Babagil Turbesi - Wikipedia
Babagil türbəsi — Azərbaycanın Lerik rayonunda dini-tarixi memarlıq abidəsi.
Babagil türbəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Lerik |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 4789 |
Kateqoriya | türbə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Babagil türbəsi Lənkəran-Lerik yolunun 40-cı kilometrliyində, çayın sağ sahilindədir. Burada onlarca qədim palistik sənətkarlıq nümunələri qeydə alınmışdır.
Qədim qəbristanlıqda məqbərə ucalır. Məqbərəni daş qoç fıqurları, günbəz və günəş şəkilli başdaşları dövrəyə alır. Başdaşları dörd cürdür. Bir qismində çevrə içərisində günəşin təsviri verilmişdir. İkinci növ başdaşlarında ox, əmud, xəncər təsvir olunmuşdur. Bu alətlər qəbirlərdə dəfn olunanların iş və əməllərindən xəbər verir. Üçüncü növ daşlarda daraq şəklinin təsviri vardır. Bu da qəbirlərdə qadınların dəfn olunduğu ehtimalını yaradır. Dördüncü cür qəbirlər dini şəxsiyyətlərindir.
Tarixi qaynaqlardan bəlli olur ki, Babagil tayfa ağsaqqalı, çox nüfuzlu şəxs olmuş, Kəslərdən köçərək Astaranın Asnaqaran (Osnakəran) kəndində məskunlaşmışdır.
Tarixçi Tağı Musəvinin 1965-ci ildə nəşr edilmiş "Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər" kitabında qeyd olunur ki, Babagilin əsl adı Nizaməddin Əmirə Şahsevər Gilanı Kəskəridir. O, I Təhmasibin dövründə yaşamışdır. Əbdül Fəttah Fumanın "Tarixi Gilan" adlı əsərində Əmirə Şahsevərin 1578-ci ildə Biyəpuş qoşunu ilə vuruşma zamanı öldürüldüyü qeyd edilir. T.Musəvinin fıkrincə, "Babagil" sözünün mənası "Gilanlı baba" deməkdir. Sənətşünaslıq elmləri doktoru Nəsir Rzayev "Əsrlərin səsi" (1974) kitabında Babagil sözünü belə izah edir: "Babagil-babaların torpağı, babaların yaşadığı yer deməkdir".
Bəzi mənbələrə görə "Babagil" sözü belə yaranmışdır: Babagil öz yeddi qardaşı - Baba Məhəmməd, Baba Həsən, Baba Davud, Baba Peyda, Pir Baba, Baba İsa, Baba Rəhman və tayfası ilə birlikdə Babagil adlandırılmışdır. "Baba" sözü "gil" cəm şəkilçisi qəbul edərək bu ifadəni əmələ gətirmişdir. Buna görə də yeddi qardaşa və tayfasına xitabən onların başçısının adı ilə Babagil deyərmişlər.
Sənətşünas N.Rzayev yazır: "Bu qədim qəbristanlıqda babalar dəfn edilmiş və onların günəş ayinliyi ilə yaxınlığını qəbir daşlarına həkk edilmiş günəş təsvirləri sübut edir. Qəbristanlıqda Babagil adlı müqəddəs şəxs dəfn edildiyi üçün bu qəbristanlıq müqəddəs yer hesab edilir. Əslində isə, bunun səbəbi daha qədim ənənələrin indiyə kimi qorunub-saxlanılmasıdır. O ənənə qədim babalara, onların ayininə olan hörmət və pərəstişkarlıqdan ibarətdir".
Ehtimala görə, burada XII-XV əsrlərdə böyük tikinti kompleksi olmuşdur. Bunlar əsasən xatirə-türbələrindən ibarət imiş. Türbələr digər tarixi abidələrə xas olan bütün keyfiyyətləri özlərində birləşdirir. Məqbərələr ətrafında məscid, xanagah, ziyarətxana yaradılaraq kompleksə çevrildi. Təəssüf ki, bu abidələr zaman keçdikcə dağılmış, yalnız izləri qalmışdır.
Babagil haqqında müxtəlif zamanların tarixçiləri və təzkirəçiləri öz əsərlərində məlumat vermişlər. Bu məlumatlar Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun arxivində 6 sənəd toplusunda saxlanılır. Sənədlər orta əsr Azərbaycan tarixinin və sənətkarlığının öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
2002-ci ildə Babagil türbəsində bərpa işləri aparılmış, burada Şərq üslubunda məqbərə ucaldılmış, ziyarətgaha 2 km. məsafədən bulaq suyu çəkilmişdir. Türbənin bir hektara yaxın sahəsi ağ daşdan hasara alınmışdır.