Bel Agrisi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bel ağrısı — insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir.
Bel ağrısı | |
---|---|
XBT-10 | M54.5 |
XBT-9 | 724.2 |
MedlinePlus | 007422, 007425 |
MeSH | D017116 |
Vikianbarda əlaqəli mediafayllar |
Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi:
- Kəskin BA: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları
- Yarımkəskin BA: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları
- Xronik BA: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları
- Qayıdan (residiv verən) BA: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin BA.[1]
Epidemiologiya
redaktəBel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır . İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, "ara həkimlərinə" və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itməsi baş verir. Məhdudiyyətləri 1 ildən çox olan bütün xəstələr 90% halda intensiv müalicə olmadan işləməyə qadir olmurlar .
İlkin səhiyyə müəssisələrinə kəskin BA nəticəsində müraciətin tezliyi ikinci, ortopedlərə isə birinci yerdədir. BA simptomlarının təkrar olması kifayət qədər tez-tez baş verir və il ərzində insanların təxminən 60–80%-də müşahidə olunur.
Səbəbləri
redaktəBel bir çox vacib elementləri özündə birləşdirən (sümüklər, əzələlər, bağlar və fəqərələr arasında yastıq rolunu oynayan disklər) mürəkkəb quruluşa malikdir. Beldə olan ağrılar bu elementlərin hər birindən qaynaqlana bilər. Bəzi insanlarda isə bel ağrısının hər hansi spesifik bir səbəbi tapılmır. Aşağıdakı spesifik səbəblər müəyyən edilir:
Bel ağrıları ən çox ağır yük qaldırmaq və ya yöndəmsiz sərt hərəkətlər nəticəsində əzələ və bağların dartılmasından əmələ gəlir. Bəzən isə əzələ spazmı ağrılar yarada bilər.
Struktur problemləri
redaktəBir çox hallarda bel ağrıları aşağıda göstərilən struktur problemləri nəticəsində meydana gələ bilər:
- Qabarmış və ya yırtılmış fəqərələrarası disklər. Disklər fəqərələr arasında yastıq rolunu oynayır və onları hərəkət zamanı bir birinə sürtülərək zədələnməkdən qoruyur. Bəzən, disk içərisində olan yumşaq maddə öz yerindən kənara qabarır və ya yırtılır və bununla da yaxından keçən sinirə təzyiq edir. Amma bəzi insanlarda diskin qabarması və yırtılması olsa da ağrılar olmur.
- İşialgiya. Qabarmış və ya yırtılmış fəqərələrarası disklər oturaq sinirini sıxaraq beldə, sağrı nayihəsində və aşağı ətrafın arxasında kəskin ağrı hissi yaradır.
- Artritlər. Osteoartrilər (sümük iltihabi) ən çox bud, əl, diz və beldə olan oynaqları zədələyir. Bir çox hallarda belde olan artritlər (oynaq iltihabı) onurğa beyin ətrafında olan sahəni daraldaraq ağrılara səbəb olur.
- Skelet pozğunluqları. Onurğa sütununun əyriliyində anormallıq bel ağrılarına səbəb ola bilər. Əgər onurğa sütunun təbii əyriliyi dəyişirsə bel nayihəsində bu özünü qabarma (qozbellik) və ya yana əyilmə (skalioz) kimi göstərir.
- Osteoparoz. Osteoparoz zamanı bel fəqərələri kövrək olurlar ki, bu da onlarda sinıqlar və ya çatların əmələ gəlməsinə səbəb olur.
Aşağıda bel ağrılarının az-az rast gəlinən, amma ciddi aqibəti olan patologiyalar qeyd olunur:
- Cauda equina syndromu ciddi nevroloji problemdir və bel və aşağı ətrafları innervasiya (sinir təminatı) edən sinirlərin zədələnməsi ilə əlaqədardır. Sindrom aşağı ətraflarda zəiflik, çanaq orqanlarında hərəkətsizlik, sidik ifrazi və defekasiya aktına nəzarətin itməsinə gətirib çıxarır.
- Onurğa sütünunun xərçəngi. Onurğa sütununda olan xərçəng sinirləri sıxaraq ağrı verə bilər.
- Onurğa sütununda iltihab. Əgər ağrılar hərarət, gərginlik və isti sahələrlə müşayət olunursa iltihabdan şübhələnmək lazımdır.
Risk faktorları
redaktə- Siqaret
- Köklük
- Yaş
- Qadın cinsi
- Ağır fiziki iş
- Oturaq iş
- Stresli iş
- Narahatlıq
- Depressiya
Nə zaman həkimə müraciət etməli
redaktəBeldə olan ağrılar əsasən evdə aparılan sadə müalicəvi tədbirlər nəticəsində aradan qalxır. İlkin 72 saat ərzində görülən tədbirlərin effekti meydana çıxır. Əks halda həkimə müraciət edin.
Aşağıdakı hallarda mütləq həkimə müraciət edin, çünki bel ağrıları ciddi sağlamlıq probleminə işarə edə bilər:
- Sabit və intensiv ağrılar olarsa, xüsusilə də axşamlar və uzanan zaman ağrıların azalmayaraq stabil davam etməsi
- Ağrılar bir və ya hər iki aşağı ətraf boyu hiss edilirsə, xüsusilə də ağrılar dizdən aşağı yayılırsa
- Aşağı ətraflarda zəiflik, hərəkətsizlik törədirsə
- Sidik ifrazı və defekasiya aktında çətinlik yaradırsa
- Qarında ağrı və ya pulsasiya hissi ilə müştərək davam edirsə
- Yanaşı səbəbi bilinməyən arıqlama varsa
- 50-dən sonrakı yaşınızda bel ağrısı hiss edirsinizə çalışın ağrının meydana çıxması zamanı həkimə müraciət edin
Təklif edilə bilən diaqnostik tədbirlər
redaktə- Həkimin baxışı və onun özünün apardığı testlər (sizing oturmaq, qalxmaq, yerimək, ayaqlarınızı qaldırmaq və s. kimi qabiliyyətləriniz). Belə testlər özlüyündə həkim üçün narahatlığınızın səbəbi barədə ilkin fikrə gəlməkdə və hətta bəzi ciddi səbəbləri inkar etməkdə dəyərlidir.
- Rentgen müayinəsi – həkimlər bel ağrısının səbəbini tam dəqiqləşdirməsi üçün daha çox istifadə edilən bir müayinə üsuludur. Rentgen onurğa beynində, əzələlər, sinirlər və sümüklərdə ola biləcək problemləri müəyyənləşdirmək imkanına malikdir.
- MRİ və KT onurğa beynində, əzələlər, toxumar, damarlar, vətərlər, bağlarda, sinirlər və sümüklərdə ola biləcək problemləri daha aydın təsvir etmək imkanına malikdir.
- Bəzi klinikalarda sizə elektromioqrafiya (EMQ) təklif edilə bilər. Bu imkan verir ki, sinirlərin impulslar yaratma və bu impulslara əzələlərin cavab vermə qabiliyyəti müəyyən edilir
- Yanaşı gedən hər hansı problem olarsa həkiminiz sizə digər müayinələr də təklif edə bilər
Müalicə
redaktəBel ağrılarının əksəriyyəti ev şəraitində sakitlik, sadə müalicəvi tədbirlər nəticəsində aradan qalxır. Bir neçə gün ağrıkəsicilərin qəbul edilməsi və yataq rejimi ağrıları tam aradan qaldıra bilər. Amma bunu bir neçə gündən çox etmək olmaz və həkimə müraciət etmək lazımdır.
Həkiminiz sizə qeyri-sterioid iltihabəleyhinə dərmanlar, bəzi hallarda əzələ relaksantları (boşaldıcılar) təyin edə bilər. Kəskin ağrılar zamanı narkotik ağrıkəsicilər təyin edilə bilər. Amma bütün oxşar müalicə tədbirləri həkimin nəzarəti və məsləhəti ilə aparılmalıdır.
- Bədən tərbiyəsi və bəzi fiziki müalicə növləri – işti, massaj, buz, ultrasəs, elektrik stimulyasiyası – sizing bel ağrılarınızı aradan qaldıra bilər. Bu üsulları öyrənməklə gələcəkdə özünüz hətta həkimin nəzarəti olmadan belə tədbirləri həyata keçirə bilərsiniz.
- Bel ağrısı olan bəzi insanlara cərrahi əməliyyat təklif edilə bilər. Cərrahi əməliyyat əsasən yirtılmış disklərlə bağlı olur. Əməliyyatdan sonra ağrılar, eləcə də aşağı ətrafın hərəkiliyində olan zəifliklər aradan qalxır. Aşağıdakı tip əməliyyatlar mövcuddur:
- Birləşdirmə. Bu cərrahi əməliyyat zamanı iki fəqərə bir-birinə fərqli vasitələrlə bərkidilərək birləşdirilir. Əməliyyatın çatışmayan səbəbi odur ki, birləşdirilimiş fəqərələrdə artrit təhlükəsi artır.
- Disk yerdəyişməsi. Bu üsul iki fəqərənin birləşdirilməsinə alternativ hesab olunur və iki fəqərə arasına çıxarılmış disk yerinə süni disk qoyulur.
- Diskin hissəvi çıxarılması. Əməliyyat zamanı disk bütövlükdə deyil, yalnız onun siniri sıxan hissəsi çıxarılır.
- Fəqərənin hissəvi çıxarılması. Əgər bel fəqərələrində sümük qabarması əmələ gəlirsə və onurğa beyini və ya sinirləri sıxırsa onun kiçik bir hissəsi kəsilib çıxarılır.
Profilaktika
redaktəBel ağrılarının meydana çıxmasının qarşısını çox asanlıqla almaq olar. Bunun üçün aşağıdakıları tövsiyə edərdik:
- İdman. Requlyar idman sizin belinizdə olan gücü artıra bilər və əzələ fəaliyyətini daha da yaxşılaşdıra bilər. Qaçış və üzgüçülük daha yaxşı seçimdir. Həkiminz də sizə ən yaxşı idman növünün seçilməsində dəyərli məsləhət verə bilər.
- Əzələ güçünü və hərəkiliyini artır. Qarın və bel əzələlərinin birlikdə məşq etdirilməsi bel ağrılarının profilaktikası üçün əhəmiyyətlidir. Bu iki əzələ qrupu sanki bel üçün təbii korset əmələ gətirir və onu struktur problemlərindən qoruyur.
- Siqaretin buraxılması. Siqaret çəkən insanlarda toxumalarda oksigenin miqdarı azalmış olur ki, bu da digər toxumalarla yanaşı bel toxumalarının da fəaliyyətinə mənfi təsir göstərir və onlarda əmələ gələn zədələnmənin gec sağalmasına səbəb olur.
- Çəkinizin artmasına imkan verməyin. Çəkinizin artıq olması sizin bel əzələlərini yükləmiş olur və ağrıların meydana çıxmasına səbəb olur.
- Düzgün duruş. Əgər uzun zaman ayaq üstündə durmalısınızsa ayaqlarınızın hərəkəti ilə belə düşən yükü zaman zaman azaltmağa çalışın.
- Düzgün oturuş. Elə stul və ya kreslo seçin ki, belin düzgün qövsünü saxlayacaq çıxıntısı olsun və ya belinizlə stolun arxası arasına kiçik yastıq və ya dəsmal qoyun. Oturan zaman diz və budunuzu eyni səviyyədı saxlamağa çalışın.
- Düzgün qalxın. Stuldan duran zaman imkan verin ki, ayaqlarınız çalışsin və belinizə az yük düşsün. Qalxan zaman yanlara hərəkətdən çəkinin. Əgər hər hansı bir yükü qaldıran zaman belinizə yükün çox düşdüyünü hiss edirsinizdə yükün qaldırılması üçün kömək axtarın
- Alternativ tibbi vasitələrdən istifadə edin: akupunktura, massaj və s.
İstinadlar
redaktə- ↑ "BEL NAHİYƏSİNDƏ KƏSKİN AĞRILARIN DİFERENSİAL DİAQNOSTİKASI VƏ MÜALİCƏSİ ÜZRƏ KLİNİK PROTOKOL, Bakı - 2013" (PDF). 2021-04-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-09-25.