Bruney Ehalisi - Wikipedia
Bruney — əhalisi əsasən malayyalılardan ibarət Cənub-Şərqi Asiya ölkəsidir. Ümumən əhalisinin 87%-ni bruneylilər(o cümlədən malayyalılar – 37%, dayaklar – 26%, çinlilər – 15%, koreyalılar – 9%) təşkil edir; qalanları Malayziyadan, İndoneziyadan, Filippindən, Hindistandan gəlmələr, həmçinin ərəblər və ingilislərdir.
Bruney əhalisinin sayı daima artır (1981-ci ildə 192,8 min nəfər; 1999-ci ildə 330,7 min nəfər). Əhalinin artımı (2002-ci ildə 2,4%, 2005-ci ildə 1,9%) təbii dinamikanın və əmək qabiliyyətli əhalinin miqrasiya axınının nəticəsidir. Doğum səviyyəsi (2005-ci ildə hər 1000 nəfərə 19,0 nəfər) ölüm səviyyəsini (hər 1000 nəfərə 3,4 nəfər) xeyli üstələyir; fertillik göstəricisi 1 qadına 2,3 uşaqdır. Uşaq ölümü 1000 nəfər diri doğulan uşağa 12,6 nəfərdir. Xarici miqrasiyaların saldosu müsbətdir– hər 1000 nəfərə təqr. 3,5 miqrant (2005). Gəlmələrin əksəriyyəti Cənub-Şərqi Asiyadan və Çindəndir. Əsasən, kişilərin immiqrasiyası əhalinin cinsi strukturunda balansın xeyli pozulmasına gətirib çıxarmışdır: hər 100 qadına orta hesabla 109 kişi düşür.[1]
Əhalinin tərkibində 15 yaşınadək uşaqların xüsusi çəkisi 28,6% (2005), yaşlıların (65 yaş və ondan yuxarı) – 3,0%, əmək qabiliyyətli insanların isə 68,4% təşkil edir. Gözlənilən orta ömür müddəti 74,8 ildir (kişilərdə – 72,4, qadınlarda – 77,4). Uşaq ölümünün göstəricisi: Hər doğulan 1000 nəfərə 12,69 ölüm. Kişilər - 15,19Ş qadınlar - 10,07 (2009 ). Əhalinin orta sıxlığı 1 km²-də 73 nəfərdir (2005). Məskənlərin çoxu ölkənin içərilərində, əsas nəqliyyat yolları olan dəniz sahilində və çay dərələrində yerləşir. Əhalinin 2/3-si Bruney-Muara paytaxt distriktində (1 km²-də 440 nəfərdən çox) cəmləşmişdir. Temburonq distriktində əhali seyrəkdir (1 km²-də 8 nəfər). Ölkə əhalisinin 3/4-ü şəhərlərdə yaşayır. Şəhər əhalisi ümumi əhalinin 79%-ini təşkil edir. (2009). Şəhər əhalisinin illik təbi artımı : 2,8% -dir (2005-2010). Ən iri şəhəri Bəndar-Səri-Bəqavandır (290,1 min nəfər, 2010). Digər şəhərləri: Kuala-Belayt, Seria və Tutonqdur.[2]
İqtisadiyyatda çalışan 152 min nəfərdən (2003; təqr. 60%-i əcnəbilərdir) sənayedə təqribən 2/3-si, xidmət sahəsində 1/3-i, k.t., meşə təsərrüfatı və balıqçılıqda təqribən 3%-i çalışır. İşsizlər 5% təşkil edir. Dindarların əksəriyyəti müsəlmandır (67%-i); 13%-i buddistlər, 10%-i xristianlar və 10%-i ənənəvi dini etiqadlarını saxlayanlardır.[3]
Mənbə
redaktəBruney // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 590. ISBN 978-9952-441-03-1.
İstinadlar
redaktə- ↑ "Live births, deaths, and infant deaths, latest available year (2002 - 2016)" (PDF). 2022-09-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.
- ↑ "The World Factbook". 2007-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
- ↑ "Social indicators Please note this page is currently under revision". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.