Bilaanlar - Wikipedia
Bilaanlar[1], bilanlar, taqalaqad (özlərini "dağlılar" adlandırırlar)[2] - Mindanao adasındakı Cənubi və Şimali Kotabato əyalətlərində, həmçinin Cənubi Davao əyalətində yaşayan Filippin dağ xalqlarından biri [3].
Sayları 100 min nəfərdir (1995), Baqobalara yaxındırlar. Bilaanlar yaşayış yerindən asılı olaraq 5 qrupa bölünürlər. Mədəniyyətlərinin bir çox elementləri maranaolar, magindanaolardan mənimsənilmişdir. Bilaanlar bilaanlar, buluanlar və baludlar qruplarına bölünürlər. Cənubi Asiya irqinə mənsubdurlar. Qonşu xalqlara nisbətən qısaboyludurlar.
Dilləri və dinləri
redaktəAvstroneziya dil ailəsinin Qərbi Avstroneziya qrupunun Filippin qruplaşmasına aid olan bulan dilində danışırlar. Dialektləri bilaan, balu və ya balud, buluan. Bilaanlar arasında hazırda dövlət dili kimi İngilis və taqal dillərindən istifadə olunur. Dindarları ənənəvi etiqadlarını saxlayırlar, bir qismi xristiandır, müsəlmanlar da var, lakin sahil xalqları arasında xristian və islam mədəniyyətinin təsiri o qədər də güclü deyildir. Bilaanların inamları ətraf mühitlə sıx şəkildə qarşılıqlı əlaqədədir, onlar Yaradanın iradəsinə hörmət edirlər, inama görə heç kim istənilən varlığı və obyekti onun razılığı olmadan məhv edə bilməz. Onlar hesab edirlər ki, yalnız kosmosu və insan ruhunu idarə edən Ali varlıq var, və o, bədəni tərk edərkən xəstəlikləri və ölümü çağırır.
Əsas məşğuliyyətləri
redaktəƏsas məşğuliyyətləri talalarda və dincə qoyulmuş torpaqlarda toxa əkinçiliyi (abaka, dənli bitkilər, şirin kartof, tərəvəz, quru dərələrdə yetişdirilən çəltik) yığıcılıq və qismən də balıqçılıqdır. Sənətkarlıq sahələri abaka liflərindən, toxuculuq, parçaların boyanması, ağac üzərində oyma, silahsazlıq və naxışlı tikmədir.
Etnoqrafik xüsusiyyətləri
redaktəYaşayış məskənləri kiçik və pərakəndə haldadır. XX əsrin ortalarınadək müvəqqəti məskənlər yayılmışdır. Bilannaların bir hissəsi 1939-cu ildə əsası qoyulmuş General Santos şəhərinə köçürülmüşdür. Evləri yortac əsaslı, birkameralı olur, ağacdan və ya bambukdan tikilir. Geyimləri XX əsrin əvvəllərinədək bel sarğıları, lifli və parça önlüklərdən ibarət idi. İndiki geyimləri müsəlman moroların və Magindanao dağ xalqlarının (manobolar, baqobolar) geyimlərinə uyğundur. Bilaanlar arasında Avropasayağı geyimlər də yayılmışdır. Kişilər silah gəzdirirlər, uzun saçlar saxlayırlar, bellərini, sinələrini, ayaqlarını tatuirovka ilə bəzəyirlər. Qadınlar metal və ağac bəzək əşyalarından (üzük, bilərzik və daraq) istifadə edirlər. Kişik monoqam ailə üstünlük təşkil edir. Nikah bilokal, yaxud neolokaldır, beşikkərtmə və gəlin üçün ödəmə mövcuddur. Nikah bağlandıqdan sonra gənclər ərin və ya gəlinin valideynlərinin yanında və ya valideynlərindən ayrı yaşaya bilərlər. Bir neçə kənd bir başçı (pulonq, datu) tərəfindən idarə olunur. Ruhların və əcdadların kultu, ölülərin ağacların başında bambuk, yaxud ağac tabutlarda dəfn olunması adəti, folklor saxlanılmışdır. Bilaanlar həmçinin bir-biri ilə vuruşan tərəflər arasındakı mübahisələri həll etmək və ayrı-ayrı şəxslərə qarşı yol verilən cinayətə görə ödənc ödəmə qaydasından geniş istifadə edirlər. Digər qonşu dağlı xalqlara nisbətən Bilaanların mədəni səviyyəsi daha yüksəkdir.
Xarici keçid
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-26.
- ↑ "Arxivlənmiş surət". 2017-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-26.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 33–34. ISBN 978-9952-441-03-1.