Baki Beynelxalq Dinler Ve Sivilizasiyalar Arasi Emekdasliq Merkezi - Wikipedia
Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi (rus. Бакинский международный центр межрелигиозного и межцивилизационного сотрудничества, ing. Baku International Centre for Interfaith and Inter-Civilizational Cooperation) ― dinlərarası dialoq platforması. BDSƏM-n yaradılma təşəbbüsü "İslam həmrəyliyi ili" çərçivəsində 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransında irəli sürülmüş və bu təklif tədbir iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir.
Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi | |
---|---|
| |
(BDSƏM - BCIC) | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 2017 |
Baş qərargah | Bakı, Azərbaycan |
Ünvan | Yasamal rayonu, Mirzə Fətəli küçəsi, 7. |
Rəhbərlik | |
Baş katib | Şeyxülislam Allahşükür Paşazadə |
|
|
Rəsmi saytı | bcicbaku.org/new/az/ |
Tarixi
redaktəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilmişdir.[1] Sərəncama əsaslanaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fəaliyyət planında il ərzində İslam həmrəyliyi, İslam ilə digər dinlər arasında dialoq, əməkdaşlıq və həmrəylik istiqamətlərində ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.[2] 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində yekunlaşdırıcı tədbir — "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransı keçirilmişdir.[3] Konfransda "Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi"nin yaradılması təşəbbüsü irəli sürülmüş və yekdilliklə qəbul edilmişdir. Nəticədə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində daimi əsaslarda fəaliyyət göstərən dinlərarası əməkdaşlıq mərkəzi — BDSƏM (ing. BCIC) təsis olunmuşdur. Aşağıda sadalanan müddəalar yeni yaradılan mərkəzin məqsədləri kimi müəyyən edilmişdir::
- Qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, sivilizasiyalar və dinlər arası dialoqun və bununla bağlı beynəlxalq əməkdaşlığın təşviq edilməsi;
- Dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qlobal təhdid və çağırışların qarşısının alınmasına yönəlmiş beynəlxalq təşəbbüslərin, o cümlədən 2008-ci ildən başlamış Bakı prosesinin və əlaqədar beynəlxalq tədbirlərin davam etdirilməsi;
- Din və məzhəb ayrı-seçkiliyi, ksenofobiya, terrorçuluq, aqressiv separatizm, ekstremizm, eləcə də milli, dini və etnik zəmində digər dözümsüzlük hallarına qarşı birgə mövqeyin bildirilməsi;
- Humanitar fəlakət həddində qaçqınların, məcburi köçkünlərin və miqrantların problemlərinə dair, habelə terrorçu və separatçı qruplaşmalar tərəfindən dini, mədəni və tarixi sərvətlərin, abidələrin və məbədlərin dağıdılmasına qarşı birgə mövqeyin bildirilməsi;
- Özündə humanist bəşəri dəyərləri əks etdirən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və irsinə əvəzolunmaz töhfələrinin təbliğ olunması;
- Milli, mədəni, dini irsin qorunmasında, ümumi bəşəri dəyərlərin dünyada təbliği və gələcək nəsillərə ötürülməsində dinlər və sivilizasiyalararası dialoqun, həmrəylik ideyalarının və mənəvi maarifçiliyin vacibliyinin tərənnüm edilməsi;
- Davamlı inkişafa, əmin-amanlığa, sabitlik və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrə son qoymaq naminə müvafiq bəyanatların verilməsi, beynəlxalq birliyə, dünya ictimaiyyətinə, dini liderlərə müraciətlərin və çağırışların edilməsi.[4]
BDSƏM-in idarəetmə orqanları
redaktəMərkəzin idarəetmə orqanları:
- Himayədarlar Şurası;
- Məşvərət Şurası;
- Katiblik
Himayədarlar Şurası
redaktəHimayədarlar Şurası BDSƏM-ni idarə etmək üçün dünyanın müxtəlif ölkələrində yerləşən müxtəlif dini mərkəzlərin və qurumların rəhbər şəxslərindən təşkil edilmişdir. Şura, bir qayda olaraq, təşkilatın əsas idarəedici orqanıdır.
Məşvərət Şurası
redaktəBDSƏM-nin Məşvərət Şurasının tərkibinə beynəlxalq miqyasda dinlərarası və sivilizasiyalararası dialoq prosesində fəal iştirak edən dini liderlər, nüfuzlu ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri daxildir. Məşvərət Şurası Himayədarlar Şurasının fəaliyyətinə təşkilat və məlumat dəstəyi verir və BDSƏM-nin əsas məşvərət orqanıdır.
Katiblik
redaktəKatiblik BDSƏM-nin Himayədarlar Şurasının qərarlarını həyata keçirən əsas icraedici orqanıdır. Katibliyə Baş Katib rəhbərlik edir. BDSƏM-in Baş Katibi Azərbaycan və Bütün Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam Allahşükür Paşazadədir.
Tərəfdaşlar
redaktəƏdəbiyyat
redaktəMənbə
redaktəBakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi
İstinadlar
redaktə- ↑ "2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 10 yanvar 2017". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
- ↑ "2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunmasına dair Tədbirlər Planı təsdiq edilib. Xalq qəzeti, 16.02.2017". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
- ↑ "İlham Əliyev "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransın açılış mərasimində iştirak edib. 21 dekabr 2017". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
- ↑ ""Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi" nin yaradılması". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.