Baba Babazade Geoloq - Wikipedia
Baba-zadə Baba Qurbanqulu oğlu (25 aprel 1911, Bakı – 18 avqust 1962, Bakı) — geoloq-neftçi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1959), geologiya-minerologiya elmləri doktoru (1962), Sosialist Əməyi Qəhrəmanı (1944)[1][2][3]
Baba Babazadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 18 avqust 1962 (51 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | geoloq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | geologiya |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Həyatı
redaktəBaba Baba-zadə 25 aprel 1911-ci ildə Bakının Ramana kəndində anadan olub. O, 1923–1929-cu illərdə N.Nərimanov adına Sənaye Texnikumunu, 1934-cü ildə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Geoloji-kəşfiyyat fakültəsində təhsil alan Baba-zadə mühəndis-geoloq ixtisasına yiyələnib.[2]
Baba Baba-zadə 1949-cu ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1962-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. O, 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.[2]
Baba Baba-zadə həmçinin pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs demişdir. Onun "Buzovna-Maştağa neft yatağı və Abşeronun dərində yatan perspektiv strukturlarının axtarışı" adlı monoqrafiyası 1952-ci ildə Sankt-Peterburq şəhərində çap olunmuşdur.[2]
Alimin geoloji-kəşfiyyat və yataqların səmərəli işlənməsi üzrə 80-dən artıq elmi əsəri işıq üzü görmüşdür. Eyni zamanda monoqrafiyalar, kitablar, ayrı-ayrı məqalələr şəklində böyük elmi irs qoymuşdur. Onun rəhbərliyi altında 20-dən çox fəlsəfə doktoru hazırlanmışdır. Baba Babazadənin adı YUNESKO-nun "Dünya alimlərinin elmi irsi" siyahısına daxil edilmişdir.[2]
Əmək fəaliyyəti
redaktəBaba Baba-zadə əmək fəaliyyətinə "Əzizbəyovneft" Neft-Mədən İdarəsində "Qala" neft yatağının tədqiqilə başlayıb. Belə ki, 1936-cı ildə onun rəhbərliyi ilə qazılmış quyunun dərin qatlarından "Qala lay dəstəsi" açılmışdır. Bu kəşf əsasında neft verən quyuların həm quru və həm də dəniz yataqlarının böyük məhsuldarlığa malik ehtiyatlarla zəngin olduğu meydana çıxmışdır. 1942-ci ildə "Əzizbəyovneft Neft-Mədən İdarəsində baş geoloq işlədiyi müddətdə Buzovna-Maştağa yatağının açılmasını həyata keçirmişdir.[2]
Baba Baba-zadə 1945–1952-ci illərdə o, "Azneft" Birliyinin baş geoloqunun müavini, daha sonra baş geoloq və Birliyin rəisi vəzifələrini icra etmişdir. Geoloq-alim 1954-cü ildə Neft Sənaye Nazirliyinin baş geoloqu kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən ömrünün sonuna qədər isə "Azneft" Birliyinin baş geoloqu vəzifəsini icra etmişdir.[2]
Buzovna-Maştağa, Zirə, Kürsan, Qaradağ, Neft Daşlarının Şimal-Şərq qanadında, Palçıq pilpiləsi, Qaradağ, Kürovdağ, Mişovdağ, Qum adası və digər yerlərdə zəngin neft yataqlarının kəşfi onun adı ilə bağlıdır. Bundan əlavə o, dənizdə və quruda neft hasil edən yeni bazaların yaradılmasında da fəal iştirak edib ki, bu da Azərbaycanda qaz sənayesinin təməlinin qoyulmasına əsaslı təkan verib.[2]
Baba Baba-zadə həm də neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı işlərində yeni metodların yaradıcılarındandır. Müxtəlif torpaq suxurlarında neft və qaz yataqlarının yerləşməsinin qanunauyğunluqları barədə B.Baba-zadənin elmi əsərlərində geniş bilgilər toplanıb. Məhz bu ideyalar bütün Sovet İttifaqının neft rayonlarında düzgün geoloji kəşfiyyat işlərinin aparılması istiqamətində nəzəri baza rolunu oynayıb.
Mükafatları
redaktə1944-cü ildə SSRİ və Azərbaycan neftçiləri arasında ilk dəfə olaraq B.Baba-zadəyə Sosialist Əməyi Qəhrəmanı birinci dərəcəli Stalin Mükafatı, Lenin Mükafatı və üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni verilmişdir. Habelə 1941–1945-ci illər Böyük Vətən müharibəsində "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə" medalları və Fəxri fərmanlarla təltif olunmuşdur.[2]
İstinadlar
redaktə- ↑ "Баба-Заде Баба Курбан Кули оглы". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
- ↑ 1 2 3 4 5 6 7 8 9 "Babazadə Baba Qurbanqulu oğlu" (Azərbaycan). science.gov.az. 23-9-2021 tarixində arxivləşdirilib.
- ↑ Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Социалистического Труда работникам нефтяной промышленности" от 24 января 1944 года Arxivləşdirilib 2022-01-13 at the Wayback Machine // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 3 февраля (№ 6 (266)). — С. 1