Bahile Qalasi Ugrunda Doyus - Wikipedia
Bahilə qalası uğrunda döyüş — Qəsr əl-Bahili qalasında Əməvilər xilafəti ilə Türgiş xaqanlığı arasında baş vermiş döyüş. Döyüş nəticəsində türk qoşunları Xorasan vilayətinin Əməvi valisi tərəfindən göndərilən, Müseyib ibn Bişr ər-Riyahi başçılığı altındakı köməkçi qüvvə tərəfindən məğlub edilmiş, qaladakı ərəb qarnizonu isə Səmərqənd şəhərinə göndərilmişdir.
Bahilə qalası uğrunda döyüş | |||
---|---|---|---|
Ərəblərin Mavəraünnəhrə yürüşü | |||
| |||
Tarix | 720/721 | ||
Yeri |
|
||
Nəticəsi | ərəblərin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Bu döyüş Türgiş xaqanlığının ərəblərin bir müddət əvvəl zəbt etdiyi və on illərlə bu iki imperiya arasında döyüş meydanına çevrilmiş Mavəraünnəhrə yürüşünün birinci mərhələsi idi.[2]
Zəmin
redaktəMavəraünnəhr regionu xəlifə I Validin (hak. 705–715) hakimiyyəti dövründə, VII əsrdə İran və Xorasanın fəthindən sonra Əməvi sərkərdəsi Quteybə bin Müslüm tərəfindən ələ keçirilmişdir.[3][4] Mavəraünnəhrdə yaşayan türk və İrandilli xalqların, o cümlədən müəyyən dərəcədə muxtar olan yerli hakimlərin Əməvilərə olan sədaqəti sual altında qalmışdı. Hətta, Mavəraünnəhr hakimləri 719-cu ildə xilafətin valilərinə qarşı hərbi yardım almaq üçün Tan Çini və onların vassal dövləti olan Türgiş xaqanlığına məktub göndərmişdir.[5][6]
Ərəb valisi Əbdülrəhman bin Nüaymin məharətsizliyi vəziyyəti daha da gərginləşdirmişdir.[7] Onun davamçısı olan Səid ibn Əmr əl-Həraşi 720-ci ildə vali təyin edilmişdir, ancaq o da olduqca səriştəsiz idi. Onun vilayət haqqında çox da biliyi yox idi. Həmçinin, əl-Həraşinin qeyri-davakar təbiəti onun xorasanlılar tərəfindən "xudnanə" (mənası – nazlı) adlandırılmasına gətirib çıxarmışdır.[7][1] Əl-Həraşi Səmərqənd şəhərində bacarıqlı olan Şubə ibn Züheyr Nəhşalini özünə müavin təyin edir, ancaq yerlilərin qiyam qaldırmasından sonra o, vəzifəsindən azad edilmiş və Osman ibn Abdullah ibn Mütərrid Şixxir ilə əvəz edilmişdir. Ser Hamilton Aleksandr Rosskin Gibb qeyd edir ki, bu qərar bəlkə də "üsyançıları sakitləşdirməyə çalışmaq" üçün alınmışdı.[8][7]
Mühasirə və döyüş
redaktəƏrəb idarəçiliyin zəif olması və Mavəraünnəhr hakimlərinin Çinə edilən xahişləri Türgiş xaqanı Suluk xanın regiona yürüş təşkil etməsinə gətirib çıxarır. Ərəblər belə bir hücum cəhdini gözləmirdi.[9][10] Bağa Tarxan öndərliyindəki[11] Türgiş ordusu Qəsr əl-Bahili (Bahilə qalası) qalasını mühasirə edir. Əl-Təbəri qeyd edir ki, qalanın qarnizonu 100 ailəlik idi.[1][12] Səmərqənd şəhərindən gələcək olan köməkçi qüvvələrin qalaya gec çatmasından qorxan Qəsr əl-Bahili qarnizonu Bağa Tarxana 40 min gümüş dirhəm, eləcə də xərac ödənilənə qədər 17 əsir təklif edərək sülh əldə etmək istəyir.[12]
Səmərqəndin ərəb valisi Osman ibn Abdullah ibn Mütərrid Şixxir türgişlərin hücumundan xəbərdar olanda, Xorasanda məskunlaşmış ərəblərdən könüllü dəstək istəmişdir.[12] Xorasana köçmüş bütün ərəb tayfalarından 4 min nəfər könüllü orduya qoşulmuşdur. Buna baxmayaraq, əl-Təbəri qeyd edir ki, sərkərdə Müseyib ibn Bişr ər-Riyahi könüllülərə onların "türklərin meydanına, xaqanın meydanına" daxil olacaqlarını bildirmiş, buna görə də 1.300 könüllü ordunu tərk etmişdir. Müseyib ordusu ilə bir pərəsənk (təxminən 5–8 km) irəlilədikdən sonra əsgərlərinə yenidən xəbərdarlıq vermiş, daha min könüllü ordunu tərk etmişdir. O, daha bir pərəsənk irəlilədikdən sonra yenidən eyni şeyi etmiş, axırda 700 nəfərlik bir ordu ilə qalmışdı.[13] Müseyib Qəsr əl-Bahili qalasına doğru irəliləyərkən Kiy hakiminə rast gəlir, hansı ki, ona qalada baş verən hadisələr haqqında danışır, Bağa Tarxanın ərəblərin yürüşündən xəbər aldıqdan sonra bütün əsirləri edam etdiyini bildirir. Həmçinin, Kiy hakimi ərəblərər deyir ki, İran dehqanları Türgiş xaqanlığının tərəfinə qoşulmuşdur. Əlavə olaraq, o, ərəblərə 300 əsgər təklif edir.[14]
Müseyib qaladan iki pərəsənk uzaqlıqda ikən, ora, biri ərəb olmaqla iki atlı göndərir. Onlar qalaya yaxınlaşır və kəşfiyyatçılıq edir. türgiş ordusunun qalaya giriş-çıxışı bağlamaq üçün onu mühasirə etməsinə baxmayaraq, kəşfiyyatçılar Müseyibin yanına qayıtmazdan əvvəl qarnizon ilə əlaqə qura bilir və ərəb ordusunun gəldiyini bildirir.[15] Kəşfiyyatçılar Müseyibə vəziyyəti izah etdikdən sonra o, dərhal hərəkət etmək qərarını alır və gecə vaxtı türgiş ordusuna hücum edir. O, əsgərlərinə tapşırır ki, döyüşdən əvvəl atlarını buruntaqlasınlar və diqqətlərini meydandan qaçan əsgərlərə yox, türgiş müqavimətini qırmağa ayırsınlar.[16]
Türgiş düşərgəsindən oxun uçuş məsafəsinin iki qat uzaqlığında olan ərəblər şəfəqin açılması ilə təkbir söyləyərək hücuma başlayır. Ərəblər türgiş düşərgəsini yarıb keçir, ancaq türklər tez özlərini toparlayaraq əks-hücuma başlayır. Ərəblər öz komandirləri ətrafına yığılır, çoxları isə döyüşdən qaçır. Onlar bu zaman çoxlu itkilər verir.[17] Döyüş zamanı qalada olmuş bir şahidin dediklərinə görə, "biz bu iki ordu döyüşəndə eşitdiklərimizə, xüsusilə də əsgərlərin saldığı qışqır-bağıra, dəmirlərin toqquşmasına və atların kişnəmələrinə əsasən, düşündük ki, qiyamət günü gəlib çatıb".[18] Nəticədə, ərəblər qələbə çalır, ancaq əl-Təbərinin istinad gətirdiyi mənbələr bununla bağlı ətraflı məlumatlar vermir. Müseyib əsgərlərinə əmr verir ki, birbaşa qalaya getsinlər, qarnizonu oradan çıxarsınlar və "puldan başqa heç bir dəyərli mal götürməsinlər, eləcə də qadınlar, uşaqlar və əlillər istisna olmaqla yeriyə bilən heç kəsi özləri ilə aparmasınlar. Ərəblər çox keçməmiş Səmərqənd şəhərinə çatır. Nəticə etibarilə, qalaya çatan türgişlər orada meyitlərdən başqa heç bir şey tapmır.[19]
Nəticə
redaktəQəsr əl-Bahili qalası uğrunda döyüş regionda yaşayan ərəblər tərəfindən bayram kimi qeyd edilmiş, ancaq müsəlmanların üzləşdiyi təhlükəli vəziyyəti ön plana çıxarmışdır.[20] Bu hadisələr Əməviləri bacarıqlı bir sərkərdə olan Səid ibn Əmr əl-Həraşini Xorasan valisi təyin etməyə vadar etmişdir. Əl-Həraşi təşəbbüsü cəld şəkildə ələ keçirmiş, Səmərqənd şəhərindəki üsyançıları məğlub etmiş və əlverişli nəzarətin itirildiyi Fərqanə vadisi istisna olmaqla Quteybə dövründə fəth edilmiş torpaqları yenidən müsəlman hakimiyyəti altına almışdır.[9][21] Bununla belə, əl-Həraşinin davamçısı Müslüm ibn Səid əl-Kilabi və ordusu 724-cü ildə Fərqanə vadisini ələ keçirməyə çalışarkən Türgiş ordusu tərəfindən "Susuzluq günü"ndə məğlub edilir. Bu məğlubiyyət ərəbləri müdafiəyə meylli olmağa məcbur etmiş, növbəti illərdə əhəmiyyətli döyüşlərin baş verməməsinə baxmayaraq, ərəblərin Mavəraünnəhrdəki nəzarəti tez bir zamanda süqut etmişdir.[22][23]
Ərəb hakimiyyətinə genişmiqyaslı narazılıq 728-ci ildə Mavəraünnəhrdə ümumi üsyana səbəb olmuşdur. Türgişlərin hərbi dəstəyi ilə ərəblər bütün regionu, hətta 737-ci ildə Xorasanı belə tərk etməli olmuşdur. Mavəraünnəhrə nəzarət uğrunda rəqabət başlamışdı. Ərəblər Suluk xanın 738-ci ildə öldürülməsindən sonra Türgiş xaqanlığında baş vermiş vətəndaş müharibəsindən istifadə edən Əməvi valisi Nəsr ibn Səyyarın 739–741-ci illərdəki yürüşlərinə qədər əvvəlki mövqelərinə qayıda bilməmişdi.[2][24]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Kennedi, 2007. səh. 278
- ↑ 1 2 Deniel, 2010. səh. 457
- ↑ Blankinşip, 1994. səh. 19, 29–30
- ↑ Gibb, 1923. səh. 29–58
- ↑ Blankinşip, 1994. səh. 109–110
- ↑ Gibb, 1923. səh. 60
- ↑ 1 2 3 Gibb, 1923. səh. 61
- ↑ Pauers, 1989. səh. 150–152
- ↑ 1 2 Blankinşip, 1994. səh. 125–126
- ↑ Gibb, 1923. səh. 60–61
- ↑ Pauers, 1989. səh. 152–153
- ↑ 1 2 3 Pauers, 1989. səh. 153
- ↑ Pauers, 1989. səh. 153–154
- ↑ Pauers, 1989. səh. 154
- ↑ Pauers, 1989. səh. 154–155
- ↑ Pauers, 1989. səh. 155
- ↑ Pauers, 1989. səh. 155–156
- ↑ Pauers, 1989. səh. 158
- ↑ Pauers, 1989. səh. 156–157
- ↑ Kennedi, 2007. səh. 279
- ↑ Gibb, 1923. səh. 61–65
- ↑ Blankinşip, 1994. səh. 126–127
- ↑ Gibb, 1923. səh. 65–69
- ↑ Blankinşip, 1994. səh. 128, 176–185
Ədəbiyyat
redaktə- Blankinşip. The End of the Jihâd State: The Reign of Hishām ibn ʻAbd al-Malik and the Collapse of the Umayyads (ingilis). Albani, Nyu-York: State University of New York Press. 1994. ISBN 978-0-7914-1827-7.
- Deniel, Elton L. The Islamic East // Robinson, Çeys (redaktor). The New Cambridge History of Islam (ingilis). Volume 1: The Formation of the Islamic World, Sixth to Eleventh Centuries. Kembric: Cambridge University Press. 2010. səh. 448–505. ISBN 978-0-521-83823-8.
- Gibb, Hamilton Aleksandr Rosskin. The Arab Conquests in Central Asia (ingilis). London: The Royal Asiatic Society. 1923. OCLC 499987512.
- Kennedi, Hyu. The Great Arab Conquests: How the Spread of Islam Changed the World We Live In (ingilis). Filadelfiya, Pensilvaniya: Da Capo Press. 2007. ISBN 978-0-306-81740-3.
- Pauers, Stefan. The History of al-Ṭabarī, Volume XXIV: The Empire in Transition: The Caliphates of Sulaymān, ʿUmar, and Yazīd, A.D. 715–724/A.H. 96–105. SUNY Series in Near Eastern Studies (ingilis). Albani, Nyu-York: State University of New York Press. 1989. ISBN 978-0-7914-0072-2.