Bmt Bas Assambleyasinin 48 114 Sayli Qetnamesi - Wikipedia
BMT Baş Məclisinin 48/114 saylı qətnaməsi — 20 dekabr 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qurumun 48-ci sessiyasının 85-ci plenar iclasında qəbul edilmiş "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi" adlı 48/114 saylı qətnamə.[1] 48/114 saylı qətnamə BMT tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş sənədlərin beşincisi olmaqla, BMT Baş Məclisi tərəfindən bu münaqişədən əziyyət çəkən şəxslərə humanitar yardımla bağlı qəbul edilmiş ilk sənəddir.[2] Sənəddə "qaçqın və köçkünlərə humanitar yardımla bağlı müvafiq qətnamələr" istisna olmaqla, BMT səviyyəsində daha əvvəl qəbul edilmiş qətnamələrə heç bir konkret xatırlatma edilmir. Qətnamə səsvermə keçirilmədən konsensusla qəbul olunmuşdur.[3]
Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi | |
48/114 saylı qətnamə | |
---|---|
Tarixi | 20 dekabr 1993 |
Sessiya | № 48 |
Kod | A/RES/48/114 |
Mövzu | Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi |
Nəticə | Səsvermə keçirilmədən konsensusla qəbul edilmişdir |
Sənəd |
BMT Baş Məclisi 48/114 saylı qətnaməsində "çoxlu sayda mülki əhalinin didərgin düşməsi nəticəsində Azərbaycanda humanitar vəziyyətin pisləşməsinin davam etməsindən ciddi narahatlığını" ifadə etmişdir. Bu qətnamə ilə ilk dəfə beynəlxalq sənəddə Azərbaycanda qaçqınların və köçkünlərin sayının bir milyonu aşdığı təsdiqlənmişdir.[1]
Zəmin
redaktə1988-ci ildə Birinci Qarabağ müharibəsi başladıqdan sonra Azərbaycan ərazi bütövlüyünün pozulması təhdidi ilə üzləşir. 1992-ci ildə müharibə geniş miqyas almağa başlayır və diplomatik səylər heç bir nəticə vermir.[4] Getdikcə mürəkkəbləşən qaçqın probleminin ardından Azərbaycan 1993-cü ilin fevralında Rusiya ilə birlikdə BMT-nin Qaçqınların statusuna dair konvensiyasına və 1967-ci il Protokoluna qoşulan ilk MDB dövləti olur.[5][6] Azərbaycan müqavimət göstərməsinə baxmayaraq, 1993-cü ilin ortalarında Dağlıq Qarabağla yanaşı, qısa müddətdə işğaldan azad etdiyi bir neçə ərazi[7] üzərindəki nəzarəti də itirməyə başlayır.[8]
Müharibə qanunlarının erməni qüvvələri tərəfindən törədilən pozuntuları ilə yadda qalan[8] Kəlbəcərin işğalının ardınca 1993-cü il aprelin 30-da BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində işğalçıların ərazidən dərhal çıxarılmasını tələb edən və mülki əhalinin beynəlxalq humanitar yardım səylərinə maneəsiz çıxışının təmin edilməsinə çağıran 822 saylı qətnamə qəbul edilir.[9] İşğaldan bir həftə keçməmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcərdən olan 9582 ailənin qeydiyyata alındığını bildirir.[10] Həmin ilin yayında Ağdamı da ələ keçirən ermənilər beləcə qətnaməni icra etmirlər.[8] 1993-cü ilin sonlarında artıq Azərbaycanın İranla sərhədinin 132 km-i ermənilərin nəzarətində olmaqla işğal altında idi.[11] Bəzi təxminlərə görə münaqişə Azərbaycanın adambaşına düşən köçkün sayına görə dünyada "liderlik" etməsinə səbəb olmuşdu; belə ki, ölkədə hər on nəfərdən biri,[7] bəzi rəqəmlərə görə isə hər səkkiz nəfərdən biri[12] münaqişə nəticəsində məcburən evini tərk etmiş şəxs idi.
Ermənilərin irimiqyaslı hücumları təxminən 1 milyon azərbaycanlını öz ölkəsində məcburi köçkünə çevirməklə Azərbaycan üçün təkbaşına öhdəsindən gələ bilməyəcəyi humanitar problem yaradır.[4][13] Situasiyanı idarə etmək məqsədilə hökumət ard-arda qaçqın və məcburi köçkünlər üçün güzəştlər və təminatlar nəzərdə tutan qanunvericilik aktları qəbul edir.[14] Azərbaycana münasibətdə BMT-nin humanitar yardım proqramının 1993-cü ilin əvvəlindən başlayaraq həmin ilin mayınadək davam etməsi nəzərdə tutulsa da, Kəlbəcərdən və digər ərazilərdən köçkünlərin sayının kəskin surətdə artması Azərbaycandan müraciətlərin artmasına və yardımın mahiyyətcə dəyişməsə belə əhatə dairəsinin genişlənməsinə səbəb oldu.[15] Azərbaycanda humanitar vəziyyətin sürətlə pisləşdiyini nəzərə alan BMT 1993-cü ilin iyununda ölkəyə münasibətdə idarələrarası humanitar proqram təşkil edir.[16] Proqram 1993-cü il iyulun 1-dən 1994-cü il martın 31-dək davam etsə də,[1] proqram üzrə fəaliyyət başladıqdan sonrakı qısa müddət ərzində Azərbaycandakı qaçqın və köçkünlərin sayının 1 milyonu keçməsi aşkar olunur.[16]
48/114 saylı qətnamədə də qeyd olunduğu kimi bu sənəd qəbul edilənədək bir sıra dövlətlər, xüsusilə də qonşu ölkələr Azərbaycana zəruri humanitar yardım göstərir. Belə ki, Türk Qızılayı Ağcabədi və Bərdə rayonunda 100.000-dək köçkünün məskunlaşması üçün çadır düşərgələri qurur və paltar təminatını həyata keçirir. Bununla belə, 1996-cı ildə maliyyə çatışmazlığına görə həmin düşərgələri Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinə təhvil verib ölkədən ayrılmaq məcburiyyətində qalır.[17] 1993-cü il sentyabrın 6-da İranla Azərbaycan arasında imzalanmış humanitar yardım haqqında protokola uyğun olaraq, Helal Ahmar təşkilatının[ing.] dəstəyi ilə bir ay ərzində 55.000 məcburi köçkün üçün 7 çadır düşərgəsi qurulur.[11] Oktyabr ayında Zəngilanın işğal edilməsi nəticəsində yeganə çıxış yolu kimi Araz çayını keçmək məcburiyyətində qalan köçkünlərin Cənubi Azərbaycanlılarla birlikdə qeyri-sabitlik yaradacağını güman edən İran hökuməti sərhəd bölgəsi olan İmişlidə 100.000 köçkün üçün çadır düşərgələri təşkil edir və köçkünləri tezliklə öz ərazisindən çıxarır.[8]
Qətnamənin tarixçəsi
redaktə1993-cü il sentyabrın 23-də BMT Baş Məclisi ümumi komitənin tövsiyəsi ilə "Qaçqınlar üzrə Ali Komissarlığın qaçqınlar, geri qayıdanlar və köçkünlərlə bağlı məsələlər və humanitar məsələlər üzrə hesabatı"nın 48-ci sessiyanın gündəliyinə daxil edilməsi haqqında qərar qəbul edir. Buna uyğun olaraq, Azərbaycan noyabrın 15-də BMT baş katibinə "Ermənistanın Azərbaycanın cənub-qərbində intensivləşmiş hücumu nəticəsində noyabrın 1-dən indiyədək Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdən didərgin düşmüş bir milyon insanla yanaşı, 37 mindən çox insanın evini tərk etməsi" barədə məlumat verir və qışın sərt keçdiyi dövrdə çadırlarda məskunlaşan, həmçinin İranda qalan köçkünlərin ərzaq və sığınacaqla bağlı problem yaşadığını qeyd edir.[18]
Noyabr ayının 16-da Baş Məclisin Sosial, humanitar və mədəni məsələlər üzrə Komitəsinin 34-cü iclasında Azərbaycan nümayəndəsi Azərbaycan, Banqladeş, Bosniya və Herseqovina, Efiopiya, Əfqanıstan, İordaniya, İran, Kosta-Rika, Kuba, Küveyt, Qırğızıstan, Malayziya, Mərakeş, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Syerra-Leone, Tacikistan, Türkiyə və Yəmən adından "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi" adlı A/C.3/48/L.23 saylı qətnamə layihəsini təqdim edir.[19] 48/114 saylı qətnamədə qeyd olunmasa da, qətnamənin həmin iclasda irəli sürülən ilkin layihəsinin preambulasında BMT Təhlükəsizlik Şurasının 822, 853 və 874 saylı qətnamələrinə də xatırlatma edilmişdi.[19] İclas zamanı Ermənistan nümayəndəsi qətnamə layihəsinə 14 bənddən ibarət dəyişiklik təklif etsə də, noyabrın 19-da 38-ci iclasda komitə sədri bildirir ki, Ermənistan qətnamə layihəsinə etdiyi düzəlişləri geri götürüb.[19] Ermənistanın təqdim etdiyi A/C.3/48/L.29 saylı, düzəlişlərə dair həmin sənəd mahiyyət etibarilə "Azərbaycan" sözünün "Zaqafqaziya regionu" ifadəsi ilə əvəz edilməsini nəzərdə tuturdu.[20]
Növbəti iclasda 22 noyabr tarixində Azərbaycan nümayəndəsi daha əvvəl dəstək nümayiş etdirmiş dövlətlər, o cümlədən də Qazaxıstan, Qvineya-Bisau, Moldova və Ukrayna ilə birlikdə A/C.3/48/L.23/Rev.1 nömrəsi altında qətnamənin son layihəsini təqdim edirlər.[19] Belarus və Seneqal yenidən işlənmiş qətnamə layihəsini dəstəkləyirlər.[19] Komitə bu sənədi 39-cu iclasda səsvermə keçirmədən qəbul edir.[19] Bu zaman Belçika Avropa İttifaqı adından bəyanat verir.[19] Yekun sənədlər layihə ilə birlikdə BMT Baş Məclisinə təqdim olunur.
Dekabrın 20-də sənəd Baş Məclisin plenar iclasında müzakirə olunur. 48-ci sessiyanın prezidenti sənədin səsvermə keçirilmədən qəbul edilməsini təklif edərkən komitə bu addımı dəstəkləyir. Beləliklə, 48/114 saylı qətnamə qəbul olunur.[18]
Qətnamənin mətni
redaktəQətnamə 6 bənddən ibarətdir. I bənddə BMT baş katibinin "beynəlxalq ictimaiyyətin diqqətinin azərbaycanlı qaçqınların və köçkünlərin ağır problemlərinə cəlb olunması və onlara yardımın səfərbər edilməsi" istiqamətində göstərdiyi səylər təqdirlə qarşılanır. II bənddə təcili olaraq bütün dövlətlərə, BMT-nin təşkilat və proqramlarına, ixtisaslaşmış qurumlarına və digər hökumətlərarası və qeyri-hökumət təşkilatlarına müraciət edən BMT "azərbaycanlı qaçqın və köçkünlərə adekvat və kifayət qədər maliyyə, tibbi və maddi yardım göstərilməsini" xahiş edir. Bu məqsədlə adıçəkilən qurumlar "lazım gəldikdə, azərbaycanlı qaçqınların və köçkünlərin xüsusi ehtiyaclarını onların baxılması üçün müvafiq idarəetmə orqanlarının diqqətinə çatdırmağa və həmin orqanların qərarları barədə katibə məlumat verməyə" dəvət olunur.
Növbəti bəndlərdə isə baş katibin Azərbaycanda qaçqınların və köçkünlərin ümumi vəziyyətinin monitorinqini davam etdirməsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının həmin qaçqın və köçkünlərə münasibətdə xidmətlərini artırması və Baş Məclisin 49-cu sessiyasında baş katibin əldə edilmiş irəliləyişlər barədə hesabat verməsinə dair müddəalar əks olunur.
Sonrakı hadisələr
redaktə"Ümidsiz müharibə" adlandırılan[21] Qarabağ münaqişəsində nəhayət 12 may 1994-cü ildə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Rusiyanın vasitəçiliyi ilə atəşkəsə nail olunur.[22] Atəşkəsdən sonra da Azərbaycana humanitar yardım göstərən İran Saatlı və İmişlidə, Türkiyə Bərdə və Ağcabədidə, Səudiyyə Ərəbistanı isə Bərdədə çadır düşərgələrinin qurulması və ərzaqla təminatı məsələsində dəstək nümayiş etdirirdilər.[8] Bu tip düşərgələrin bəziləri Biləsuvar, Beyləqan və Sabirabad rayonlarında təşkil olunmuşdu.[23] Silahlı qarşıdurmalardan sonra məcburi köçkünlər Bakıda əsas etibarilə tələbə yataqxanalarında, məktəb və digər ictimai binalarda;[15] ətraf ərazilərdə və rayonlarda isə çadırlarda, fin evlərdə və ya vaqonlarda məskunlaşmışdılar.[24]
48/114 saylı qətnamədə qeyd edildiyi kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı görülmüş işlərlə bağlı məlumat verir. Ardınca 10 noyabr 1994-cü ildə yayımlanan BMT baş katibinin hesabatında Türkiyənin 1993-cü ildə və 1994-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 51 milyon ABŞ dolları məbləğində humanitar və fövqəladə yardım göstərdiyi və bu yardımın 5 milyon dolları əhatə edən hissəsinin Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulduğu qeyd olunur. Hesabata görə yardım buğda, çadır düşərgələri, ərzaq, dərmanlar, tibbi ləvazimatlar, yorğan və sanitar ləvazimatlardan ibarət idi. Naxçıvan Muxtar Respublikasına bağışlanmış yardımın yarsını mazutla təminat təşkil edirdi.[25]
Qeyd edilən ölkələrlə yanaşı, 1993-94-cü illərdə azərbaycanlı qaçqın və köçkünlərə humanitar yardım göstərən dövlət və təşkilatların arasında Misir, Yaponiya, Norveç, Pakistan, İsveçrə, Birləşmiş Krallıq, ABŞ, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Oksfam (Birləşmiş Krallıq), Sərhədsiz Həkimlər (Belçika), Relief International (ABŞ), CARE (Kanada) və ADRA (ABŞ) da vardı.[23]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 United Nations General Assembly. "A/RES/48/114". undocs.org. United Nations. 1993. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2022.
- ↑ UN Resolutions 822, 853, 874 and 884:
- "Resolution 822 (1993)" (PDF). unscr.com. United Nations Security Council. 30 April 1993. 13 July 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 December 2022.
- "Resolution 853 (1993)" (PDF). unscr.com. United Nations Security Council. 29 July 1993. 7 August 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 December 2022.
- "Resolution 874 (1993)" (PDF). unscr.com. United Nations Security Council. 14 October 1993. 11 November 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 December 2022.
- "Resolution 884 (1993)" (PDF). unscr.com. United Nations Security Council. 12 November 1993. 1 November 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 December 2022.
- ↑ United Nations General Assembly. "A/48/PV.85". undocs.org. United Nations. 1993. 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2022.
- ↑ 1 2 Ohannes Geukjian. Negotiating Armenian-Azerbaijani Peace: Opportunities, Obstacles, Prospects (ingilis). New York: Routledge. 2016. səh. 12. ISBN 9781315597621.
- ↑ Azərbaycan Respublikasının Milli Məclisi. "Azərbaycan Respublikasının BMT-nin Qaçqınların statusuna dair konvensiyasına və protokoluna qoşulması barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarı". e-qanun.az (az.). Hüquqi aktların vahid elektron bazası. 8 dekabr 1992. 14 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2022.
- ↑ United Nations High Commissioner for Refugees. Displacement in the Former Soviet Region // The State of the World's Refugees, 2000: Fifty Years of Humanitarian Action (ingilis). New York: Oxford University Press. 2000. 198. ISBN 0-19-924106-6.
- ↑ 1 2 De Waal, Thomas. Black Garden: Armenia and Azerbaijan Through Peace and War. New York: New York University Press. 2003. 195–218. ISBN 0-8147-1945-7.
- ↑ 1 2 3 4 5 "Human Rights Watch organization" (PDF). www.hrw.org. 28 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
- ↑ "Resolution 822 (1993)" (PDF). unscr.com. United Nations Security Council. 30 April 1993. 1 November 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 December 2022.
- ↑ Мамедов, Сохбет. "Азербайджан: 10 тысяч семей стали беженцами" (rus). Москва: Известия. 5 апреля 1993 г.
- ↑ 1 2 Qasımlı, Musa. Azərbaycan Respublikasının diplomatiya tarixi / Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003) (PDF) (az.). I hissə. Mütərcim. 2015. səh. 270, 572. ISBN 978-995228-208-5. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
- ↑ "UNHCR publication for CIS Conference (Displacement in the CIS) - Conflicts in the Caucasus" (ingilis). UNHCR. 1 May 1996. 30 November 2022 tarixində arxivləşdirilib.
- ↑ Matveeva, Anna. Nagorno-Karabakh: A Straightforward Territorial Conflict // Van Tongeren, Paul; Van De Veen, Hans; Verhoeven, Juliette (redaktorlar ). Searching for Peace in Europe and Eurasia: An Overview of Conflict Prevention and Peacebuilding Activities (Project of the European Centre for Conflict Prevention) (ingilis). Lynne Rienner Pub. 2002. 447. ISBN 978-1588260796.
- ↑ Helton, Arthur; Voronina, Natalia. Chapter 4: National Arrangements - Azerbaijan // Forced Displacement and Human Security in the Former Soviet Union: Law & Policy (ingilis). USA: Transnational Publishers. 2000. 99.
- ↑ 1 2 UN High Commissioner for Refugees. "UNHCR activities financed by voluntary funds : report for 1993-1994 and proposed programmes and budget for 1995. Part 3, Europe. Section 4, Azerbaijan / submitted by the High Commissioner". digitallibrary.un.org. UN. 1 August 1994. 26 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2022.
- ↑ 1 2 Bertucci, Mary Lou. Main Entries — Azerbaijan // Encyclopedia of Human Rights (ingilis). Washington, D.C.: Taylor&Francis. 1996. 129. ISBN 1-56032-362-0.
- ↑ Sarıer, Didem Ekinci. Devletten Bireye Uzanan Diplomaside Türkiye ve Güney Kafkasya // Akıllı, Erman (redaktor). Türkiye’de ve Dünyada Dış Yardımlar (türk). Nobel Akademik Yayıncılık. Ocak 2016. 296. ISBN 978-605-320-317-9.
- ↑ 1 2 UNHCR. "Refugees and displaced persons" (PDF). unhcr.org (ingilis). 1993. 26 dekabr 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 dekabr 2022.
- ↑ 1 2 3 4 5 6 7 UN. General Assembly (48th sess. : 1993-1994). 3rd Committee. "Report of the 3rd Committee (A/48/631)". digitallibrary.un.org. UN. 16 December 1993. 26 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2022.
- ↑ Armenia. "Emergency international assistance to refugees and displaced persons in Azerbaijan : proposed amendments to draft resolution A/C.3/48/L.23 / Armenia". digitallibrary.un.org. UN. 12 November 1993. 26 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2022.
- ↑ "Transcaucasus Conference Sparks Dialogue". The United States Institute of Peace Journal. V (5): 7. October 1992.
- ↑ R. DeRouen, Karl; Heo, Uk. Civil Wars of the World: Major Conflicts Since World War II. New York: ABC-CLIO. 2007. 156. ISBN 1-85109-920-4.
- ↑ 1 2 UN. Secretary-General. "Emergency international assistance to refugees and displaced persons in Azerbaijan: report of the Secretary-General (A/49/380)". digitallibrary.un.org. UN. 13 September 1994. 26 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2022.
- ↑ Fərzəliyev, Firdovsi. "Köçkün həyatı..." Şərq qəzeti. 27 noyabr 2010: 7. Archived from the original on 2022-12-26. İstifadə tarixi: 26 dekabr 2022.
- ↑ UN. Secretary-General. "Emergency international assistance to refugees and displaced persons in Azerbaijan : report of the Secretary-General. (A/49/380/Add.1)". UN. 10 November 1994. 26 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2022.