Basqal Qalasi - Wikipedia
Basqal qalası — Azərbaycanda Basqal qəsəbəsində yerləşən orta əsrlərə aid olduğu ehtimal olunan qala. Ərazisinə və qala divarlarının uzunluğuna görə Azərbaycan ərazisində aşkarlanmış ən böyük qala sayılır.
Basqal qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Basqal |
Tikilmə tarixi | Orta əsrlər |
Uzunluğu | 3500 metr |
Sahəsi | 35-40 hektar |
Material | yonulmuş qaya daşları |
2019-cu ilin oktyabr ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Basqal arxeoloji ekspedisiyası tərəfindən ərazidə qazıntılar aparılıb. Burada qala divarları, daş döşənmiş səki, kürəbənd, qala bürcləri və qalanın Qərb qapısı aşkar edilib.
Haqqında
redaktə"Basqal" toponimi haqqında müxtəlif fikirlər mövcuddur. Akademik Ziya Bünyadovun fikrincə "Basqal" toponimi türk sözüdür və "qala başı", "qala qur", "qala yarat", "qala ucalt", "baş qala" mənasını ifadə edir.[1][2] Bəzi tədqiqatçılara görə isə "Basqal" toponiminin "Pəsqala" (yəni, "gizli qala") sözündən əmələ gəldiyini yazırlar.[1] Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri müasir dövrə qədər qalmaqdadır. Bu divarların XIV əsrdə tikildiyi güman edilir. Bundan başqa Basqalın cənub qərbində "Qalalar" adlı ərazi də var.[3]
1960-cı illərdə "Qalalar" adlanan ərazidə kəşfiyyat işləri aparan arxeoloq Fazil Osmanov hesabatlarında burada tapılan nümunələrin xronoloji baxımdan antik və erkən orta əsrlərə aid olduğunu qeyd edib.[4] 1970-ci illərdə ərazi 70–80 santimetr dərinliyində şumlanıb və burada üzüm bağı salınıb. Müxtəlif vaxtlarda təsərrüfat işləri görüləndə ərazidən bəzi maddi mədəniyyət nümunələri, o cümlədən saxsı qablar və sikkələr aşkar olunub.[4][5] 1989-cu ildə Basqal ərazisində Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.[6] Qoruğun ərazisində Basqal qalası, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, Basqal hamamı kimi tarixi abidələr və tarixi mülklər qorunur.[6]
Arxeoloji qazıntılar
redaktəAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 oktyabr tarixli "Basqal Dövlət Tarixi Mədəniyyət Qoruğu haqqında" Sərəncamına əsasən[7] Dövlət Turizm Agentliyinin sifarişi əsasında 2019-cu ilin oktyabr ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Basqal arxeoloji ekspedisiyası tərəfindən ilkin arxeoloji tədqiqatlara başlanılıb.[5][8] Əvvəlcə 7 yerdə kəşfiyyat qazıntısı aparılıb. Ərazinin cənub-qərb tərəfində uzunluğu 25 metr, qalınlığı 1,7 metr, salamat qalmış hissədə hündürlüyü 2 metrdən artıq olan qala divarı aşkarlanıb.[9] Qala divarı qismən yonulmuş qaya daşları və palçıq məhlulundan istifadə edilməklə inşa olunub.[5] Sonra ərazinin qərb kənarları boyunca iki yerdə yoxlama qazıntısı aparılıb. Bu ərazilərdə uzunluğu 8 metr, eni-qalınlığı 1.7 metr olan qala divarı, daş döşənmiş səki, kürəbənd, qala bürcləri və qalanın qərb qapısı aşkar edilib.[4] "Qalalar" ərazisində aparılmış ilkin tədqiqatlar qalanın ərazisinin 35–40 hektar olduğunu, divarlarının ümumi uzunluğunun isə 3500 metrə yaxın olduğunu göstərir. Bu məlumatlara əsasən Basqal qalası sahəsinə görə Azərbaycan ərazisində məlum olan ən böyük qaladır.[4][5]
Abidənin qala divarlarının daxilində də 4 yerdə yoxlama qazıntısı aparılıb. Qazıntıların birində 1.5 metr dərinlikdə, 3.5 metr uzunluğu olan kürəbənd qalığı aşkarlanıb.[9] Enli və yastı daşlardan tikilən kürəbəndin altı, üstü və yanları daşla hörülüb.[4] Onun mailliyi "Qalalar" ərazisindən kənara istiqamətləndiyini göstərir.[4][9] Ehtimal olunur ki burada vaxtilə hamam yerləşib və kürəbənd hamamın çirkab sularını ərazinin qərbindəki yarğana axıdılması üçün tikilib.[4][9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Babayev, Tofiq; Şahbazov, Tahir. ""Basqal" toponiminin işığında". Xalq qəzeti. 2011-09-25. İstifadə tarixi: 2024-10-08.
- ↑ Qəniyev, Elşən. "Qədim və müasir Basqal". Azərbaycan qəzeti (az.). 2024-04-02. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-08.
- ↑ Cəbiyev, Qafar. "Azərbaycanın ən böyük qalası - Basqal qalası - Qafar Cəbiyev yazır". 525-ci qəzet. 2023-12-08. 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-08.
- ↑ 1 2 3 4 5 6 7 Cəbiyev, Qafar. "Azərbaycanın ən böyük qalası: Basqal". Respublika qəzeti. 2024-01-08. İstifadə tarixi: 2024-10-08.
- ↑ 1 2 3 4 "Aparılan tədqiqatlar Basqal qalasının sahəsinə görə Azərbaycanda ən böyük qala olduğunu göstərir". science.gov.az (az.). 2023-11-21. 2023-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ 1 2 ""Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu". www.heritage.org.az (ingilis). 2024-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-08.
- ↑ ""Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-08.
- ↑ Ağayev, Adil. "Aparılan arxeoloji tədqiqatlar Basqalın tarixinə dair yeni faktları üzə çıxarıb". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2021-06-18. İstifadə tarixi: 2024-10-08.
- ↑ 1 2 3 4 Türkoğlu, Rəşad. "Aparılan tədqiqatlar Basqal qalasının sahəsinə görə Azərbaycanda ən böyük qala olduğunu göstərir". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-11-14. 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-08.