Bagcadaguller Xalcasi - Wikipedia
Bağçadagüllər xalçaları — Qarabağ tipinin Şuşa qrupuna aid olan xovlu xalça,
Xalça | |
Bağçadagüllər xalçaları | |
---|---|
Toxunması haqqında məlumatlar | |
Tarixi | XIX əsr |
Üslubu | Qarabağ xalçaçılıq məktəbi |
Ümumi məlumat
redaktəQarabağ tipinin Şuşa qrupuna aid olan bu xalçalar XIX əsrin II yarısından Şuşada istehsal olunur. Əvvəllər onu "Gül yaylıq" ("Güllü yaylıq") adlandırırdılar, lakin onlar Qarabağın digər xalçaçılıq məntəqələrində toxunmağa başlandıqdan sonra "Bağçadagüllər" adlanmağa başladı. Lakin Şuşada toxunan xalçalar, digər xalçaçılıq yerlərində istehsal olunan xalçalardan dəfələrlə yaxşı idi. Xalça ticarətinin inkişaf etməsi fərdi işləyən xalçaçıların rəqabətinə səbəb oldu. Lakin bu, bədii yaradıcılıqla əlaqəli deyil, xalça satışı ilə əlaqəli rəqabət idi, buna görə də bu rəqabət xalçanın bədii dəyərinə və texnologiyasına mənfi təsirini göstərdi. Şuşada yun ipliklərin kimyəvi boyaq maddələri ilə rənglənməsi də bu dövrə təsadüf edir. Yeni tipli xalçalar yaranmağa başlayır: "Bağçadagüllər xalçası", "Saxsıdagüllər xalçası", "Bulud xalçası" və s.
Bədii analiz
redaktəBədii nöqteyi – nəzərdən bu xalçalar əvvəlcə sadə idilər, lakin getdikcə daha da mürəkkəbləşmiş, mükəmməlləşmiş və gündən-günə daha da məşhurlaşmışdır. Bu xalçaların istehsalı Qarabağın bütün xalçaçılıq müəssisələrində yayılmışdı. Deyilənlərə əlavə edək ki, XIX əsrin III rübündən başlayaraq, gül naxışları yalnız kiçik xalçalarda deyil, həm də xalı – gəbə komplektlərində də istifadə olunmağa başladı (bu komplektlər otağın mərkəzi hissəsinə salınmaq üçün əsas xalçadan və onun yanında döşənmək üçün 2 yan xalçadan ibarət olur). Adətən, xalı – gəbə cehiz olaraq hazırlanırdı və qız onun toxunmasında iştirak etməli idi. Cehizlik xalılar yüksək keyfiyyətli olurdu, naxışlar və bəzəklər isə gələcək gəlin tərəfindən seçilirdi.
Texniki xüsusiyyətlər
redaktə"Bağçadagüllər" xalı və gəbələri müxtəlif ölçülərdə toxunur. Xalça 140X250 ölçüsündə olur, eni 150–200 sm, uzunluğu 500–700 sm, komplektə daxil olan yanakı gəbələrin eni 100–120 sm, uzunluğu isə əsas xalının uzunluğuna müvafiq olur. Düyünlərin sıxlığı: hər 10 sm-də 40X40 düyün yeləşdirilir (hər kvadrat metrdə 160 000). Xovun uzunluğu 8–10 mm-dir. "Bağçadagüllər" xalı – gəbəsi çox mürəkkəb naxışa və toxunma texnikasına malikdir. Milli ustalar ədalətli olaraq, onu ən gözəl xalılardan biri hesab edirlər.