Balaca Ve Karlson - Wikipedia
Balaca və Karlson | |
---|---|
(Rusca Малыш и Карлсон | |
Janr | Nağıl |
Rejissor | Boris Stepantsev |
Ssenari müəllifi | Boris Larin |
Rolları səsləndirənlər | Klara Rumyanova, Vasili Livanov |
Bəstəkar | Gennadi Qladkov |
Animatorlar | Anatoli Solin, Yuri Butırin, Renata Mirenkova |
Operator | Mixail Druyan |
Dil | Rus dili |
Ölkə | SSRİ |
Studiya | Soyuzmultfilm |
Davametmə müddəti | 19 dəqiqə, 36 saniyə. |
İl | 1968-ci il |
İlk baxış | 1968-ci il |
Məzmun
redaktəUzaq şəhərlərdən birində, adi bir küçənin ən adi bir evində Balaca adlı bir oğlan yaşayırdı. Ailəsi də adi bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adi bir oğlan idi. Axı yer üzündə o qədər yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ancaq Balaca öz adiliyi ilə razılaşmırdı. O deyirdi:
– Mən adi olmaq istəmirəm.
Bir gün Balaca evdə tək idi. Pəncərənin qarşısında dayanıb küçəyə baxırdı. Birdən qulağına vızıltı səsi gəldi. Səs get-gedə güclənirdi. Çox keçmədi, Balaca pəncərənin qarşısında alçaqboy, kök bir kişinin uçduğunu gördü. O, havada bir neçə dövrə vurdu, sonra düz Balaca ilə üzbəüz, havada dayandı və soruşdu:
– Olar, bura qonum?
– Əlbəttə, olar, – deyə Balaca cavab verdi.
Uçan kişi pəncərənin ağzına qondu.
– Sənin adın nədir? – deyə o, Balacadan soruşdu.
– Balaca.
– Mənim də adım Karlsondur. Mən bu evin damında yaşayıram.
Balaca Karlsonu öz otağına dəvət etdi. Ona oyuncaqlarını göstərdi. Karlsonun qarnında düymə vardı. Düyməni basan kimi belindəki balaca mühərrik işə düşür, pərləri fırladır və Karlson uçmağa başlayırdı. Lap vertolyot kimi.
Karlson otaqda sağa-sola uçaraq hər şeyi bir-birinə qatdı, kitabları, oyuncaqları yerə dağıtdı. Hələ üstəlik, Balacanın karandaşları ilə divarları yazdı. Əlbəttə, buna görə anası Balacanı danlayacaqdı. Amma Balaca düşünürdü ki, Karlsonun qeyri-adiliyi ilə müqayisədə bütün bunlar boş şeydir.
Nəhayət, Karlson yoruldu. O, nəzakətlə Balacaya müraciət etdi:
– Mən çox üzr istəyirəm, sizdə yeməyə bir şey tapılmaz? Deyəsən, acmışam.
Balaca mətbəxə gedib kotlet gətirdi. Karlson kotleti yeyib dedi:
– Çox dadlıdır! Amma əlbəttə ki, dünyanın ən dadlı kotletini damda yaşayan Karlson bişirir!
Hiss olunurdu ki, Karlson lovğanın biridir. Amma Balaca düşünürdü ki, Karlsonun lovğalanmağa haqqı var. Axı o, qeyri-adidir. Dünyada uça bilən kişi, yəqin ki, o qədər də çox deyil.
Karlson özünün başqa qabiliyyətlərindən də danışıb yoruldu və dedi:
– Artıq mən evimə getməliyəm, Balaca! Amma qayıdacağam ha. Söz verirəm ki, tezliklə sən də mənimlə bərabər uçacaqsan.
Bunu deyib Karlson qarnındakı düyməni basdı. Mühərrik işə düşdü. O, Balaca ilə sağollaşıb pəncərədən çölə uçdu.
Axşam anası Balacanın dağılmış otağını, rənglənmiş divarları görəndə hirsləndi. Balaca inandırmağa çalışdı ki, bu, damda yaşayan Karlsonun işidir. Amma ana inanmadı. Dedi ki, Balaca öz günahlarına haqq qazandırmaq üçün yalan uydurur.
“Eybi yox, – Balaca öz-özünə dedi. – Mən onlara Karlsonu göstərərəm, onda bilərlər ki, Balaca heç nəyi uydurmur”.
Sonra isə oturub Karlsonun yolunu gözləməyə başladı. İndi Balaca əmin idi ki, o, adi oğlan deyil, çünki onun gonbul Karlson kimi qeyri-adi dostu var idi. O çox xoşbəxt idi
Xarici keçidlər
redaktəBalaca və Karlson Azərbaycan dilində izlə Arxivləşdirilib 2017-06-30 at the Wayback Machine