Bagir Xan - Wikipedia
Bağır xan (1862, Təbriz – 1916, Kürdistan) — Səttar Xanın yaxın silahdaşı,İranda Məşrutə inqilabının (1905-1911) rəhbərlərindən biri, Təbriz üsyanı (1905–1911) dövründə yaranmış Hərbi Şuranın beş üzvündən biri.
Bağır xan Salari Milli | |
---|---|
Bağır xan | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | öldürülmüşdür |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBağır xan Təbrizin Xiyaban məhəlləsində yoxsul bir ailədə anadan olmuşdur. Yoxsulluq üzündən təhsil ala bilməmiş, az bir müddət molla yanında oxumuşdur. Uşaq çağlarından atası bənna Hacı Rza ilə birlikdə inşaat-tikinti işlərində çalışmış, sonralar özü mahir usta kimi Təbrizdə bir sıra binalar tikmişdir.
Sonralar o, dövlət idarələrində maliyyə məmuru (bu çağdan onun adına "xan" sözü əlavə edilmişdir), yüzbaşı kimi vəzifələrdə çalışmışdır. Bu vəzifələrdə rastlaşdığı haqsızlıqlar, xarici dövlətlərin hökmranlığı və s. mənfi hallar onu dövlət idarələrindən uzaqlaşdırmışdır.
Siyasi fəaliyyəti
redaktəHəyatın çətinliklərini hələ gənc ikən dadmış Bağır xan tədricən mövcud istibdad quruluşu dəyişdirmək, sosial ədalətə çatmaq üçün siyasi mübarizəyə hazır bir şəxsiyyət kimi yetişmişdir. O, əhali arasında dərin nüfuzuna görə Xiyaban məhəlləsinin məsulu (ağsaqqalı) seçilmişdir. 1905-1911-ci illər Məşrutə inqilabının ilk sədaları, o cümlədən məşrutə-konstitusiya elan edilməsi (05.08.1906) Təbrizdə də eşidildikdə Bağır xan bir neçə yüz mücahiddən ibarət dəstənin başında inqilabda iştirak etmişdir. Təbrizin müdafiəsi zamanı (06.1908-25.04.1909) şəhərin strateci əhəmiyyətli böyük və izdihamlı hissəsi olan Xiyaban məhəlləsinin və bir neçə qonşu məhəllənin müdafiəsinə rəhbərlik onun ixtiyarında olmuşdur. Bağır xan Təbriz üsyanı dövründə yaranmış Hərbi Şuranın beş üzvündən biri idi. O, Təbrizin müdafiəsində oynadığı mühüm rola görə Sattar xanla yanaşı ikinci sərkərdə – "Salari milli" kimi şöhrət tapdı.
Səttar xanla şəxsi dostluq edən Bağır xan yaşca ondan böyük olsa da onun məsləhətlərini, hərbi-inqilabi zakasını çox yüksək tutmuş, onun başçılığını məmnuniyyətlə qəbul etmişdir. Səttar xan da Bağır xanın təşkilatçılıq və döyüş bacarığını yüksək qiymətləndirirdi. Hər iki sərkərdə ömürlərinin sonunda eyni taleyi yaşamışdır – 1910-cu ildə Səttar xanla Tehrana getmiş Bağır xan da paytaxtda ev dustağı kimi qaldı.
Bağır xan Birinci dünya müharibəsi başlandıqdan sonra Qum şəhərində yaradılmış Milli Müdafiə Komitəsi (1915), Kirmanşahda və Qəsri – Şirində təşkil edilmiş Milli Müvəqqəti hökumət (1916) tərəfdarlarına qoşuldu. O, Qəsri-Şirinlə Kirmanşah arasındakı bir kənddə kürd irticasıları tərəfindən öldürülmüşdür.
Güney Azərbaycanda xalq Bağır xanın xatirəsini əziz tutur. Evinin qarşısındakı məscid onun şərəfinə "Salar məscidi" adlandırılmış, xüsusilə 1945-ci ildə Güneydə milli hökumətin fəaliyyəti çağında onun yaşadığı xiyaban "Bağır xan xiyabanı" adlandırılmış, Azərbaycan Milli Məclisinin önündə onun heykəli qoyulmuşdu.