Bakida Amerika Universiteti - Wikipedia
Bakıda Amerika Universiteti[2] (ing. American University in Baku) və ya qısaca BAU — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində fəaliyyət göstərmiş, özündə təhsilin amerikan modelini təcəssüm etdirən ingilisdilli[3] keçmiş qeyri-dövlət ali təhsil müəssisəsi[2] və və elmi-texniki tədqiqatlar mərkəzi[3].
Bakıda Amerika Universiteti | |
---|---|
Əsası qoyulub | 17 yanvar 1995 — 19 avqust 2000 |
Tip | qeyri-dövlət |
Şəhər | Bakı |
Ünvan | Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə.[1] |
Tarixi
redaktəUniversitet Azərbaycan Respublikasının dünya standartlarının tələblərinə uyğun ingilis dilli yüksək ixtisaslı mütəxəssislərə kəskin ehtiyacını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1995-ci il tarixli, 008 nömrəli Qərarı ilə yaradılmışdır.[2] Həmin Qərara görə ABŞ ali məktəblərinin professor-müəllim heyəti cəlb edilməklə Universitetdə tədrisin ingilis dilində aparılması məqsədəuyğun hesab edilmişdir.[2] Bundan başqa həmin Qərara əsasən aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulmuşdur:
- Universitetin binasının tikintisinin sponsorların vəsaiti hesabına maliyyələşdirilməsi;
- Azərbaycan Respublikası Beynəlxalq Bankı tərəfindən Universitetin tikintisi və inkişafı layihəsinin həyata keçirilməsi ilə bağlı investisiyalar üçün müvafiq hesabın açılması;
- Universitetin tələbə şəhərciyinin tikintisi üçün Qanlıgölün qərb sahilində 30 hektar torpaq sahəsinin ayrılması məsələsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməsi;
- Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhəri Tbilisi prospekti, 9 nömrəli ünvanda yerləşən və tikintisi başa çatdırılmamış qastroenteroloji mərkəzin Universitetə şəhər kollecinin yerləşdirilməsi üçün icarəyə verilməsinin təmin edilməsi;
- Müdafiə Nazirliyi tərəfindən Bayılda yerləşən yataqxanasının Universitetə icarəyə verilməsi;
- Səhiyyə Nazirliyi tərəfindən Universitetin ABŞ-dən gələn müəllimlərinə tibb xidmətini təmin etməsi;
- Rabitə Nazirliyi tərəfindən Universitetdə hökumət rabitəsi telefonunun və lazımi miqdarda şəhər telefonlarının qoyulmasının təmin edilməsi;
- Təhsil Nazirliyi tərəfindən normal-tədris prosesinin təmin edilməsi məqsədilə, Bakı Politexnik Texnikumu binasının bir hissəsini Universitetə icarəyə verilməsi.
19 avqust 2000-ci ildə fəaliyyəti dayandırılmışdır.[4]
Kampusu
redaktəUniversitetin tələbələri amerikan nümunəsi üzrə inşa edilmiş tələbə şəhərciyində — Kampusda yüksək səviyyəli ali təhsil almaq imkanına malik olmuşlar.[3] Bu Kampus Amerika və Avropa universitetlərinin oxşar tələbə şəhərciklərinin yaxşı ənənələrini özündə birləşdirir.[3]
Treninq Mərkəzi
redaktəUniversitetin Treninq Mərkəzi 1998-ci ilin payızında — BAU-nun yerləşdiyi şəhərciyə (Kampusa) köçməsindən sonra fəaliyyətə başlamışdır.[3] Mərkəzin fəaliyyətinin məqsədi universitet əməkdaşlarının potensialından və texniki imkanlarından istifadə etməklə Azərbaycan vətəndaşlarına müxtəlif sahələrdə biliklərini artırmaq və təkmilləşdirməkdə xidmətlər göstərməkdən ibarət olmuşdur.[3]
Treninq Mərkəzində aşağıdakı axşam dərsləri keçirilmişdir:[3]
- İngilis dili;
- Kompüter kursları;
- Biznes kursları.
Məktəbi
redaktə1998-ci il sentyabrın 1-dən Bakıda Amerika Universitetinin nəzdində xüsusi məktəb fəaliyyətə başlamışdır.[3] Bu məktəb (I–XI siniflər) gəlirsiz özəl təhsil müəssisəsi idi. Məktəbin işi Texas Beynəlxalq Təhsil Konsorsiumu tərəfindən əlaqələndirilirdi.[3]
Məktəbin 3 bölməsi vardır:[3]
- amerikan (ABŞ məktəblərinin tədris proqramları bazasında);
- azərbaycan (müasir dövlət proqramları bazasında);
- rus (müasir dövlət proqramları bazasında).
Azərbaycan və rus bölmələrində şagirdlərə ümumtəhsil proqramlarından başqa həftədə 10 saat intensiv ingilis dili, həftədə 5 saat geniş kompüter təhsili, həmçinin dolğun məzmunlu estetik təhsil proqramları tədris edilmişdir.[3]
Uşaqların Erkən İnkişaf Mərkəzi
redaktəUşaqların Erkən İnkişaf Mərkəzinin proqramı müxtəlif inkişaf səviyyəli uşaqlar üçün işlənib hazırlanmışdır:[3]
- Pre-kinderqarten (3–4 yaşında olanlar) 20 uşağa 2 müəllim;
- Kinderqarten (5 yaşında olanlar) 20 uşağa 2 müəllim;
- Pre-skul (5–6 yaşında) Uşaqların ümumi inkişafı proqramı məqsədi idi.
Mərkəzin tədris planı yalnız uşağın məhdud vərdişləri yerinə yetirməsi məşqinə yox, həm də onun intellektinin və şəxsi düşüncəsinin inkişafına istiqamətləndirilmişdir.[3]
Xarici əlaqələri
redaktəXüsusi mübadilə proqramı universitet tələbələrinə öz təhsillərini ABŞ-nin hər hansı bir ali məktəbində davam etdirmək imkanı vermişdir.[3] BAU 32 Amerika universitetini özündə birləşdirən Texas Beynəlxalq Təhsil Konsorsiumu ilə müqavilə səviyyəsində əməkdaşlıq etmişdir. Yəni Universitetin bütün təhsil proqramları xüsusi olaraq Konsorsium tərəfindən hazırlanmış və BAU-nun akademik bölməsinə bütünlüklə Konsorsium nəzarət etmişdir. Həmin proqramlar üzrə dərs deyən yüksəkixtisaslı pedaqoji-müəllim heyəti birbaşa ABŞ-dən Konsorsium tərəfindən göndərilmişdir.[3]
İstinadlar
redaktə- ↑ AMERICAN UNIVERSITY IN BAKU Arxivləşdirilib 2010-07-07 at the Wayback Machine. unesco.org (ing.)
- ↑ 1 2 3 4 "Bakı şəhərində Amerika Universitetinin yaradılması haqqında" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1995-ci il tarixli, 008 nömrəli Qərarı (az.)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 BAKIDA AMERİKA UNİVERSİTETİ [ölü keçid]. mekteb.edu.az (az.)
- ↑ "Bakıda Amerika Universitetinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 17 yanvar tarixli, 8 nömrəli qərarının qüvvədən düşməsi barədə Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2000-ci il tarixli, 145 nömrəli Qərarı. e-qanun.az (az.)
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |