Baki Meselesi - Wikipedia
Bakı məsələsi — Osmanlı imperiyası, Almaniya və Sovet Rusiyası arasında Bakı nefti uğrunda 1918-ci ilin yayında gedən diplomatik mübarizənin şərti adı.
Bakı nefti
redaktəBakı neftinə yiyələnmək uğrunda mübarizə Dördlər ittifaqı ilə Antanta dövlətləri arasındakı qarşıdurmanın əsas səbəblərindən biri idi. S.Şaumyanın başçılıq etdiyi Xalq Komissarları Sovetinin (XKS) hakimiyyəti altında olan Bakının azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran başlıca vəzifə idi. XKS-nin hərbi qüvvələri ilə Bakını əldə saxlaya bilməyəcəyini nəzərə alan Rusiya diplomatik təzyiqi gücləndirdi. Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) Berlindəki səfiri A.İoffe Almaniyaya nota verərək, Brest-Litovsk müqaviləsinin şərtlərinin pozulmasına etirazını bildirmiş və Osmanlı ordusunun Bakı istiqamətində hərəkətini dayandırmaq üçün işə qarışmasını tələb etmişdi. Müttəfiqi Osmanlı imperiyasının ona neft vəd etməsinə baxmayaraq, Almaniya bu təklifdən yararlanmaq qərarına gəldi və Sovet Rusiyasının ona neft verəcəyi təqdirdə Osmanlı ordusunun hücumunu dayandırmaq üçün işə qarışacağını bildirdi. Almaniya ilə Rusiya arasında ilkin razılıq əldə edildi.
Almaniyanın müdaxiləsi ilə Osmanlı ordusunun fəal hərbi əməliyyatları müvəqqəti dayandırılsa da, iyulun sonlarında Osmanlı - Azərbaycan hərbi qüvvələrinin Bakıya yaxınlaşması Almaniya - Rusiya danışıqlarını yenidən canlandırdı. "Bakı məsələsi" ilə bağlı Berlində və Moskvada danışıqların davam etdiyi müddətdə Bakı uğrunda hərbi əməliyyatlar kəskinləşdi. Bakı XKS-nin L.Biçeraxovun köməyindən istifadə etməsi də uğurla nəticələnmədi. "Sentrokaspi diktaturası"nın dəvəti ilə ingilis qoşunlarının Bakıya gəlməsi Antantanın Qafqazı, xüsusən də Bakını ələ keçirməsi üçün əlverişli şərait yaradırdı. Lakin Bakıya gəlmiş ingilis qoşunları Osmanlı - Azərbaycan ordusunun qarşısını almaq üçün kifayət etmədi. "Bakı məsələsi" beynəlxalq əhəmiyyət kəsb etdi. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu məsələdə qəti və prinsipial mövqe tutdu: [1]
"Necə olursa-olsun Bakını almaq, almaq və almaq lazımdır". |
Gizli saziş
redaktə1919-cu il avqustun sonlarında Almaniya Osmanlı qüvvələrinin Bakıya hücumunun dayandırılmasına bu şərtlə razılıq verdi ki, RSFSR Britaniya qüvvələrini Bakıdan çıxarsın. Üç ayadək davam edən Almaniya-Rusiya danışıqları 1918-ci il avqustun 27-də Almaniya ilə RSFSR arasında Brest-Litovsk müqaviləsinə əlavə olaraq məxfi sazişin imzalanması ilə nəticələndi. Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünə qarşı yönəlmiş bu sazişə görə, RSFSR Bakını ələ keçirdikdən sonra hər ay Bakıda çıxarılan neftin dörddə bir hissəsini Almaniyaya verməli idi. Almaniya 27 avqust sazişini müttəfiqlərindən gizlin imzalasa da, onun üstü açıldı.
İstanbulda olan Azərbaycan nümayəndələri Almaniya - Rusiya məxfi sazişinə qarşı mübarizəyə başladılar. Onlar Osmanlı dövlətinin baş naziri Tələt paşa ilə "Bakı məsələsi"ndə Almaniyanın mövqeyini, Bakının tezliklə azad edilməsinin zəruriliyini müzakirə etdilər. Azərbaycan nümayəndələri 1918-ci il sentyabrın 12-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin etiraz notasını Almaniyanın Osmanlı dövlətindəki səfirinə təqdim etdilər. Berlinə gəlmiş Tələt paşa Almaniyadan 27 avqust sazişinin təcili olaraq ləğv olunmasını tələb etdi. Sentyabrın əvvəllərində beynəlxalq vəziyyət Antantanın xeyrinə dəyişdi. Rusiyanın ingilisləri Bakıdan çıxarmaq imkanının olmadığını görən və Britaniyanın Bakıda güclənəcəyindən ehtiyat edən Almaniya "Bakı məsələsi"ndəki mövqeyindən çəkildi. Bakının ingilislərdən azad olunmasında Almaniyanın iştirak etməsi cəhdi də baş tutmadı.[1]
Bakının azad edilməsi
redaktə1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi xəbəri Tələt paşanın Berlində apardığı danışıqlara da ciddi təsir göstərdi. Tələt paşa türk hərbi hissələrinin Azərbaycanda çox qalmayacağını bildirdi. Sentyabrın 23-də Almaniya ilə Osmanlı dövləti arasında protokol imzalandı. Almaniya 1918-ci il 27 avqust sazişindən rəsmi şəkildə imtina etdi, Azərbaycanı bir dövlət kimi tanıyacağını, Bakıda tezliklə konsulluq açacağını bildirdi.
1918-ci il sentyabrın 20-də Sovet Rusiyasının xalq xarici işlər komissarlığı Osmanlı dövlətinin xarici işlər nazirinə nota verərək, Bakının türk qoşunları tərəfindən alınmasını Rusiyanın ərazisinə təcavüz kimi qiymətləndirmiş, Brest-Litovsk müqaviləsinin Osmanlı dövlətinə aid hissəsinin qüvvədən düşdüyünü bildirmişdi. Rusiya Osmanlı dövlətindən Brest-Litovsk müqaviləsində göstərilən hüdudlara çəkilməyi, tərk etdiyi əraziləri Sovet Rusiyasına verməyi, Türkiyə ordusunun Rusiyaya vurduğu ziyanı müəyyən etmək üçün beynəlxalq komissiya yaradılmasını tələb edirdi. Rusiyanın iddiaları əsassız olduğundan, Berlində aparılan Osmanlı-Rusiya danışıqları baş tutmadı. Beləliklə, "Bakı məsələsi" Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qətiyyətli və prinsipial mövqeyi, Qafqaz İslam Ordusu hissələrinin rəşadətli yürüşü və Azərbaycan diplomatiyasının uğuru sayəsində özünün ədalətli həllini tapdı. Bakının azad edilməsi ilə Cümhuriyyəti öz hakimiyyətini ölkə ərazisində bərqərar etdi. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu. [1]