Bahariyye - Wikipedia
Bahariyyə — klassik Şərq ədəbiyyatında baharı təsvir edən lirik şeirlər, yaxud böyük bir poemanın baharı əks etdirən hissəsi.
Bahariyyə qəzəl, qəsidə, məsnəvi formasında və başqa şəkillərdə də ola bilər.
Bahariyyələr həm də ozan-aşıq yaradıcılığında geniş yer tutur. Ustad aşıqların əksəriyyəti yazın gözəlliklərini vəsf edən incə ruhlu bahariyyə düzüb-qoşmuşlar.[1]
XVI əsr Azərbaycan şairi Şah İsmayıl Xətainin "Dəhnamə" əsərinin başlanğıcındakı 62 beytdən ibarət bahariyyəsi məşhurdur:
Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü və laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
Yer geydi qəbayi-xizar puşan,
Cümlə dilə gəldi ləbxamuşan.
Sərvin yenə tutdu damənin su,
Sərv üstə oxudu faxtə fu-fu.
Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.
Bülbül oxudu süfati-hicran,
Dəryada dür oldu əbri-neysan.
Durna uçuban həvayə düşdü,
Laçın oluban ovayə düşdü.
Alma ağacı dibindən sayə,
Tən eylər idi buluda, ayə…
Yaşın yerə tökdü əbri-neysan.
Bülbüllər oxudu sədhəzaran.
Mey bəslədi jalə hər vərəqdə,
Turac kitab oxur təbəqdə.
Qum-qum der idi ağacda qumri,
Məst oldu bənəvşə içdi xəmri.
Şax üstə qabaqlar aslı halı,
Qu gərdənidən verir misalı.
Quş beççələri ünü yuvadən,
Məktəb ünü tək gəlir həvadən.
Boyandı zəmin həzar rəngə,
Övraqi-şəcər də təngə-təngə.
Neylufər açıldı suya girdi,
Pirahənini başına bürdi.
Çinar əlini çü rəqsə açdı,
Gül xürdə zərin şəbaşə saçdı.
Çaylar bulandı, yıxdı arxı,
Bağlar ağacı göyərtdi şaxı.
Gilas ağacı dibində mahim,
Çün mah idi dərmiyani-əncüm.
Yüz dürlü qəba geyib çəmənlər,
Ağ donunu geydi yasəmənlər.
Sirab gülünün üzündə ati,
Nərgis oturar başında xabi,
Hər qönçədə vərdi-ərğavani,
Qumru fəridən verir nişani.
Ta çalmaya dan yeli tapança,
Üzünə niqabin örtdü qönçə.
Yaşıl çəmən üstdə jalə çin-çin,
Əxzər fələk üstə rəşki-Pərvin.
Sərv etdi çəməndə sərfərazi,
Gül cilvələnir başında nazi,
Çıxmış budaq üstə əndəlibi,
Mənbərdə oxur çəmən xətibi.
Cular axıdır çəməndə hər su,
Hərkis gülünün gözündə uyxu.
Lalə oturur başında tacı,
Heç sərvərə yoxdur ehtiyacı.
Sünbül daramış saçın, bəşanə,
Ənbər qoxusun qılır fəşanə.
Cular axadır kənari-bağdan,
Su içməyə ahu gəldi dağdan.
Lalə gecələr yaxub çırağı,
Aşıq cigərinə çəkdi dağı.
Nazilə bəzəndi bağ çərvi,
Sancıb başına dümi-təzərvi.
Güllər vərəqinə doldu şəbnəm,
Çün birgahi-hovzi-abi-zəmzəm.
Al ilə yaşıl geyindi bağlar,
Ağ ləçəyi sərpə saldı dağlar.
Susən qılınc aldı, bid xəncər,
Eyş etməyənin gözünə sancar.
Sayrar ağac üstə yüz sığırçın,
Ahəng tutar ona göyərçin.
Əsməkdə nəsimi-ənbər-əfşan
Yarpağı qılır budaqda lərzan.
Ötgün quşu köçdü, qıldı pərvaz,
Durnavü üqab, ququra, qaz.
Murçinü cücəvü nərgə sona,
Yaydı qanadın ki, gölə qona.
Kəklik gülər idi dağda qah-qah,
Bayquşlar oxurdu "li məallah".
Sərv öz ayağını sayə salmış,
Zillü saçını həmsayə salmış.
Novruz gülünün açıq dəhanı,
Mürğ onda oxur həzar zəbanı.
Dağlar tülədi buraxdı yalı,
Kişnər çalağan qulun misalı.
Quzuladı qoyun, töküldü döllər,
Yaylaq həvəsini qıldı ellər.
Düşmən qanı tək qızardı hər su,
Ötgün saraya yeridi ahu.
Bir-birini qovur keyiklər,
Bala dölümü qılır peyiklər.
Durmuş çəmən üzrə sərv ayağa,
Qılmağda tamaşa sola-sağa.
Gül düxtərinin əzasi yetmiş,
Gülgün davağın başına örtmüş.
Ahu doyurub quzu uyutdu,
Oğurlanıb özü ota getdi.
Səhraya buraxdı nafə ahu,
Xaki-siyah oldu mişki-xoşbu.
Durna uçub ün çəkər havadə,
Gedər ünü qırx ağac ziyadə.
Bağrıqaranın qaraldı bağrı,
Şahlar ona varanda doğru,
Quşlar yuvadan uçurdu bala,
Ahu yenə süd verər qərala.
Çıxdı günəşə yer əjdahası,
Buynuzunu saldı dağ buğası.
Hər bir çiçək üstə qondu zənbur,
Düşürməyə çıxdı danəsin mur.
Hər şey günəşə qurutdu yaşın,
Qövsi-quzeh açdı tər qumaşın.
Yarpaqlar ağaclar üzrə lərzan,
Kimisi çü tir, kimisi peykan.
Şəh tuti oxur şəkər kəlamın,
Qənd ilə pür etdi bəndü damın,
Döndü vətəninə cümlə quşlar,
Gəldi yuvasına qırlaquşlar.
Şah İsmayıl Xətainin şeirləri daxil edilmiş "Dəhnamə"nin "Bahariyyə" hissəsində faxtə (qumru, çöl göyərçini), durna, laçın, bülbül, turrac, qumru, qu, üqab (qaraquş, qartal), qurqura, qaz, kəklik, bayquş, sığırçın, ötkün quşu, gögərçin (göyərçin), şahbaz, sərçə, tuti kimi quş adları çəkilir.
"Bahariyyə"də adı çəkilən bitki adları da həmçinin onun təbiəti sevməsinin ifadəsi kimi qəbul edilə bilər. O, burada təbiəti Bahariyyə Şah İsmayıl Xətainin fəlsəfə (bu sözə şerlərində bir dəfə rast gəlinir), astronomiya, riyaziyyat, musiqi, ədəbiyyatşünaslıq kimi elmləri dərindən yiyələndiyini sübut edir. Şeir üzərində müşahidələr əsərin məzmunu barədə aydın təsəvvür yaradır.
İstinadlar
redaktə- ↑ Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |