Cedidcilik - Wikipedia
Cədidizm və ya Cədidçilik (ərəb. جديدية "yenilikçilik", buradan tatar. Cäditçelek, başq. йәдитселек) — XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasının əsasən türk mənşəli müsəlman xalqları arasında təşəkkül tapan ictimai-siyasi və intellektual hərəkat. XIX əsrin 80-ci illərində Krım, Qazan, həmçinin Azərbaycanda, 90-cı illərdən isə orta Asiyada yayılmışdı. Əvvəllər köhnə müsəlman təhsil sistemini dəyişdirmək və müsəlman üçün Avropa təhsilinin zəruriliyi uğrunda məhdud mədəniyyətçilik hərəkatı idi. Cədidçilər, yaranan burjuaziyaya maneəçilik törədən feodalizm qalıqlarının ləğvinin zəruriliyi, islamın və dini məktəblərin məhdud islahatı, islamın milli burjuaziyanın tələblərinə uyğunlaşdırılması xeyrinə çıxış edirdilər.
Cədidizmə əks mövqedə duranların fikirləri qədimizmdə öz əksini tapır.
1905-ci il inqilabından sonra cədidçilər konstitusiyalı monarxiya, yerli özünüidarəetmə, ümumi səsvermə hüququ, demokratikləşmə ideyalarını dəstəkləyən "İttifaq-əl-müslimin" ("Müsəlman ittifaqı") partiyasının əsasını təşkil etdilər.
Müəyyən proqramı, rəhbərlik mərkəzi və nizamnaməsi olmayan cədidçilər Türkistan və Buxaradakı leqal nəşrlər ətrafında, yeni üsullu məktəblərdə, xeyriyyə cəmiyyətlərində və i.a. toplanmışdılar. Bəzən cədidçilərə demokratik ziyalılar da (Həmzə Həkimzadə Niyazi, Sədrəddin Ayni və b.) qoşulurdu, lakin onların siyasi cəhətdən Cədidizmlə yaxınlığı yox idi. Orta Asiyada Cədidizmin inkişafına 1908-ci ildə Türkiyədə baş vermiş gənc türklər inqilabı güclü təsir göstərmişdir.
1917-ci il Fevral inqilabından sonra cədidçilər millətçi partiyalarını yaratdılar (Türkistanda Şura-i islam, Buxarada və Xivədə "Gənc buxaralılar" və "Gənc xivəlilər" partiyaları). Rusiyada Oktyabr inqilabından sonrakı Vətəndaş müharibəsində cədidçilər Sovet hakimiyyəti əleyhində çıxış edir, irticaçı "Kokand muxtariyyati" ilhamçılarının sırasında olub, rus ağqvardiyaçıları və Buxara əmiri ilə əlaqə saxlayır, basmaçılar hərəkatında fəal iştirak edirdilər. Orta Asiyada Sovet hakimiyyəti qurulduqdan sonra cədidçilik aradan götürüldü.
Mənbə
redaktə- Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. - səh. 171-172.
Xarici keçidlər
redaktə- http://www.archive.gov.tatarstan.ru/magazine/go/anonymous/main/?path=mg:/numbers/2007_2/05/05_3/&searched=1 Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- http://www.bashedu.ru/encikl/ddd/djadid.htm Arxivləşdirilib 2010-11-20 at the Wayback Machine
- http://www.archive.gov.tatarstan.ru/magazine/go/anonymous/main/?path=mg:/numbers/1999_1_2/08/08_1/&searched=1 Arxivləşdirilib 2016-03-21 at the Wayback Machine