal avadanlıqları, sement və s. məhsullar üstünlük təşkil edir. Digər ölkələrdən alınan bu məhsullar Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və İrana satılır. Bəhreyn idxal etdiyi məhsullarının 40 faizini ixrac edir. Bəhreyn neft, neft məhsulları, alüminium, plastik kütlə və s. ixrac edir. Başlıca olaraq sənaye və kənd təsərrüfatı avadanlıqları, nəqliyyat vasitələri, ərzaq məhsulları, sənaye malları və tikinti materialları idxal edilir. Ticarət etdiyi ölkələr Yaponiya, ABŞ, Böyük Britaniya, Almaniya, Hindistan, Səudiyyə Ərəbistanı, Avstraliya İttifaqı və başqalarıdır.
Maliyyə sistemi
redaktə1975-ci ildən sonra Bəhreyn beynəlxalq bank mərkəzinə çevrildi və 2000-ci ilədək ölkədə 80-dən artıq xarici bank filialı açıldı. Ərəb ölkələrinin ticarət banklarının əksəriyyətinin Bəhreyndə şöbələri fəaliyyət göstərir. Ölkənin milli gəlirinin təqribən 20 faizi müxtəlif maliyyə əməliyyatlarından əldə edilən gəlirin payına düşür. İran körfəzində son illərdə baş vermiş böhranlarla əlaqədar digər Ərəb əmirlikləri kimi Bəhreyn də müəyyən mənada zərər çəkmişdir. Ölkənin maliyyə bank sisteminə və sənayesinə xüsusilə böyük ziyan dəymişdir. Bu zərərin bir hissəsinin neftdən gələn gəlirin hesabına ödənilməsinə baxmayaraq maliyyə vəsaitinin çatışmaması ilə əlaqədar Bəhreyn ölkənin iqtisadi inkişafı üzrə nəzərdə tutulan bəzi layihələrin həyata keçirilməsini müvəqqəti dayandırmağa məcbur olmuşdur. Ölkənin pul vahidi Bəhreyn dinarıdır. Təsbit edilmiş kursa görə 0,38 dinar 1 ABŞ dollarına bərabərdir (2005). 1975-ci ildən etibarən Bəhreyndə offşor bank əməliyyatlarının keçirilməsinə icazə verilmişdir. Hazırda ölkədə onlarca offşor bank fəaliyyət göstərir.