Butanin Tarixi - Wikipedia
Butanın tarixi VII əsrdə Tibetdən buddizmin yayılması ilə sıx bağlıdır.[1]. Sonrakı bir neçə əsr ərzində Butanın münbit vadiləri Tibetdən gəlmələr tərəfindən məskunlaşmışdır. Butanda Tibet lamaları tərəfindən çox sayda monastırların əsası qoyulmuşdur.[2] Onlardan ən iriləri XVI əsrə aiddir və Tibet buddizminin bir neçə qolu ilə bağlıdır. Butan dövləti XVII əsrin əvvəllərində buddizmin müxtəlif cərəyan və məktəblərinin dünyəvi və dini hakimiyyət uğrunda mübarizəsi gedişində meydana gəlmişdir. Butanın banisi Tibet rahibi Şabdrunq Nqavant Namqyal (1594-1651) hesab olunur. O, Butanda dualist hakimiyyət sistemi yaratmış, idarəçilik üzrə səlahiyyətləri dünyəvi (deb racə) və dini (drahma racə) başçılar arasında bölüşdürmüşdür. Lamaizmin hakim drukpa karcupa məktəbinin təmsilçiləri olan Butanın sonrakı dini hökmdarlarına təbəələri Şabdrunqun inkarnasiyaları kimi sitayiş edirdilər. Monastır-qalaların (dzonqların) başçıları xeyli dərəcədə müstəqilliklərini saxlayırdılar. Tədricən Butanda hakimiyyət əyalətləri idarə edən iri feodal sərkərdələrin əlinə keçdi.
Butan | |||||
---|---|---|---|---|---|
འབྲུག་ཡུལ་ (Druk Yul) | |||||
| |||||
Himn: འབྲུག་ཙན་དན་(Druk Tzenden) |
|||||
Tarixi | |||||
• Əsası qoyulub | 17 dekabr 1907 | ||||
Paytaxt | Thimphu | ||||
İdarəetmə forması | Konstitusiya Monarxiyası | ||||
Kral | Jigme Khesar Namgyal Vanqçuk [9.XII.2006 ~ | ||||
Baş Nazir | Çerinq Tobqay [30.VII.2013 ~ | ||||
Sahəsi | Dünyada 136-cı | ||||
• Ümumi | 47000 km² | ||||
• Su sahəsi (%) | <1 | ||||
Əhalisi | |||||
• Əhali | 740 min nəfər (164-cü) | ||||
• Sıxlıq | 15 nəf./km² | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İrsi monarxiyanın qurulması
redaktə1907-ci ildə onların ən nüfuzlusu Uqyen Vanqçuk (1861-1926) ilk dünyəvi irsi monarx elan edildi [3]. 1933-cü ildə drahma racə vəzifəsi qəti olaraq ləğv edildi.
Butan ənənəvi olaraq Tibetin siyasi dairəsinə daxil idi və 1910-cu ilədək ondan vassal asılılığında qalırdı. Avropalılar Butan haqqında ilk məlumatı 1626-cı ildə Portuqaliya missionerlərindən aldılar, 1772-ci ildə ingilislər Butanla rəsmi əlaqələr qurdular.
Böyük Britaniyanın müdaxiləsi
redaktəHindistanda müstəmləkə ağalığı sistemini yaradan Böyük Britaniya, tədricən Butanı da nəzarət altına alaraq özünün protektoratına çevirdi. Hindistandakı ingilis idarəsinin Butan hakimləri ilə imzaladıqları bir sıra müqaviləyə (ən mühümləri 1841, 1865, 1910) əsasən Assam və Benqaliya ilə sərhəddəki dağ keçidləri Butandan alındı, xarici siyasətə rəhbərlik ingilislərin əlinə keçdi, Butan hakiminə isə kompensasiya kimi 1865-ci ildən hər il 50 min (1910-cu ildən 100 min) rupi həcmində maliyyə yardımı verilməsinə başlandı.
Müstəqilliyin əldə edilməsi
redaktəHindistan istiqlaliyyət qazandıqdan sonra (1947) Hindistan hökuməti Butan ilə "Dostluq haqqında müqavilə" (1949-cu il 8 avqust) bağladı. Müqaviləyə görə Butan daxili siyasətdə, o cümlədən müdafiə məsələlərində tam müstəqilliyini saxlayaraq xarici siyasətdə Hindistanın məsləhətlərinə əməl etməyə razılıq verdi. 1865-ci ildə zorla alınmış Devangiri mahalı Butana qaytarıldı, Butan hakiminə verilən maliyyə yardımı 500 min rupiyədək artırıldı. 1950-ci ildən Çin Xalq Respublikasının Butana ərazi iddiaları irəli sürməsi ilə əlaqədar ölkənin şimal sərhədi boyunca Hindistan qarnizonları yerləşdirildi.
1950-ci ildə Hindistan onu Butanla birləşdirən yollar çəkdirdi, bu da krallığın təcrid olunmasına son qoydu (avropalıların Butana gəlməsinə yalnız 1974-cü ildən icazə verildi. Hindistanın dəstəyi ilə krallığın nümayəndəlik institutlarının formalaşdırılması prosesi başladı. Kral Ciqme Dorci Vanqçukun (1927-1972) hakimiyyəti dövründə Kral məşvərətçi şurası yaradıldı, 1953-cü ildə qismən seçilən Milli məclis (Sonqdu) fəaliyyətə başladı. Butanda nizami ordu yaradıldı, quldarlıq ləğv edildi, Thimphu ölkənin daimi paytaxtı oldu. SES-in və Butanın mərkəzi rayonlarından Hindistan sərhəddinə yolun tikintisinə başlanıldı. Kral islahatları, ilk növbədə torpaq islahatı iri torpaq sahiblərinin və ruhanilərin bir hissəsinin müqaviməti ilə üzləşdi. Lakin "yuxarıdan" islahatların keçirilməsi kursu dəyişmədi. 1960-cı illərin sonlarında monastırların aldıqları torpaq rentası dövlət təminatı ilə əvəz olundu, monastırların bir qismi bağlandı, rahiblərin sayı isə ixtisar edildi. Yeni kral Ciqme Sinqay Vanqçuk (1955-ci ildə anadan olmuşdur) konstitusiyalı monarxiya institutlarının formalaşdırılmasını davam etdirdi. Əvvəllər yaradılmış Nazirlər şurası 1990-cı illərdə Sonqdu tərəfindən təyin olunmağa başlandı. 1998-ci il qanunu Sonqduya 2/3 səs çoxluğu ilə kralı hakimiyyətdən uzaqlaşdırmaq hüququ verdi. 2002-ci ildə Butanda 21 yaşına çatmış bütün şəxslər üçün ümumi seçki hüququ tətbiq edildi. 2004-cü ilin dekabrında Konstitusiya layihəsi işlənib hazırlandı. 2006-cı il dekabrın 14-də Butanın dördüncü kralı Ciqme Sinqay Vanqçuk oğlu Ciqme Khesar Namqyalın (1980-ci ildə anadan olmuşdur) xeyrinə taxtdan əl çəkdi[4].
1988-ci ildə Butan kralı hinduizm əlaməti olan etnik nepallıların nüfuzunun zəiflədilməsinə yönəldilmiş bir sıra qanunlar qəbul etdi. Bu da 1990-cı ildə ölkənin cənubunda Assam və Qərbi Benqaliyanın sol qüvvələri tərəfindən dəstəklənən bir qrup nepallının başçılığı ilə kral əleyhinə çıxışlara səbəb oldu. Çıxışlar polis tərəfindən yatırıldı. Nepal azlıqlarının hüquqlarının məhdudlaşdırılması və 1990-cı ildən sonra nepallıların bir qisminin Butandan köçməsi Nepal-Butan münasibətlərinin kəskinləşməsinə gətirib çıxardı. Hindistan və BMT-nin iştirakı ilə Nepal və Butan arasında qaçqınların (100 min nəfər) qayıtması məsələsinə dair danışıqlar nəticə vermədi. 1990-cı illərin sonlarında Butana Hindistanın şimal rayonlarından separatist təşkilatların döyüşçüləri soxuldular. 2003-cü ildə ordu onlara qarşı müvəffəqiyyətli əməliyyat keçirdi.
İstinadlar
redaktə- ↑ Fraser, Neil; Bhattacharya, Anima; Bhattacharya, Bimalendu. Geography of a Himalayan Kingdom: Bhutan. Concept Publishing. 2001. səh. 1. ISBN 978-8170228875. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
- ↑ "Background Note: Bhutan" Arxivləşdirilib 2010-10-06 at the Wayback Machine. U.S. Department of State (March 2008).
- ↑ Worden, Robert L. "Establishment of the Hereditary Monarchy, 1907". In Savada.
- ↑ Biswajyoti Das. "Bhutan's new king committed to democracy" (ingilis). Hindustan Times (со ссылкой на Reuters). 18 декабря 2006. 2012-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-27.