Beynelxalq Heyvanlari Muhafize Fondu - Wikipedia
Beynəlxalq Heyvanları Mühafizə Fondu (ing. International Fund for Animal Welfare) — heyvanların mühafizəsi sahəsində ən böyük qeyri-hökumət təşkilatı. İngilis zabiti B.Deyvisin təşəbbüsü ilə 1969-cu ildə yaradılmışdır; dünyanın 15 ölkəsində nümayəndəliyi var. Fondun əsas vəzifəsi bütün dünyada vəhşi və ev heyvanlarının vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Fond dövlət strukturları və elmi təşkilatlarla qarşılıqlı əlaqədə işləyir; fəaliyyətini 2,5 mln.-dan çox insanın könüllü ianələri hesabına həyata keçirir. Mənzil-qərargahı Yarmurt şəhərində yerləşir.
Beynəlxalq Heyvanları Mühafizə Fondu IFAW, IFAW (global) ou IFAW-France (Association française) | |
---|---|
Növü | Qeyri-hökumət təşkilatı |
Yaranma tarixi | 1969 (Nyu-Brunsvik) |
Mərkəzi | Yarmut, Massaçusets |
Büdcəsi | 97,079,000 $ |
Üzvləri | 250+ |
ifaw.org |
14 ölkədə fondun şöbələri açılmışdır. Ştatda kampaniyaların keçirilməsi, hüquqi və siyasi məsələlər üzrə daim 200-dən çox mütəxəssis, hüquqi və siyasi məsələlər üzrə ekspertlər, eləcə də məşhur alimlər işləyir. Fond öz işinə Qrenlandiya suitisisinin və tüklüburun suitinin Müqəddəs Lavrentiya körfəzində (Kanada) ovlanmasına qarşı mübarizə ilə başlamışdır.
Fondun fəaliyyəti həmçinin digər vəhşi heyvanların kommersiya məqsədilə istismarından mühafizəsinə, onların təbii yaşayış mühitinin qorunub saxlanılmasına, böhran vəziyyətinə düşmüş heyvanlara kömək etməyə yönəldilmişdir. Fond diqqəti heyvanlarla amansız davranmağın yolverilməzliyinə yönəltməyə cəhd edir, heyvanların və insanın rifahı naminə canlı təbiətin saxlanılması prinsiplərinə riayət etməyə çağırır.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 515. ISBN 978-9952-441-07-9.