Batimetrik Tedqiqat - Wikipedia
Batimetriya su hövzələrinin dib relyefinin tədqiq olunmasıdır. Dünya okeanı və qapalı su hövzələri, həmçinin çay və su anbarları üzrə dib relyefinin tədqiq olunması daim aktual olub. Batimetriya termini yunancadan "dərinlik" və "ölçü" sözlərinin birləşməsindən yaranıb (bathus və metron). Topoqrafiya xəritələrində relyefin təsviri üsulu olaraq izohipslər istifadə edilirsə (horizontallar), batimetriya xəritələrində bu anlayış izobat olaraq ifadə olunur. Müasir dövrümüzdə Batimetriya tədqiqatları ilə paralel SONAR çəkilişləri də yerinə yetirilir.
Batimetriya tədqiqatları və SONAR çəkilişlərinin (Side-Scan Sonar) tətbiq sahələri
redaktə— Hidrotexniki qurğuların layihələndirilməsi və tikintisi;
— turizm sektoru (çimərlik sahələrin və istirahər zonaların salınması);
— infrastruktur layihələrinin işlənilməsi;
— sahil idarəetmə məsələləri;
— dəniz nəqliyyatı;
— neft-qaz sektoru
— alternativ enerji;
— su təchizatı;
— kənd təsərrüfatı;
— metokean tədqiqatlar və s.
Batimetriya və Sonar ölçmələri layihənin yerləşməsindən asılı olaraq sualtı zonalarda relyefin quruluşunu, layihəndirmədə mane ola biləcək obyektləri, boruların vəziyyəti və kəsişən yerləri təyin etməyə, həmçinin çıxıntıları müəyyən etməyə imkan verir. Sonar vasitəsilə hidroqrafik obyektlərin dib ərazilərinin akustik təsvirini də əldə etmək mümkündür. Çimərliklərin sualtı təhlilində Sonar daha geniş tətbiq edilir. Batimetrik ölçmələr və Sonar çəkilişləri dib dərinləşdirmə işindən əvvəl cari vəziyyəti tədqiq etməyə də xidmət edir. Sualtı obyekt təyin edildikdə onun ölçüsü hesablanır və interpretasiya olunub xəritədə qeyd edilir (uzunluq, en və hündürlük).
Kəmərin alt hissəsində boşluqlar aşkar olunduqda onların uzunluq və yerdən kəmərə qədər hündürlük göstəriciləri qeydə alınır. Bərk süxur çıxıntıları konturla çəkilir. Özüllərin sualtı batmış və sınmış hissələri, tullantı materialları tərtib olunan xəritəyə daxil edilir.[1]
SƏTƏM
redaktəBatimetriya tədqiqatları zamanı təhlükəsizlik məsələlərinə diqqət edilməsi olduqca vacibdir. Adətən batimetrik tədqiqatların aparılmasında prosedur olaraq SƏTƏM Tədbirlər Planının və Fövqəladə Hallar Planının hazırlanması nəzərdə tutulur. Risklərin qiymətləndirilməsi aparılır. Risk ehtimalları təyin olunaraq onların minimum həddə çatdırılması təmin edilir. Burada, olduqca çoxsaylı meyarlar var ki, tədqiqat aparılmamışdan əvvəl bütün faktorlar mütləq şəkildə nəzərə alınır. Bunlara əsasən aşağıdakılar daxildir:
— SƏTƏM Tədbirlər Planının və Fövqəladə Hallar Planının hazırlanması;
— Tədqiqat üzrə mövcud və ehtimal olunan risklərin qiymətləndirilməsi;
— avadanlıqların test olunması;
— naviqasiya təminatının yoxlanılması;
— fərdi mühafizə vasitələri;
— yanğınsöndürmə balonlarının yoxlanılması;
— gəmi heyətinin hazırlıq yoxlanışı;
— ilkin tibbi yardımın göstərilməsi üzrə şəxsin heyətdə yer tutması;
— IMO model təlim sertifikatlarının mövcudluğu;
Yuxarıda qeyd olunan bəndlər əməyin təhlükəsizliyi baxımdan bütün tədbirlər daxil olmaqla iş prosesinin təhlükəsizliyinə və işçilərin həyatının, sağlamlığının və səmərəliliyinin qorunmasına xidmət edir.
Batimetriya tədqiqatlarının metodologiyası
redaktəBatimetrik tədqiqatların aparılması metodları obyektlərə əsasən fərqli yanaşmaları özündə əks etdirə bilər. Batimetrik ölçmələrin aparılmasında müxtəlif metod və yanaşmalar mövcuddur. Bu əsasən ərazinin dayaz və dərin sahələrdən ibarət olmasından irəli gəlir. Bundan başqa, layihə ərazisinin sahilyanı zonada və ya dəniz hövzəsinin dərin sahələrində yerləşməsindən asılıdır.
Sahilyanı ərazilərdə batimetrik tədqiqatların aparılmasında taxeometrik planalma işləri aparmaqla dərinlik ölçmə işlərini icra etmək olar. Bu yanaşma əsasən, dayaz sahilyanı ərazilərə şamil olunur və mütləq şəkildə geodeziya istinad məntəqəsinə bağlantı edilməklə ölçmələrin geodezik təminatını yerinə yetirmək olar. Eyni zamanda, bu kimi ərazilərdə GPS baza rover sistemi ilə dərinlik ölçmələrini aparmaq mümkündür. Bu metod xüsusilə dayaz sahələrdə keçərlidir.
Dərin su hövzələrində batimetrik tədqiqatların aparılmasında hidroqrafik exolotdan istifadə olunur. Bu zaman, gəminin konfiqurasiya parametrləri nəzərə alınır və batimetrik proqram təminatında bu ölçü parametrləri daxil edilir. Əvvəlcədən qalsların yerləşmə sxemləri tərtib edilir və gəmi sxem üzrə hərəkət etməklə təkşüalı və ya çoxşüalı ölçmə metodları ilə batimetrik tədqiqatlar aparılır. Mətn verilənləri formatında alınmış dib relyefinin göstəriciləri əsasında batimetrik model qurulur. Qurulmuş batimetriya modeli əsasında dib relyefinin profillərinin qrafiki tərtibat işləri icra edilir. Qrafiki tərtibat və xəritələşdirmə işlərini coğrafi informasiya sistemləri texnologiyalarına daxil olan proqram komplekslərində də icra etmək mümkündür. Lakin, kartoqrafik məhsulların hazırlanması və modelləşdirmə işləri üçün hazır batimetriya proqramları mövcuddur. Qeyd edilməlidir ki, xüsusi batimetrik proqramlarda gəminin konfiqurasiya parametrlərinin və qalsların daxil edilməsi, həmçinin relyef göstəriciləri əsasında tədqiqat ərazisinin batimetrik modelləşdirilməsi və xəritələşdirilməsi mümkündür. Burada ən vacib mərhələ GPS naviqasiya sisteminin qurulmasıdır ki, bu da tədqiqatın geodeziya təminatına xidmət edir.[2]
Batimetrik tədqiqatların aparılmasında LIDAR texnologiyalarından da geniş istifadə olunur. LIDAR (Light Detection and Ranging) lazer çəkilişi sistemi olmaqla yerüstü və aeroçəkiliş metodlarından ibarətdir. LIDAR əsasında obyektlərin koordinatlarının və hündürlüklərinin dəqiqləşdirilməsi, həmçinin formaları haqqında dəqiq informasiyaların alınması və s. mümkün olur. Belə ki, LIDAR verilənləri daşqın zamanı obyektlərə dəymiş ziyanın müəyyən edilməsində, su basmış ərazilərin sahələrinin dəqiqləşdirilməsində və çay konturlarının ayırd edilməsində, çay yatağının 3D modelinin qurulmasında, həmçinin çayda dibdərinləşdirmə işlərinin aparılmasında və digər istiqamətlərdə geniş tətbiq olunur.[3]
İstinadlar
redaktə- ↑ "HİDROQRAFİYA XİDMƏTLƏRİ". CASPIAN GEOMATICS (az.). 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-16.
- ↑ "HİDROQRAFİK ÖLÇMƏLƏR". CASPIAN GEOMATICS (az.). 2024-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-16.
- ↑ Aliyev, Elvin. "Batimetriya". https://www.academia.edu/. 2014. 2018-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-16.